BAKI, 26 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin keçirilmə tarixlərini açıqlayıb. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi 2018-ci il 04, 11, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək:
04.03.2018 tarixində Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasında, 11.03.2018 tarixlərində Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabranda, 18.03.2018 tarixində Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir,Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik,Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızıda.
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.
BAKI, 23 yanvar — Sputnik. Elm adamları koronavirusun ağciyərlərə düşməsinin yeni metodunu müəyyənləşdiriblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, tədqiqatın nəticəsi "Cell Research" jurnalında dərc olunub. Çin alimləri laboratoriya şəraitində xəstələrin yoluxmuş orqan hüceyrələrindəki 22 zülal səviyyəsini ölçərək virusun reseptorlarla hansı yolla birləşdiyini müəyyən ediblər.
Tədqiqat zamanı koronavirusun insan bədəninə düşməsi üçün əsas "giriş qapısı" sayılan ACE2 ekspressiyasının ağciyər və traxeyanın bütün hüceyrə xətlərində aşağı, böyrəklərdə və həzm sistemi orqanlarında isə daha aktiv olduğu ortaya çıxıb.
Bununla belə, elm adamları başqa bir zülal – UFO (AXL) tirozin-protein kinaz reseptoru da aşkarlayıblar ki, onun tənəffüs sistemində həddən artıq olması SARS-CoV-2 virusunun hüceyrələrin daxilinə nüfuz etməsini sürətləndirir. Qeyd olunur ki, bu ferment bir sıra fizioloji proseslərə cavabdehdir.
Əldə olunan nəticələr əsasında alimlər bu qərara gəliblər ki, həmin reseptorları söndürərək, ağciyərlərdə virus konsentrasiyasını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:
“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.
Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:
“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.