BAKI, 15 noyabr — Sputnik. Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.
BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.