İmtahan

Buraxılış imtahanının nəticələri elan olunub

146
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər

BAKI, 28 may - Sputnik. 11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

İmtahanda iştirak etmiş şagirdlər (22 499 nəfər) DİM-in internet saytında daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 3, 4 və 7 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-31 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Məlumat üçün bildirək ki, 28 aprel tarixində keçirilmiş imtahanın nəticələri də yaxın günlərdə elan olunacaq.

146