ELM

"Tələbələrə güzəştli kredit verilsin" və "Təhsil haqları 50 faiz azalsın" - İki təklif var

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlin açıqlaması mütəxəssislər tərəfindən birmənalı qarşılanmır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. "2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək. Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər bu gün də davam etdirilir".

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Ödənişli və ödənişsiz təhsil alan tələbələri hansı yeniliklər gözləyir - ŞƏRH

Bu barədə ötən günlərdə təhsil naziri Ceyhun Bayramov açıqlama vermişdi. Bildirmişdi ki, tələbə krediti məsələsi üzrə yaradılan işçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır: "Ümid edirəm ki, yekun layihə yaxın zamanda hökumətə təqdim ediləcək".

Tələbə kredit sistemi məsələsini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyib ki, dünya təcrübəsində olduğu kimi Azərbaycanda da belə bir məsələnin tətbiqi uzun müddətdir müzakirə olunur.

"Təhsilin inkişafı ilə bağlı müvafiq dövlət proqramlarında, Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında bu məsələlər öz əksini tapıb və bununla bağlı ilk addım da atılıb. 2016-cı ildə tələbələrə kredit verən "Maarifçi" Tələbə Kredit Fondu təsis edilib. Düzdür, Fondun dövriyyəsi o qədər də böyük deyil, amma bu təcrübə artıq Azərbaycanda var. Ümumiyyətlə, bunun üçün dövlət dəstəyi olmalıdır" - o bildirib.

Təhsil kreditinin mahiyyətindən danışan ekspert diqqətə çatdırıb ki, tələbə təhsil haqqını ödəmək üçün kredit alır və təhsilini başa vurduqdan sonra işə düzəlir: "İşləyən zaman isə yavaş-yavaş həmin krediti ödəməyə başlayır. Bu, normal prosesdir və bütün dünyada tətbiq edilir. Sadəcə, bu, əlverişli şərtlərlə olmalıdır. Burada müddət çox önəmlidir. İmkan yaradılmalıdır ki, tələbələr təhsilini başa vurduqdan sonra işə düzəldiyi andan krediti ödəməyə başlasınlar. Eyni zamanda, faiz dərəcələri aşağı olmalıdır".

E.Bağırzadənin sözlərinə görə, bu, sosial layihədir və ancaq dövlətin dəstəyi ilə həyata keçirilə bilər: "Bizdə də məlumat var ki, Təhsil Nazirliyi növbəti tədris ilindən bu istiqamətdə daha geniş addımlar atacaq. Amma bu, ilk addım deyil, bir neçə il bundan öncə "Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib, amma Fondun imkanları geniş deyil. Çox az tələbə bu təşkilatın imkanlarından yararlanır. Bütövlükdə bu, ayrıca Fond ola və dövlət buna vəsait ayıra bilər".

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
ELM
Təhsil naziri: "Tələbə təqaüdləri 20 faiz artırılacaq"

Müsahibimizin fikrincə, belə bir addımın atılması ali təhsil müəssisələrinə də dəstək deməkdir: "Bu gün ali təhsil müəssisələrinin maliyyə dayanıqlığı tələbələrin təhsil haqlarından asılıdır. Ona görə də belə bir kredit mexanizminin yaradılması həm də dövlətin ali təhsil müəssisələrinə dəstəkdir. Belə bir kredit mexanizmi olsa, tələbələr təhsil haqqının ödənişində o qədər də problem yaşamayacaqlar və universitetlər də normal fəaliyyət göstərəcək".

Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a deyib ki, hazırda ölkənin 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır: "Bunların 31 faizi ödənişli əsaslarla oxuyur. Bu, kifayət qədər böyük rəqəmdir. Nəzərə alaq ki, təhsil haqları da kifayət qədər yüksəkdir və hər kəsin təhsil haqqını ödəmək imkanı yoxdur. Son 5 ildə 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub".

"Təhsil alanlara güzəştlərin edilməsi vacibdir. Azərbaycanda işlək tələbə kredit sisteminin tətbiq edilməsi mümkün deyil. 2016-cı ildən etibarən "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən tələbələrə kreditlər verilir. Amma verilən kreditlərin sayı olduqca azdır. 164 min tələbənin 120 minə yaxını ödənişli təhsil alır və onların 230 nəfərinə kredit verilib. Bu da kifayət qədər aşağıdır" - o bildirib.

"Məsələn, ABŞ-da təhsil ödənişlidir və tələbələrin 80 faizi kreditlə təhsil alır. ABŞ-da kredit verən şirkətlər tələbəni işlə təmin edir. Tələbənin 4 ildən sonra harada işləyəcəyi dəqiqləşdirilir və bununla bağlı müqavilə imzalanır. Amma Azərbaycanda bu mexanizm yoxdur" - mütəxəssis vurğulayıb.

K.Əsədovun fikrincə, problemdən çıxış yolu kredit vermək deyil, yalnız təhsil haqlarını azaltmaqdır: "Onsuz da büdcədən universitetlərin saxlanması, əmək haqlarının ödənilməsi, təqaüdlər üçün kifayət qədər vəsait ayrılır. Təhsil haqları 50 faiz aşağı düşsə, təhsilin əlçatanlığı təmin ediləcək, hər kəs təhsil ala biləcək. Amma kreditlərin verilməsində güzəştlər olsa belə, tələbə yenə yüklənmiş olacaq".

"İlk olaraq tələbələrin işlə təminat məsələsi həll edilməli və təhsil haqlarının aşağı salınması təmin olunmalıdır. Yalnız işlə təminat olarsa, kreditin verilməsi mümkündür" - deyə o, qeyd edib.

Xəbər lenti
0