Tələbələr

Gənclərimizin xarici ölkə sevdasının kökündə nələr varmış - Cazibə qüvvəsi

12222
(Yenilənib 16:00 01.08.2018)
Yaxud gəcnlər hansı səbəbdən ali təhsil üçün Azərbaycan universitetlərində deyil, xarici ölkələrin universitetlərini seçirlər?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Son illər Azərbaycanda orta məktəbi bitirən abituriyentlər ali təhsillərini Azərbaycan universitetlərində deyil, xarici dövlətlərin, xüsusilə Türkiyənin ali məktəblərində almağa çalışırlar. Bir hissə də Avropa və Amerika universitetlərinə üstünlük verir.

Maraqlıdır, gənclərimiz hansı səbəbdən ali təhsil üçün Azərbaycan universitetlərində deyil, xarici ölkələrin universitetlərini seçirlər? Xaricdə təhsilin nə kimi üstünlükləri olduğunu düşünürlər?

Sputnik Azərbaycan bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkədə sorğu keçirib. Sorğumuzda iştirak edənlərin cavablarını təqdim edirik:

İsmayıl Əhməd: "1993-2003 illərdə dövlət xətti ilə rəsmi olaraq xaricdə təhsil almışam. Vətənə qayıdandan sonra diplomumu Təhsil Nazirliyində 200 ABŞ dolları verərək təsdiqlədə bildim, əks halda təsdiqləmirdilər. Təhsil Nazirliyi azad təyinat deyib, məsuliyyəti üzərindən atırdı. Nazirlikdən deyirdilər ki, "Qafqaz Müsəlmanları İdarəsi sizi hara göndəribsə, onlar da sizi işlə təmin etsinlər". Məni və mənim kimi 40-dan çox tələbəni belə aldatdılar. Hətta həmin tələbələrin 90%- nin diplomu indiyə qədər təsdiqlənməyib. Xaricdə ilahiyyat fakültəsini seçməyimin səbəbi isə ölkəmizdə ilahiyyat sahəsinin məni nə o vaxt, nə də indi qane etməsidir. Xaricdə oxuyanlara qapıların açıq olmasına gəlincə, boş iddiadır. Rusiyada, Türkiyədə oxuyub gəlmiş və işsiz qalmış onlarla tələbə göstərə bilərəm".

Cabbar Məmmədov: "Xaricdə təhsil alıb gələnlərin üzlərinə iş yerlərinin qapıları açıq olur. Azərbaycanda magistr təhsili alsan belə, faydası olmur və işsiz qalırsan".

Rauf Alagözov: "Xaricdə təhsil nəzəriyyədən çox praktika üzərində qurulur deyə təhsil alan şəxs peşəkar olur və təcrübə keçməsinə ehtiyac qalmır. Bizdə isə təhsil sadəcə nəzəriyyədir deyə diplom alanların çoxu işi kağız üzərində bilir, praktikada icra edə bilmir. Bu da sonradan iş tapmaqda problem yaradır".

Kazım Kazımov: "Xaricdə təhsil almaq ən azından xarici dillərdən birini daha yaxşı öyrənməyə kömək edir. Eyni zamanda, xarici təcrübəyə sahib olmaqdır. Məsələn, mənim böyük oğlumun 10 yaşı var, 4-cü sinifdə oxuyur və ana dilindən başqa 3 dildə sərbəst danışır. Bir sözlə, xaricdə oxumağın üstün cəhətləri çoxdur. Mən Azərbaycanda 8 il təhsil sahəsində işləmişəm. Bizim müəllimlər daha çox savadlıdır, amma təhsil sistemində problem var. Sistemdə elə böyük problem fərqi var ki, o böyük fərq təhsilimizi 19-cu əsirin təhsil səviyyəsində saxlayıb".

Kənan İbrahimli: "Ən başlıca səbəb Azərbaycan universitetlərinin ali təhsil səviyyəsini verə bilməməsidir. Mən Bakıdakı türk liseylərindən birində orta təhsil almışam. Hal-hazırda İstanbul Universitetinin Maliyyə bölümündə təhsil alıram. Mənim kimi bəzi sinif yoldaşlarım da xarici ölkələrə üz tutub. İndi müqayisə edəndə görürük ki, Azərbaycanda təhsil alanlarla bizim aramızda xeyli fərq var. Azərbaycan universitetləri ən yaxşı universitetlər siyahısında yer almır və ya sonlarda yer alır. Təhsil səviyyəsi də ölkədən ölkəyə dəyişir. Türkiyə milləti, mədəniyyəti, dili bizə yaxındır. Türkiyədə də barmaqla sayılacaq yüksək səviyyədə təhsil verən universitet var. Onlardan biri də İstanbul Universitetidir.

Mən 1-ci kursu bitirməyimə baxmayaraq, bir çox akademik nailiyyətlər qazanmışam. Dünya səviyyəli professorlardan iqtisadi biliklər əldə etmişəm. İmtahan verib, Almaniyanın Bremen Universitetindən 1 illik burs qazanmışam. Orada da yüksək nəticə əldə etsəm, təhsilimin qalan hissəsini də Almaniyada davam etdirə bilərəm. Çünki yaxşı oxuyan tələbələri Almaniyada saxlayırlar, onları işlə təmin edirlər. Əgər Almaniyada təhsilimi 1 ildən artıq davam etdirməsəm, İstanbula qayıdıb, Amerika universitetləri üçün imtahan verəcəyəm. Hədəfim Amerika və Koreyada təhsil almaqdır. Azərbaycan universitetlərində isə bu imkanlar yoxdur. Orada yaxşı oxuyanda ən yaxşı halda qırmızı diplom əldə edirsən. Bundan əlavə xaricdə təhsil alanların iş tapma şansı daha yüksəkdir. İstər Azərbaycanda, istər digər dövlətlərdə".

Ruslan Əliyev: "İlk olaraq deyim ki, Azərbaycanda təhsil sistemi pulla satılan kitabdan başlayır və ancaq əzbərləməkdən ibarətdir. Mən Avstraliyada təhsil alıram. Burada təhsil praktika üzərində qurulub. Təhsil zamanı həm öyrənirsən, həm də praktika əldə edirsən. Universitet sənə iş şəraiti yaradır. Azərbaycan təhsili ilə Avstraliya təhsili arasında yerlə-göy qədər fərq var".

Rəsul Məmmədov: "Polşa universitetində təhsil alıram. Bu universiteti seçməkdə məqsədim isə burada təhsil və iş həyatı boyunca aldığım təcrübələri geri döndüyüm zaman ölkəmdə tətbiq edərək, öz təcrübələrimlə vətənimizin inkişafında paya sahib olmaqdır. Polşanı seçməkdə səbəbim isə Avropa ölkələri arasında maddi baxımdan mənə ən uyğun olan ölkə olması idi".

12222
Teqlər:
xarici ölkə, təhsil, universitet, məktəb, gənc, Türkiyə, tələbə, Azərbaycan
Əlaqədar
Nə kitablar var, nə də müəllimlər: Gürcüstanda Azərbaycan dilində təhsil batır
Təhsil naziri gözlənilən əmri verdi
Təhsil Nazirliyi sistemində ciddi problem: Vətəndaşlara çağırış edilir
Tələbələrin təhsil haqları aşağı salındı
Təhsil eksperti abituriyentləri narahat edən məsələyə toxundu
Bakıda məşhur təhsil ocaqlarından biri bağlandı