BAKI, 5 aprel — Sputnik. Azərbaycan Dövlət Dənizçilik Akademiyasında (ADDA) təhsil almaq istəyən abituriyentlər üçün ərizə qəbulu başlayır. Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, ADDA-nın ixtisaslarını seçən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra 01 aprel – 03 avqust tarixlərində Kazım Kazımzadə küç., 120A ünvanında yerləşən ("Elmlər Akademiyası" metrosu yaxınlığında, Mərkəzi Gömrük Hospitalının yanı) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Dənizçilər poliklinikası" MMC-yə müraciət etməlidirlər.
İş günləri: I –V günlər
İş saatı: 900 – 1500
Abituriyentlər tibbi komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi, hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet), abituryentin elektron ərizəsi (iş nömrəsi)
2. Ruhi Əsəb Dispanserindən arayış, narkoloji dispanserdən arayış, xəstəliklə əlaqədar olaraq qeydiyyatda olduğu poliklinikadan qısa epikriz.
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.
Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 9 mart — Sputnik. Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Ailə Məcəllə"sinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.
Dəyişiklik səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.