Bərdə rayon Elşən Məmmədov adına Samux kənd tam orta məktəbində tədris prosesi

Ucqar kəndimizdə böyük uğur: Məzunlar 100 faizlik nəticə qazanıblar

11691
(Yenilənib 22:30 03.09.2018)
Kənd məktəbinin məzunlarının hamısı yüksək balla tələbə adını qazanıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Bərdə rayon mərkəzindən xeyli aralıda yerləşən, Elşən Məmmədov adına Samux kənd tam orta məktəbi böyük uğura imza atıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, paytaxtdan xeyli uzaq olan bu təhsil ocağının builki məzunları qəbul imtahanlarında ürəkaçan nailiyyət qazanıblar.

Bərdə rayon Elşən Məmmədov adına Samux kənd tam orta məktəbi
© Sputnik / Musa Muradlı
Bərdə rayon Elşən Məmmədov adına Samux kənd tam orta məktəbi

Kənd məktəbi ali təhsil müəssisələrinə qəbul üzrə 100 faizlik nəticə əldə edib. Məktəbi bu il bitirən 11 məzundan 10-u ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adına yiyələniblər. Bir nəfər şagird isə, ümumiyyətlə, keçirilən imtahanlarda iştirak etməyib.

Kənd orta məktəbinin 11-ci sinfini bitirənlər arasında fərqlənmə attestatına layiq görülənlər də var. Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda məzun məktəblilərin 5-i 600-dən, 2-i isə 500-dən yuxarı bal toplayıb.

Bərdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov
© Sputnik / Musa Muradlı
Bərdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov

Rayonda məzunların fərəh doğuran bu nailiyyətinə həsr edilmiş tədbir təşkil olunub. Tədbirə qatılan Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov kənd məktəbinin qazandığı bu uğuru yüksək qiymətləndirib. O, rayon məktəblərindəki təhsilinin uğurundan danışaraq bildirib ki, bu il rayon üzrə 533 nəfər tələbə adını qazanıb. Onların da əksəriyyəti yüksək bal toplayaraq ali məktəblərə qəbul olublar.

Bərdə rayon Elşən Məmmədov adına Samux kənd tam orta məktəbi
© Sputnik / Musa Muradlı
Bərdə rayon Elşən Məmmədov adına Samux kənd tam orta məktəbi

Elşən Məmmədov adına Samux kənd tam orta məktəbinin direktoru Rəna Fərzəliyeva isə ən yüksək bal toplayan məzun haqqında danışıb. Qeyd edib ki, sinfin ən yüksək bal toplayan şagirdi Əmikişi Əhmədovdur. 670 bal toplayan tələbə Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub.

E. Məmmədov adına Samux Kənd Tam Orta məktəbin direktoru Rəna Fərzəliyeva
© Sputnik / Musa Muradlı
E. Məmmədov adına Samux Kənd Tam Orta məktəbin direktoru Rəna Fərzəliyeva

Kənd məktəbinin məzunları müxtəlif ali məktəbləri seçim ediblər. Tələbə adını qazanan şagirdlər Tibb Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Sənaye Universitetində, Heydər Əliyev adına Hərbi Akademiyada və Xarici Dillər Universitetində ali təhsil alacaqlar.

Qeyd edək ki, Elşən Məmmədov adına Samux Kənd Tam Orta Məktəbi 1956-cı ildən fəaliyyət göstərir. Təhsil müəssisəsində 252 şagird təhsil alır. Təlim və tədrislə məşğul olan müəllimlərin sayı isə 35 nəfərdir.

11691
Teqlər:
fərqlənmə, Elşən Məmmədov adına Samux kənd tam orta məktəbi, attestat, Bərdə rayonu, məzun, nəticə, bal, şagird
Əlaqədar
Məktəblərin rus bölmələrinə hücum: Boş yer yoxdur, müəllim də çatışmır
Lahıcda yeni məktəb binası istifadəyə verildi
Yüksək bal toplasalar da, ali məktəbə qəbul olunmayıblar - STATİSTİKA
Məktəbli formalarının qiymətləri açıqlandı
Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib – Qiymətlər qalxıb, yoxsa...?