Məktəbdə dərs prosesi

Məktəblər üçün son 3 gün

705
(Yenilənib 14:47 15.03.2018)
İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb

BAKI, 15 mart — Sputnik. Martın 18-də respublikanın 30 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, həmin gün ümumilikdə 37 minə yaxın şagirdin imtahan verəcəyi nəzərdə tutulur: "Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə martın 11-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır".

İmtahan saat 11:00-da başlanır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

— imtahana buraxılış vərəqəsini;

— şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; — Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 32822 (Şəmkirdə 2467, Gədəbəydə 837, Ağstafada 944, Qazaxda 1015, Tovuzda 1952, Mingəçevirdə 1302, Balakəndə 881, Zaqatalada 1232, Qaxda 610, Yardımlıda 589, Cəlilabadda 2338, Masallıda 2138, Lerikdə 598, Göyçayda 1335, Ağdaşda 1257, Ucarda 927, İsmayıllıda 981, Qobustanda 377, Ağcabədidə 1815, Xocavənddə 56, Füzulidə 813, Beyləqanda 1047, Salyanda 1419, Neftçalada 821, Hacıqabulda 715, Qusarda 1041, Qubada 1953, Siyəzəndə 469, Xızıda 164, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 729) şagirdin iştirakı nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə 3791 (Bakıda 1499, Gəncədə 300, Şəmkirdə 77, Gədəbəydə 73, Qazaxda 55, Tovuzda 55, Sumqayıtda 428, Şamaxıda 61, Qaxda 84, Bərdədə 132, Göyçayda 70, Kürdəmirdə 76, Zərdabda 60, Şirvanda 153, Sabirabadda 61, Biləsuvarda 66, Salyanda 72, Saatlıda 78, Lənkəran 56, Cəlilabadda 117, Qubada 77, Qusarda 39, Xaçmazda 102 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb.

705
Teqlər:
DİM, Dövlət İmtahan Mərkəzi, şagird, imtahan, rayon, respublika, şəhər
Əlaqədar
Respublikada keçirilən buraxılış imtahanı başa çatıb
Bazar günü imtahan verəcək şagirdlərin sayı açıqlandı
İşə qəbul üzrə imtahanın nəticələri açıqlandı, vakansiya seçimi başladı
Teledərs, arxiv mşəkli

Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket köməyə çatmır

118
(Yenilənib 18:51 16.01.2021)
Cəbhəyanı zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.

© AR Ministry of Education

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.

Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.

Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".

N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir. 

118
Teqlər:
dərs, onlayn, internet, cəbhəyanı bölgələr, təhsil

Azərbaycanda məktəblər açılacaq

299
(Yenilənib 12:09 16.01.2021)
Nazirlər Kabibeti yanında Operativ Qərargah ölkə ərazisində xüsusi karantin rejimini aprelin 1-dək uzatsa da, yanvarın 18-dən mərhələli şəkildə müəyyən yumşalmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək: "Bu barədə detalları Təhsil Nazirliyi özü açıqlayacaq. Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq".

299
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0