İlk dərs günü

Birinci sinfə qəbul üzrə 40 minə yaxın müraciət olunub

40
(Yenilənib 11:35 29.04.2019)
Nazirliyin qərarı ilə 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat elektron formada aparılır

BAKI, 29 aprel — Sputnik. Aprelin 29-na (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 38 443 sorğu yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsindən (BŞBTİ) məlumat verilib.

Məlumata görə, onlardan 35 145-i ümumi təhsil məktəblərini, 3 298-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun, təxminən 80 faizinə yaxındır.

2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

40
Teqlər:
təhsil, sorğu, qəbul, sinif, məktəb
Əlaqədar
"Müəllimlərin sinifdə ləhcə ilə danışmaları yolverilməzdir"
DİM 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək
Saatlıda 9-cu sinif şagirdi yıxılaraq öldü
Beşinci sinif şagirdini döyən valideynlər haqqında cinayət işi açılıb