BDU-nun tələbələri

Abituriyentlər iki ciddi faktla üz-üzə: Universitetlərdə tələbə "aclığı" başlayıb

12658
(Yenilənib 16:26 18.07.2018)
Abituriyentlərin əksəriyyəti niyə Azərbaycan universitetlərində təhsil almaq istəmir?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul —Sputnik. Daha bir tədris ilinə yekun vuruldu. Təhsil Nazirliyi də tədris ilinin yekunu ilə bağlı illik hesabat verdi. Hesabatda maraqlı statistika açıqlandı. Bildirildi ki, 2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəblərə qəbul olunmaq üçün ərizə verib.

Bu göstəriciyə əsasən deyə bilərik ki, ötən illərlə müqayisədə bu il ali təhsil ocaqlarına qəbul olunmaq üçün müraciət edənlərin sayında əhəmiyyətli dərəcədə (23 588) azalma müşahidə olunur. Belə ki, 2014-2015-ci tədris ilində 97 362, 2015-2016-cı tədris ilində 93 116, 2016-2017-ci tədris ilində 89 444 nəfər ali məktəblərə ərizə vermişdi. Rəqəmlərə diqqət yetirdikdə aydın görünür ki, ali məktəblərə qəbul üçün ərizə verənlərin sayı ildən-ilə mütəmadi olaraq azalır.

Эксперт в области образования Кямран Асадов
© Sputnik / Murad Orujov
Эксперт в области образования Кямран Асадов

Sputnik Azərbaycan bu azalmanın səbəblərini araşdırmağa çalışıb. Təhsil eksperti Kamran Əsədov bildirib ki, məzunların sayı azalsa da, ali məktəblərin plan yerlərinin sayı artır: "Son 8 il ərzində birinci sinfə gedən şagirdlərin sayı artsa da, XI sinfi bitirən şagirdlərin sayı 11% azalıb. Bir neçə ilin statistikasına görə, 2010-dan 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb. 2010-cu ildə 97328 nəfər olan məzun sayı 2014-də 84878-ə, 2018-də isə 82 minə qədər düşüb".

"2015-ci ildə məzun sayı 3486 nəfər artsa da, 2016-da bu rəqəm 1212, 2018-də isə 1500 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayında özünü göstərir. Ümumiyyətlə, 2010-cu illə müqayisədə 2016-da məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib" — deyə Əsədov əlavə edib.

Ekspert onu da vurğulayıb ki, hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbul olma şansını artırır: "2018-cı ildə təklif olunan yer sayı keçən ilə nisbətən 7,5% və ya 2905 yer artıb. 2010-da qəbul planı 30510, 2011-də 31419, 2012-də 34098, 2013-də 36537, 2014-də 37841, 2015-də 38831, 2016-da 41736 olub. 2018-ci ildə isə, artıq 45 min yer olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin şansını çoxaldır".

K.Əsədov bu şəraitdə abituriyent sayının azalmasının səbəblərinə də aydınlıq gətirib: "Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ərizə verənlərin sayının azalmasının əsas səbəbi DİM tərəfindən keçirilən imtahanların qiymətinin baha olmasıdır. Digər səbəbləri ölkədə fəaliyyət göstərən universitetlərdə təhsil haqqı məbləğinin yüksək, təhsilin keyfiyyətinin isə aşağı səviyyədə olmasıdır. Buna görə də məzunların əksəriyyəti xarici ölkələrdə təhsil almağa çalışır".

Təhsil eksperti Məlahət Mürşüdlü də bu məsələnin ciddi araşdırılmalı olduğunu düşünür: "Azərbaycan universitetlərinin 85 faizində təhsil ödənişlidir. Ona görə abituriyentlər arasında araşdırma aparılmalı, sorğular keçirilməlidir ki, problemin kökü tapılsın. Abituriyentlərin Azərbaycan universitetlərinə hansı səbəbdən maraqlarının olmadığı öyrənilsin".

Məlahət Mürşüdlü
© Sputnik / Murad Orujov
Məlahət Mürşüdlü

Xanım ekspert müşahidələri nəticəsində o qənaətə gəlib ki, bəzi ailələrin Azərbaycan universitetlərini seçməməsinin səbəblərindən biri təhsil haqqının yüksək olmasıdır: "İkinci məsələ isə, Azərbaycanda ali məktəbə qəbul olmağın çətinliyidir. Ona görə də abituriyentlər xarici ölkələrə, xüsusilə Türkiyə universitetlərinə üz tuturlar. Orada qəbul çox asandır, oxumaq isə xeyli çətindir. Bizdə isə qəbul çətindir, oxumaq asan. Təhsil Nazirliyi bu məsələni araşdırmalı və problemin həlli yolunda müəyyən addımlar atmalıdır".

Təhsil ekspertlərinin məsələ ilə bağlı düşüncələrini soruşduqdan sonra qərara gəldik ki, bu barədə xaricdə ali təhsil almış və ya alan tələbələrin də fikirlərini öyrənək. Hansı səbəbdən ali təhsil almaq üçün xarici ölkələrin universitetlərini seçdiklərini soruşaq.

Hazırda Qazaxıstanın Türküstan şəhərində yerləşən Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetində ali təhsil alan Ruslan Cahangirli bildirdi ki, həmin ali məktəbi seçməkdə başlıca səbəb təhsilin tamam ödənişsiz olmasıdır: "Əlavə olaraq, burada təhsil alan tələbələr üçün nəzərdə tutulmuş Qazaxıstan və Türkiyə dövlətlərinin təqaüd proqramından da yararlanmaq mümkündür".

"Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, 4-5 il boyunca təhsil aldığın ölkədə həm də o ölkənin dilini öyrənmək üçün böyük şans yaranır. Təhsil aldığın coğrafiyanın da sənə qazandırdıqları az olmur. Təhsillə yanaşı, həm də böyük təcrübə əldə etmiş olursan. Fərqli dünya görüşünə yiyələnirsən. Bütün bunlar da hər bir gəncin gələcək həyatında əhəmiyyəti rola oynayır" — deyə Ruslan Cahangirli əlavə etdi.

Orta və magistratura təhsilini Almaniyada almış Rəşad Quliyev isə seçimini belə əsaslandırdı: "Ailəm ilə Almaniyada yaşadığım üçün orta məktəbi Almaniyada bitirmişəm. Lakin daha sonra vətənə qayıdaraq təhsilimi Bakı Dövlət Universitetində davam etdirmişəm. Magistr təhsilimi isə yenidən Almaniyada aldım. Buna səbəb isə Avropaya inteqrasiya, geniş biznes əlaqələri, iş imkanlarıdır. Və təbii ki Avropada yaşayan insan üçün bu təhsil yaxşı karyera qurmaq imkanı verir".

12658
Teqlər:
DİM, tədris ili, təhsil haqqı, Kamran Əsədov, Məlahət Mürşüdlü, qəbul, ödəniş, imtahan, Təhsil Nazirliyi, ekspert
Əlaqədar
Tələbələrin təhsil haqları aşağı salındı
Tələbələrə müraciət və xəbərdarlıq edilir
Tələbələr bu xəbəri mütləq oxusunlar
Nazirlik tələbələr üçün vacib məlumatı açıqladı
İtaliyada ölən azərbaycanlı tələbənin meyiti tapılıb
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

9
(Yenilənib 15:02 21.06.2021)
Sənədə əsasən, Azərbaycanda olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.

BAKI, 21 iyun — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol"un təsdiq edilməsi haqqında" qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, Azərbaycanda olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.

Belə ki, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında "qardaşlaşmış məktəblər" əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.

İdarə qaydası

Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunur.

Peşə təhsili müəssisələrinin qrup sayları, qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı, tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti, müəllim heyəti, tədris proqramı, tədris materialları, həftəlik dərs cədvəllərinin hazırlanması, ehtiyac olduqda yenilənməsi və təhsil fəaliyyətləri üçün lazımi digər şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən ediləcək.

Peşə təhsili müəssisələrinə tələbə qəbulu meyarı tərəflər tərəfindən müəyyən ediləcək.

Yaradılacaq peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi), Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınacaq.

Peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan və Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq iki diplom veriləcək.

Əməkhaqqını Türkiyə ödəyəcək 

Peşə təhsili müəssisələrində işləyəcək kadrlar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən ediləcək.

Türk rəhbər işçi və müəllimlərin təyin edilməsi, əməkhaqqı, iş şəraiti və vəzifə müddətləri Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq müəyyən ediləcək və əməkhaqqı Türkiyə tərəfindən ödəniləcək.

Azərbaycanlı rəhbər işçi, müəllim və digər kadrların təyin edilməsi və əməkhaqqının ödənilməsi Azərbaycan tərəfindən həyata keçiriləcək.

Peşə təhsili müəssisələrində ödənişli kurs proqramı açıldığı təqdirdə kurslara təyin ediləcək türk və azərbaycanlı müəllimlərin əməkhaqqı Azərbaycan tərəfindən ödəniləcək. Protokolun tətbiq edilməsinə görə Azərbaycan hökuməti adından Təhsil Nazirliyi, Türkiyə hökuməti adından Türkiyə Milli Təhsil Nazirliyi öhdəlik daşıyacaq.

9
 Pandemiya zamanı imtahan

Təhsil Tələbə Krediti Fondu tələbələr üçün əlçatan olacaqmı? - Araşdırma

1156
(Yenilənib 21:38 18.06.2021)
Prezidentin Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılacaq. Bəs o, tələbələrin təhsilə əlçatanlığını təmin edəcəkmi?

BAKI, 19 iyun — Sputnik. Dünən əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Bəs görəsən, yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr üçün əlçatan olacaqmı? Bu Fondun ali təhsil alan tələbələrə nə vəd etdiyini Sputnik Azərbaycan-a təhsil ekspertləri şərh ediblər.

Yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondu nə vəd edir?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Onun sözlərinə görə, bu, dövlətin qayğısının təcəssümüdür:

"Bu Fond təhsil almaq istəyən, bunun üçün maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirəcək. Eyni zamanda Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Ona görə də, Fondun tələbələrin təhsilinə dəstəyi hiss olunacaq. Bu Fond insanların təhsil arzusunun gerçəkləşdirilməsi məqsədilə yaradılıb. Təhsil Tələbə Krediti Fondu sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək olacaq. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi onların ali təhsil alaraq savadlı insan kimi yetişməsinə, gələcəkdə özünün və ailəsinin maddi durumunun yaxşılaşdırılmasına imkan yaradacaq. Təhsil Tələbə Krediti Fondunun insan resursunun, insan kapitalının yaradılması baxımından böyük missiyası var".

Donor dövlətdirsə...

İ.Orucov deyir ki, aztəminatlı ailələrdə təhsil haqqının ödənilməsində yaranmış çətinlik bəzən gənclərin ali təhsil almasına mane olur. Tələbələrin bu Fondun imkanından bəhrələnməsi sayəsində onlar əmək bazarında özlərinə layiqli iş tapa biləcəklər.

Birlik sədri yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondunun büdcəsinin əsas hissəsinin dövlət büdcəsi hesabına maliyyələşməsinin də mühüm amil olduğunu söyləyir. Onun sözlərinə görə, dövlətin təhsil sahəsində donor kimi çıxış etməsi alqışlanandır. Həmsöhbətimiz bildirir ki, bu Fondun yaradılması ilə dövlət birbaşa tərəfdaş kimi çıxış edir.

Bəs köhnə "Maarifçi" Tələbə Kredit Fondu?

Qeyd edək ki, hazırda da Azərbaycanda tələbələrə təhsil kreditlərinin verilməsi ilə məşğul olan "Maarifçi" Tələbə Kredit Fondu fəaliyyət göstərir. Amma onların fəaliyyəti geniş tələbə kütləsini əhatə etmir. Odur ki bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq qoyanlar da az deyil. Haqqında bəhs etdiyimiz Fond Azərbaycanda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Bunlar Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universitetləridir.

Qaydalara görə, tələbələrə təhsil kreditlərinin ayrılması üçün "Maarifçi" Tələbə Kredit Fondunun əməkdaşlıq etdiyi universitetlərdən razılıqla bağlı təsdiq gəlməlidir. Həmçinin hazırda fəaliyyət göstərən "Maarifçi" Tələbə Kredit Fondunun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər.

Tələblər ondan ibarətdir ki, tələbə Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir. Bu tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur. Buraya valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Akademik borcun mövcudluğu da daxildir.

Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir. Güzəştli kreditlərdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, sağlamlıq imkanları məhdud şəxslər yararlana bilərlər.

Həmçinin tələbə müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Fonddan onu da bildirdilər ki, tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin 71 və ya daha yuxarı olması da şərtdir. Akademik borcu olanlar isə təhsil krediti üçün Fonda müraciət edə bilməzlər. Bununla yanaşı, tələbənin yaşı maksimum 25 olmalıdır. Amma hazırda Fond təhsil kreditlərinin verilməsini dayandırıb.

Məlumat üçün bildirək ki, bu gün təhsil naziri Emin Əmrullayev də "Maarifçi" Kredit Fondunun pilot layihə olduğunu qeyd edib: "Burada da mahiyyət eyni idi, amma fondun mexanizmi belə idi ki, kredit ali təhsil müəssisələrinin hesabına verilirdi. Orada təhsil alan tələbələr də az idi və bir neçə yüz nəfəri əhatə edirdi. "Maarifçi" Kredit Fondu bir müddət fəaliyyət göstərəcək, çünki tələbələr verilən kreditləri qaytarmalıdırlar", - deyə nazir bildirib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni Fondun yaradılması ilə bağlı verilmiş Fərmana qədər Azərbaycanda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud olmayıb. Onun sözlərinə görə, "Maarifçi" Kredit Fondu müəyyən tələbələrə kredit verib. Lakin o da özəl təşkilat olduğu üçün büdcəsi yoxdur.

7 ildə 5 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib

Ekspert bildirir ki, hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsil Tələbə Krediti Fondu yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu səbəbdən son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib.

K.Əsədov deyir ki, tələbə kreditləri üçün ayrılmış 80 milyon manat kifayət qədər yüksək məbləğdir və bu vəsait ildə 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Ekspert bildirir ki, kreditlər faizsiz verilməlidir ki, sonra tələbələr problemli kredit alana çevrilməsin. Onun sözlərinə görə, gələcəkdə təhsil krediti ilə oxuyub ali məktəbi başa vuran tələbələr işlə də təmin edilməlidir ki, krediti geri qaytara bilsinlər.

Ekspert onu da qeyd edir ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edir:

"Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir.

Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5, 7, 10 ilə, bəzən isə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə, yəni 1-2 faiz civarında olur".

Təhsil Tələbə Kredit Fondu hansı şərtlərlə kredit verəcək?

Qeyd edək ki, təhsil naziri yeni yaradılacaq Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. O bildirib ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq. Nazir həmçinin deyib ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: "Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun maliyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək".

Nazir onu da bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə, yəni 1-2 faiz olacaq. Onun sözlərinə görə, Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin. E.Əmrullayev qeyd edib ki, bu Fond ali təhsilə əlçatanlığı artıracaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu isə hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxsin ödənişli əsaslarla təhsil aldığından xəbər verir.

Məlumat üçün əlavə edək ki, ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

1156
Vergilər nazirliyi

Vergi ödəyicilərinin yeni qeydiyyat üsulunu öyrənmək istəyənlərin nəzərinə

0
(Yenilənib 18:58 21.06.2021)
Dövlət Vergi Xidməti 2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərin sayı barədə məlumat yayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb.

BAKI, 21 iyun — Sputnik. 2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.260.629 vergi ödəyicisinin 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Sputnik Azərbaycan Dövlət Vergi Xidmətinin saytına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb. Bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.

2021-ci ilin son üç ayında (mart, aprel və may ayları) ardıcıl olaraq qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilməkdədir.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı artıb

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9%) kommersiya qurumlarının hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7% artaraq 138.803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4% artaraq 15.793 vahid təşkil edib. Cari ilin 5 ayında 4.573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2% çoxdur. Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3%-i elektron qaydada, 16,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.

Bu ilin ötən dövrü ərzində ilkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 910 hüquqi şəxsin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib ki, bu da ümumi qeydiyyatın 20%-i deməkdir. Yanvar-may aylarında qeydiyyatdan keçmiş 4.573 kommersiya qurumundan 4.214-ü yerli investisiyalı, 359-u isə xarici investisiyalı qurumlardır. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 56,1% artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,7% təşkil edib.

Bu ilin ilk 5 ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 4.676 vahid təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 9,8% artıb. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayında isə müvafiq olaraq 14,8%-lik artım müşahidə edilir. Hesabat dövründə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayında ötən illə müqayisədə 1% azalma qeydə alınıb. Bu azalma, həmçinin, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayında da (4,6 faiz) müşahidə edilir.

2021-ci il iyunun 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,2%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyəti, 1,3%-i kooperativ və s. formalarda yaradılıb. Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,6%-i kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,3% artıb, xüsusi çəkisi isə 59% olub. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artaraq 24.574 vahid təşkil edib.

Cari ildə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 746 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 vahid və ya 72,3% çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,3%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

16.121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib

2021-ci il iyunun 1-dək 16.121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10.787-nin fəaliyyəti aktivdir, 4.472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib. Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2%-i xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyəti və kooperativ, 2,6%-i isə digər təşkilati-hüquqi formalardadır. Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29%-i ticarət, 27%-i xidmət, 13,1%-i tikinti, 30,9%-i digər sahədə fəaliyyət göstərir.

Bu ilin may ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 35-i Türkiyə, 7-i İran, 6-sı Pakistan, 3-ü Rusiya investisiyalı hüquqi şəxslərdir.

2021-ci il iyunun 1-nə 285 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Aktiv vergi ödəyicilərinin sayı artır

Qeyd edək ki, 2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.240.652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167.992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.

2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

Cari ilin I rübündə 2.714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Cari ilin I rübündə 2.494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.

Fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib

2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.

2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.788 vahid çox olub.

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə,136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.

2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.

Yeni qeydiyyat üsuluna maraq artır

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

0