Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil Nazirliyi mühazirələrini davam etdirir

39
(Yenilənib 10:23 07.03.2018)
Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramını dinləyiblər

BAKI, 6 mart — Sputnik. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində "Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu " mövzusunda növbəti "Novruz mühazirəsi" keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub.

Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi barədə imzaladığı sərəncamın dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu deyib. İcra başçısının müavini öncə Tiflisdə, daha sonra Gəncə şəhərində fəaliyyətə başlayan Şərqdə ilk parlament respublikasının milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadığını qeyd edib.

Mühazirə iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq bunu tarixi hadisə adlandırıb. Nazir müavini xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının həmin dövrdə strateji hədəflərdən olduğunu qeyd edib və bu dövrdə xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin — Xalq Maarif Nazirliyinin yaradılmasının, məktəblərin milliləşdirilməsi siyasətinin həyata keçirildiyini vurğulayıb. Həmçinin Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salındığı bildirilib.

Sonra iştirakçılar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova — Tohidinin "Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu " mövzusunda mühazirəsi dinlənilib. Cümhuriyyət qurucularının həyatı, ictimai-siyasi fəaliyyətləri haqqında ətraflı məlumatın yer aldığı mühazirədə qeyd olunub ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və bir çox sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. 

Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramını dinləyiblər.

Sonra ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, "Çökək hamamı" və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar. Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəs iziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumatlar verilib.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz mühazirələri" keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.

39
Əlaqədar
Təhsil infrastrukturuna 830 min manat ayrıldı
Təhsil ekspertindən əxlaqsız video çəkənlərlə bağlı gözlənilməz təklif
Təhsil sistemində yenilik: Bu gündən...
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yeni xəbər var

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

55
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

55
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0