Məleykə Abbaszadə

Məleykə Abbaszadədən mühüm açıqlamalar

94
(Yenilənib 13:18 25.01.2019)
DİM rəhbəri: "Biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq"

BAKI, 25 yanvar — Sputnik. "Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Tvinninq layihəsinin bağlanış mərasimində çıxış edib. O bildirib ki, hazırkı Tvinninq layihəsi hər hansı texniki yardımın göstərilməsini nəzərdə tutmayıb.

Sədrin sözlərinə görə, bu layihə çərçivəsində məhz yuxarıda qeyd etdiyim tədbirlərin görülməsi (treninqlərin keçirilməsi, tövsiyələrin hazırlanması və s.) nəzərdə tutulub: "Bütün bu işlər dövlət qulluğu sahəsində hər hansı islahatları aparmaq üçün lazımı mühitin formalaşması, insan kapitalının inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Ona görə ki, insanlarda müvafiq bilik, bacarıq və kompetensiyalar olmasa, heç bir texniki yardımın əməli nəticəsi olmaz".

M. Abbaszadə qeyd edib ki, layihə çərçivəsində bir çox praktik nəticələr əldə edilib: "Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyasının ölkəmizdə DİM-in təşkilatçılığı ilə keçiriləcək illik 45-ci konfransı "Qiymətləndirmə və qərar qəbuletmə - fərdi və institusional həllər" adlandırılıb. Bu 2 amil – qiymətləndirmə və qərar qəbuletmə - dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir, ona görə ki, əgər hansısa özəl sahədə çalışan işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərar bütün ölkəyə tirajlanır və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisə olunmazdır".

"Bunu hər bir dövlət qulluqçusu aydın şəkildə anlamalıdır. Bu baxımdan dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin həyatda irəliləmənin əsas meyarı olması barədə cəmiyyətdə fikir formalaşdırır" - deyə M.Abbaszadə vurğulayıb.

Qeyd edib ki, bununla bağlı, dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır: "Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olmalıdır. Hazırki Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin o vaxtkı durumu və ehtiyacları nəzərə alınmış və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilmişdir. Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq".

"Fikrimcə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı. Ümidvaram ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək və bu, hazırkı layihənin məntiqi davamı olaraq daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq" - deyə DİM rəhbəri əlavə edib.

94
Teqlər:
layihə, DİM, Məleykə Abbaszadə, imtahan
Əlaqədar
Tam orta təhsil ala bilməyənlər yenidən imtahan verəcək
Magistratura imtahanlarının tarixləri bəlli oldu
Sınaq imtahanına qeydiyyat elan edilib