Diplom

Təhsil almaq üçün xaricə üz tutanlar bunun sonrasını da düşünsünlər

1804
(Yenilənib 17:23 04.01.2018)
"Dörd il müddətində həmin təhsil ocağına bir dəfə belə getmədən aldığı diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Son zamanlar sosial şəbəkələrdə xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında diplomlarının ölkəmizdə tanınmaması ilə bağlı müzakirələr gedir. Dağıstan, Ukrayna və Rusiya universitetlərində təhsil alan həmyerlilərimiz diplomlarının Azərbaycanda tanınmamasından narahat olsalar da, ekspertlər hesab edir ki, bu, düzgün qərardır.

Bu fikrin tərəfdarları əsas gətirirlər ki, həmin ölkələrdəki universitetlərdə Azərbaycanda imtahanlarda iştirak edib, ancaq heç 12 bal belə toplamayan tələbələr təhsil alır. Çox zaman da təhsil aldıqları ölkəyə getmədə, ancaq təhsil haqqını ödəyib, hazır diplom əldə edirlər.

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ukraynanın bir çox universitetinin azərbaycanlılara verdiyi diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır: "Çünki Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar".

"Bu diplomların tanınması sadəcə təhsil haqqı ödəmiş, cəmi bir neçə dəfə universitetdə görünmüş şəxslərin həmin sahələr üzrə mütəxəssis olmalarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan kəsərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz" — ekspert deyib.

Ölkədə xaricdə təhsil alanların təqaüdlərinin azaldılması məsələsi də var. Əsədovun sözlərinə görə, xaricdə təhsil alanların təqaüdlərinin azaldılması Azərbaycanın iqtisadi vəziyyəti və xərclərin azaldılması istiqamətində cəhdlərdən biri ola bilər: "Neftin qiymətinin aşağı olduğu dövrdə iqtisadiyyatı neftdən asılı olan ölkə digər bir çox səmərəsiz investisiya layihələrini, büdcə xərclərini azaldıb, ən çox xaricdə təhsilə ayrılan vəsaiti artırmalıdır. Azərbaycanı indiki və gələcəkdəki iqtisadi problemlərdən çıxaracaq insan kapitalına ayrılan daha çox vəsait ölkədə qalar".

Əsədov qeyd edib ki, azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər: "İlk olaraq diqqət etməlidirlər ki, gedəcəkləri universitetin xaricdən tələbə qəbul etmək icazəsi varmı? Digər tərəfdən, təhsil alacaqları xarici ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu göndərilməlidir".

"Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetlərinin diplomları isə ölkəmizdə birmənalı olaraq tanınmır. 4 il müddətində həmin təhsil ocağına bir dəfə belə getmədən aldığı diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan, tövsiyə edirik ki, əhali xaricdə təhsil almaqla bağlı ciddi məlumatlanmalıdır" — müsahibimiz vurğulayıb.

Ekspert əlavə edib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş, lakin Azərbaycanda tətbiq edilməyən distant təhsil almaq, ümumiyyətlə tanınmır: "Bu, həm də "Təhsil haqqında" Qanunda nəzərdə tutulmuş və hazırda Azərbaycanda tətbiq edilən əyani və qiyabi şəkildə təhsil almalara aiddir. Məsələnin kökü ondadır ki, distant təhsil almaq ilə bağlı ölkəmizdə hansısa qanunvericilik bazası hazırlanmayıb. Buna görə də, eyni hüquqa malik, lakin müxtəlif formalarda təhsil alan tələbələr arasında diplomlarının tanınması ilə bağlı ciddi problemlər var".

1804
Teqlər:
xaric, diplom, Kamran Əsədov, təhsil, universitet, Təhsil Nazirliyi, ekspert, tələbə, Azərbaycan, qanun
Əlaqədar
Saxta diplomla 19 il müəllim işlədi
Azərbaycanda daha bir universitetin diplomları sayılmayacaq
Magistrlərə Avropa diplomu qazanmaq imkanı

Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar

11
(Yenilənib 13:12 06.07.2020)
Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyənlər isə imtahanlarda iştirak etməlidirlər.

BAKI, 6 iyul — Sputnik. "Məlum olduğu kimi, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi müddətinin 2020-ci il 20 iyul tarixinədək uzadılması ilə əlaqədar olaraq ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında deyilir.

Qaydalara əsasən, məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir. Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bəzi çətinliklər yarada bilər. Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur. Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir.

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb. Bu gündən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər. Həmin şəxslər attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə məzun olduqları məktəbə müraciət edə və sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edə bilərlər.

Məlumat üçün bildiririk ki, iyunun 10-dan başlayaraq bütün şəhər və rayonlarda (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə hər həftə 2 dəfə olmaqla buraxılış (qəbul) imtahanları keçirilib, həmin imtahanlarda ümumilikdə dörd həftə ərzində 133338 məzun iştirak edib. Bununla yanaşı, xüsusi karantin rejimi tətbiq edilən bir sıra şəhər və rayonlarda buraxılış (qəbul) imtahanları ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq təşkil ediləcək və imtahanların tarixləri barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcək.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə 11-ci sinif təhsil bazasında imtahan verməli olan, lakin ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlərin sayı 2785 nəfərdir.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanlarının təşkil olunması və həmin şəxslərin yekun qiymətləndirilməsinin aparılaraq onlara attestat verilməsi nəzərdə tutulur.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyənlər isə imtahanlarda iştirak etməlidirlər.

11
Əlaqədar
İmtahanların nəticəsi açıqlandı: Nəticənizi öyrənə bilərsiniz
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Abituriyentlərin işi asanlaşdı: qəbul imtahanlarına görə videomühazirələr artıq əlçatandır
"Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"- RƏSMİ
Tələbə, arxiv şəkli

Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq

1388
(Yenilənib 21:04 05.07.2020)
Kamran Əsədov deyir ki, hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də özəl təhsil sektorudur. Koronavirusun Azərbaycanda yayılmağa başladığı mart ayından bu yana özəl təhsil sektorunun fəaliyyəti demək olar ki, tamamilə iflic olub.

Amma özəl təhsil sektorunun dirçəlməsi üçün müxtəlif çağırışlar da var. Təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında mövcud vəziyyəti qiymətləndirdiyini və təkliflərinin olduğunu bildirib: "Martın 3-dən pandemiya ilə əlaqədar ölkədə bütün tədris prosesi dayandı. Repetitor fəaliyyəti və hazırlıq kurslarının da fəaliyyətinə məhdudiyyət tətbiq edildi. Təhsil Azərbaycanda öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ən böyük sahədir. Ona görə də, yoluxma dairəsi təhsilin sayəsində daha da çox ola bilərdi. 27 apreldən etibarən isə karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq bir sıra yumşaldıcı addımlar atılmağa başladı. Lakin bu yumşaldıcı addımlar təhsil sistemindən, xüsusi ilə iqtisadiyyata dəstək verən hazırlıq kurslarından, tədris mərkəzlərindən yan keçdi. Maydan etibarən ölkədə kafe, restoran və iri "Mall"arın fəaliyyətinə icazə verilsə də, tədris müəssisələrinə bu imkanın verilməməsi anlaşılan deyil. Düzdür, 27 apreldən fərdi qaydada repetitor fəaliyyətinə icazə verilib. Amma necə olur ki, 1 müəllim 1 şagird dərs keçəndə virus yoluxur, amma 10-larla adam çayxanada oturanda virus yoluxmur?"

"Artıq ali məktəblərə qəbul üçün buraxılış imtahanları, növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarıqları unudublar. Birincisi, ölkədə ən problemsiz yerlər tədris mərkəzləridir ki, onlar uşaqlara bilik verir, onların inkişafına xidmət edirlər. Bu gün çayxanalar, restoranlarda daha çox virus yaya bilər, nəinki hazırlıq kursları. Hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir", - deyə K.Əsədov əlavə edib.

Ekspert deyir ki, özəl sektora, xüsusi ilə ölkədə təhsilin inkişafına xüsusi xidmət edən özəl təhsil sektoruna qarşı belə mövqe nümayiş etdirmək olmaz: "Hüquq mühafizə orqanlarını diqqətli olmağa çağırıram. “Gizli fəaliyyət göstərir” kimi təqdim etdiyiniz təhsil mərkəzi narkotik yetişdirmir, qaçaqmalçılıq ilə məşğul olmur. Onlar ölkənin gələcək şəxsiyyətlərinə bilik, savad verirlər. Nazirlər Kabinetinə müraciət edərək bildirmək istəyirəm ki, çayxanalar, restoranlara aid edilən fəaliyyət icazəsini hazırlıq kursları, tədris mərkəzlərinə də şamil etsinlər. Ölkəni təhsilsiz qoymaq olmaz. Bunun təhsil üçün ağır fəsadları olacaq".

1388
Saytda qeydiyyat

Şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir

0
Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər

BAKI, 7 iyul — Sputnik. Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət"ə) göndərilir. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən "icaze.e-gov.az" portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.

0