Orta məktəbdə dərs zamanı

Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd

10153
(Yenilənib 16:59 18.11.2018)
"Qanunvericilikdə həyata keçirilən son dəyişiklik Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində çox mühüm müsbət addımdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Son illər ərzində Azərbaycan təhsil sistemində ciddi islahatlar həyata keçirilir. Bu, təkcə kəmiyyətin artmasına xidmət etmir, eyni zamanda keyfiyyətin də yüksəldilməsi istiqamətində mühüm irəliləyişlər müşahidə olunur.

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Bir neçə gün öncə Nazirlər Kabineti tərəfindən təhsil qanunvericiliyinə müəyyən dəyişikliklər edildi. Edilən dəyişikliklər bir neçə istiqaməti əhatə edir.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında həmin dəyişiklikləri şərh edib.

K.Əsədov əvvəlcə dövlət tərəfindən özəl təhsil müəssisələrinə lisenziyaların verilməsindəki sadələşmələrin qanunvericilik aktlarında da öz əksini tapmasına münasibət bildirib: "Bu, müsbət haldır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarına görə, fəaliyyət göstərən təhsil müəssisəsi 5 ildən bir təkrar prosedurdan keçirdi. Nəticədə təhsil müəssisələri həmin il diqqəti təhsildən yayındırıb, ancaq sənədləşmə məsələlərinə ayırırdı. Bu da onların fəaliyyətində müəyyən qədər ləngimələrə gətirib çıxarırdı, tədrisdə axsamalarla nəticələnirdi. Digər tərəfdən, lisenziyaların 5 il müddətinə tətbiq edilməsi müvafiq dövlət orqanlarının özəl təhsil müəssisələrinin fəaliyyətini yoxlamasına maneə olurdu".

Ekspert qeyd edib ki, həyata keçirilən dəyişiklikdən sonra sözügedən 5 illik müddət aradan götürülür: "Yəni bundan sonra fəaliyyətində hansısa çatışmazlıq, qüsur və narazılıqlar olan özəl təhsil müəssisələrinə verilmiş lisenziyalar vaxtından əvvəl ləğv oluna bilər. Aidiyyatı dövlət orqanları 5 ildən tez də özəl təhsil müəssisəsində müvafiq yoxlamaları həyata keçirə bilər. Bu dəyişiklik, eyni zamanda müsbət fəaliyyətli təhsil ocaqlarına da geniş imkanlar açır. Belə ki, həmin təhsil müəssisələri 5 ildən bir yenidən sənədləşməyə vaxt ayırmayacaq. Bundan sonra yalnız keyfiyyətli təhsil xidməti göstərəcəklər ki, vaxtaşırı sənədləşməyə cəlb olunmasınlar".

Əsədovun sözlərinə görə, qanunvericilikdə həyata keçirilən bu dəyişiklik Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində çox mühüm müsbət addımdır.

Ekspert daha sonra qanunvericilikdəki məktəbəqədər təhsil pilləsinə qəbulla bağlı dəyişikliyə aydınlıq gətirib. Onun fikrincə, bu, müəyyən qədər çaşqınlıq yaradacaq: "2019-cu il 1 yanvardan tətbiq ediləcək dəyişikliyə görə, məktəbəqədər təhsil müəssisələrinə qəbul, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul edilirlər".

"Bu dəyişiklik, əslində, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa ziddir. Maddə 19.11.-də nəzərdə tutulur ki, Azərbaycan Respublikasında ibtidai təhsil 6 yaşdan başlanır. "Məktəbə hazırlığın təşkili" Qaydalarına görə, məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir. "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən, məktəbin I sinfinə həmən tədris ilində 6 yaşı tamam olan şəxslər qəbul edilir" – deyə Əsədov əlavə edib.

Müsahibimiz vurğulayıb ki, yeni dəyişikliyə əsasən isə, bundan sonra valideynlər istəsələr, uşaqlarını 7 yaşına qədər bağçada saxlaya biləcəklər: "Bu da 2019-cu ildən etibarən birinci siniflərdə müəyyən yaş fərqinin yaranmasına gətirib çıxaracaq".

10153
Teqlər:
Kamran Əsədov, uşaq, məktəb, təhsil
Əlaqədar
Hökumət dövlət hesabına ali təhsil alanların sayını artırmaq istəyir
Artıq çəkili uşaqların təhsil problemi də ola bilər
İlham Əliyev ali təhsillə bağlı mühüm sərəncam imzaladı
Ekspert: “Peşə təhsili almış şəxslərə tələbat çoxdur”