Müşahidə kamerası, arxiv şəkli

Dövlət müəssisələrində baş verən qapalı prosesləri anbaan izləyə bilərik

416
(Yenilənib 09:54 09.01.2018)
"Dövlət hesablı bağça və məktəblər də kameralaşdırılsa, bu problemlərin aradan qalxacağı və azalacağı şübhəsizdir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Özəl məktəb və uşaq bağçalarında müşahidə kameraları quraşdırılıb. Valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər.

Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Olanlarda kameraların geniş yaddaş və kənardan müşahidə olunma imkanları yoxdur. Bu, həm valideynlərin narahatlığına, həm də dövlət məktəb və bağçalarında özbaşınalıq hallarının baş verməsinə səbəb olur.

Uşaq bağçasında mütaliə saatı
© Photo : Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidməti

Övladı orta məktəbdə təhsil alan Samirə İbrahimova deyir ki, bəzən oğlu məktəbdən üst-başı bulaşıq halda gəlir və bildirir ki, sinifdə uşaqlarla dalaşıb: "Dəfələrlə məktəbə getsəm də, bu hal tez-tez təkrarlanır. Uşaqlar öz aralarında dalaşır. Bir neçə dəfə direktora da müraciət etdim, amma sübut olmadığı üçün həmin uşaqlar cəzasız qalır. Bundan çox narahatam. Düşünürəm ki, siniflərdə kamera olsa, uşaqlar da, müəllimlər də diqqətli olar".

Ölkənin bir çox məktəblərində şagirdlərin bir-biri ilə, həmçinin müəllimlərin şagirdlərlə davranışları və bunun fəsadları haqqında çoxumuz məlumatlıyıq. Dövlət hesablı bağça və məktəblər də kameralaşdırılsa, bu problemlərin aradan qalxacağı, azalacağı şübhəsizdir.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, orta məktəblərdə, bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı: "Bəzi məktəb direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı".

Эксперт в области образования Кямран Асадов
© Sputnik / Murad Orujov
Эксперт в области образования Кямран Асадов

Ekspertin sözlərinə görə, bəzi hallarda məktəb direktorları özləri məktəblərində bu tipli kameranın quraşdırılmasında maraqlı olmurlar: "Ona görə də onların rəhbərlik etdiyi təhsil ocağında kameralaşdırılma aparılmır. Əgər dövlət hesablı orta məktəblərdə yaddaş həcmi geniş olan və kənardan müşahidə olunma imkanları olan kameralar quraşdırılsa, valideynlər istənilən an kamera vasitəsilə müəllimlərin necə dərs keçdiyini, uşaqları ilə necə rəftar edildiyini görə bilərlər".

"Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bir var, müdiriyyət ara-sıra gedib dərslərdə oturub, dərsin gedişatına nəzarət edir, bir də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər" — deyən Əsədov bütün təhsil ocaqlarının kameralaşdırılmasını vacib sayır.

Ekspertin fikrincə, təhsil ocaqlarının kameralaşdırılması böyük məbləğdə vəsait tələb etsə də, hər il təhsilin, infrastrukturun inkişafına ciddi şəkildə dövlət büdcəsindən vəsaiti ayrılır və bütün bu məsələlər məhz dövlət hesabına həyata keçirilir: "Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Bakı şəhərində və şəhər, rayon mərkəzində yerləşən təhsil müəssisələri buna tam hazır olsa da, kəndlərdə bunu tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqələndirmək olar".

"Bununla yanaşı, kənd yerlərində valideynlər buna o qədər də maraqlı deyillər. Kənd yerlərində xüsusi maarifləndirmə tədbirləri də həyata keçirmək lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər" — K.Əsədov bildirir.

Həmsöhbətimiz hesab edir ki, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər: "Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Şagirdlərin təhlükəsizlik məsələsi də bu yolla həll olur".

"Bilirsiniz ki, son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, valideynlər kamerada baxar ki, şagirdlər nə edir. Məktəbdə yaranan hansısa məsələ ilə bağlı valideyn narazılıq edə bilər. Narazılıqlar olanda valideynlə əlaqə yaradılar və nöqsanları aradan qaldırmaq, başa salmaq kamera görüntüləri ilə daha asan olar" – deyə ekspert əlavə edir.

Qeyd edək ki, bir çox dövlət hesablı məktəblərin dəhlizlərində kamera sistemi quraşdırılsa da, siniflərdə bu kameralardan quraşdırılmayıb. Bu səbəbdən də dəhlizlərə nəzarət mümkün olsa da, sinif otaqlarında müəllimlərin və şagirdlərin davranışları nəzarətdən kənar qalır. Ekspert hesab edir ki, baş verən problemlərin qarşısının alınması kameralaşdırılmadan keçir.

416
Teqlər:
müşahidə kameraları, uşaq bağçaları, özəl, valideyn, müəssisə, Kamran Əsədov, dövlət, təhsil, məktəb, ekspert
Əlaqədar
Tikinti qalmaqalında qəribə dönüş: 14 mərtəbəli yaşayış binası yerinə 3 mərtəbəli bağça
Azərbaycanda uşaq bağçası yandı
Uşaq bağçası ödəməni virtual valyuta ilə qəbul etməyə başladı
Məktəbə apardığım porno kartlar
Məleykə Abbaszadə məktəb təhsilindən narazılığını bildirdi
Tovuzda məktəb yandı: 254 şagird çətin vəziyyətdə qalıb
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

48
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

48
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Mars haqda NASA-nın illüstrasiyası

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

25
(Yenilənib 02:48 18.10.2020)
2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.

25
Əlaqədar
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar
Ay səthindəki radiasiya ölçüldü
Ulduzlara yaxın: Yerin müxtəlif yerlərindən gecə səmasının inanılmaz görüntüləri
Venera planetində həyat var?!
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0