Dəqiq fənlərə üstünlük verən Gülçin gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün yeni xəbər

335
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün yeni qaydalar müəyyənləşib

BAKI, 13 may — Sputnik. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

APA-nın xəbərinə görə, bu “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”ında öz əksini tapıb.

Qaydalara əsasən, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada Nazirlik tərəfindən baxılır.

Vakansiyalara yerləşdirilmə zamanı müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişlərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

Aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanır:

— Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

— İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.

Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılır. Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 1-15 iyun tarixlərində təşkil ediləcək.

335
 Koronavirus testi, arxiv şəkli

Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır

18
Aparılmış tədqiqatlardan belə məlum olub ki, SARS-CoV2 virusuna palçıq sularında daha sıx rast gəlinir.

BAKI, 28 may - Sputnik. Dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılır. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbulun hər rayonunda tullantı sularında virus aşkarlanıb. Virusun sularda görülmə sıxlığı rayonlara görə dəyişir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ölkənin Su İnstitutu İdarəsi ilə birgə bu istiqamətdə araşdırmaların aparılacağını və mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanacağını bildirmişdi.

Bu istiqamətdə araşdırmalar İstanbulla yanaşı, ölkənin bir neçə şəhərində də aparılıb. Bu məqsədlə üç xüsusi laboratoriya fəaliyyətə başlayıb. Tədqiqatlardan məlum olub ki, SARS-CoV2 virusuna palçıq sularında daha sıx rast gəlinir. Bəzi şəhərlərdə yoluxanların sayının az olmasına baxmayaraq, tullantı sularında virus müşahidə olunub.

18
İmtahan, arxiv şəkli

DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

7
(Yenilənib 11:28 28.05.2020)
Xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək

BAKI, 28 may — Sputnik. Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Bu səbəbdən V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaqdır. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənnlərinin də sayı azaldılacaqdır. Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz. Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcəkdir. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaqdır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2-ci nömrəsində tanış ola bilcəksiniz.

7

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0