Kamran Əsədov

Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı

197
(Yenilənib 13:29 09.10.2017)
Kamran Əsədov: "Həmin xəritədə "Böyük Ermənistan"dan söhbət getmir"

BAKI, 9 oktyabr — Sputnik. "Bizim uğurlu işimizə kölgə salmaq istəyən şəxslər əsassız olaraq bildirirlər ki, xəritədə Ermənistan ərazisi əks olunub. Bu, artıq göstərir ki, bəzi insanlarda erməni xofu var və baxdıqları yerdə erməni ifadəsi, ərazisi görürlər".

Tarix dərsliyi ilə bağlı yaşanan qalmaqalı Sputnik Azərbaycan-a şərh edən, sözügedən dərsliyin həmmüəllifi, təhsil eksperti Kamran Əsədov belə deyib. Onun sözlərinə görə, həmin xəritə 10-cu sinif rus bölmələri üçün "Ümumi tarix" kitabında Roma paraqrafındadır və qeyd olunan ərazilər Roma imperiyasının ərazisidir: "Bu ərazilərin Ermənistan ərazisi kimi göstərilməsi ilə bağlı hər hansı fakt orada qeyd olunmayıb. Həmin xəritədə "Böyük Ermənistan"dan söhbət getmir".

"Xəritə qədim dövr Roma sərhədlərini göstərir. Bənövşəyi xətlə göstərilən ərazilər Romanın işğal etdiyi yerlərdir. Orada Roma imperiyasına daxil olan bütün ərazilər Assuriya, Mesopotamiya da göstərilib. Əgər belədirsə, Ərəb Xilafəti xəritəsində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir" — o bildirib.

Xəritə
© Photo : Modern
Xəritə

Məsələnin nədən qaynaqlanıdığına gəlincə: "Təəssüf ki, Azərbaycan dilində xəritələrlə bağlı ciddi resurs problemimiz var. Biz bu dövrlə bağlı xəritəni Roma arxivlərindən əldə etmişik. Orada göstərilir ki, eramızdan əvvəl 1-ci əsrdən bizim eranın 2-ci əsrinə qədər romalıların əhatə etdiyi ərazi budur. Birincisi, orada göstərilən Armeniya ərazisi indiki Ermənistan deyil. Tarixdən anlayışı olmayan, özünü vətənsevər kimi göstərənlər bilsinlər ki, eramızdan əvvəl 66 və 65-ci ildə Pompeyin yürüşündən sonra Albaniya ərazisi Romaya tabe edildi. Eramızdan əvvəl 20-ci ildə Atropatenada hökmdar Romanın vasitəsilə hakimiyyətə gəlmişdi".

"Bu, o deməkdir ki, eramızdan əvvəl 1-ci əsrdə qeyd olunan ərazilər Romaya tabe idi. Orada bənövşəyi rəngdə göstərilən sərhədlər Roma imperiyasının sərhədləridir. Dəfələrlə tarixdən anlayışı olmayanlara demişəm ki, gəlin sizə tarix öyrədim. 359-cu ildə Amid döyüşündə, 371-ci ildə Dzirav döyüşündə romalılarla sasanilər toqquşanda, romalıların müttəfiqi ermənilər, sasanilərin müttəfiqi isə Albaniya idi. Həmin vaxt Albaniya müəyyən ərazilər itirmişdi. Bu, o demək deyil ki, qeyd olunan yer erməni dövləti idi. Sadəcə ermənilər bu ərazini tabe etmişdilər və oranı vilayət kimi idarə edirdilər. Burada heç bir Ermənistan xəritəsindən söz gedə bilməz" — Əsədov vurğulayıb.

Ekspert qeyd edib ki, səsləndirilən fikirlər savadsız yanaşmadır: "Burada Assuriya, Mesopotamiya da göstərilib. Konkret Ermənistan ərazisi göstərilməyib. Orada Romanın sərhədləri əks olunub. Bu cür yanaşma Azərbaycan alimini elmdən, təhsildən uzaqlaşdırır. Bu qədər savadsız yanaşma olmaz. Biz bu kitabı 4-5 dildə dərc etdirmişik. Mən kitabın Azərbaycan dilinə də baxmışam, orada bu, yoxdur, silmişik. Bunu faciə çevirmək lazım deyil. Bu, texniki qüsurdur".

"Əgər siz Roma imperiyasını erməni ərazisi kimi görürsünüzsə, bu, artıq sizin gözünüzdə də qüsur olduğunu göstərir. Bunlara xidmət etmək olmur və gənc insanın uğurunu qəbul edə bilmirlər. Bunlar ermənidən də betərdirlər. Kitabda qüsur yoxdur. Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir" — həmmüəllif əlavə edib.

Qeyd edək ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi" dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

197
Teqlər:
Armeniya, dərslik, Kamran Əsədov, Roma, Ermənistan, xəritə, tarix
Əlaqədar
Dərs vəsaitimizdə "Böyük Ermənistan"dan sonra daha bir biabırçılıq
Azərbaycanda yeni dərs ili rəqəmlərdə
Müəllimə dərs zamanı dünyasını dəyişib

Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar

11
(Yenilənib 13:12 06.07.2020)
Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyənlər isə imtahanlarda iştirak etməlidirlər.

BAKI, 6 iyul — Sputnik. "Məlum olduğu kimi, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi müddətinin 2020-ci il 20 iyul tarixinədək uzadılması ilə əlaqədar olaraq ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında deyilir.

Qaydalara əsasən, məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir. Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bəzi çətinliklər yarada bilər. Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur. Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir.

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb. Bu gündən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər. Həmin şəxslər attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə məzun olduqları məktəbə müraciət edə və sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edə bilərlər.

Məlumat üçün bildiririk ki, iyunun 10-dan başlayaraq bütün şəhər və rayonlarda (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə hər həftə 2 dəfə olmaqla buraxılış (qəbul) imtahanları keçirilib, həmin imtahanlarda ümumilikdə dörd həftə ərzində 133338 məzun iştirak edib. Bununla yanaşı, xüsusi karantin rejimi tətbiq edilən bir sıra şəhər və rayonlarda buraxılış (qəbul) imtahanları ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq təşkil ediləcək və imtahanların tarixləri barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcək.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə 11-ci sinif təhsil bazasında imtahan verməli olan, lakin ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlərin sayı 2785 nəfərdir.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanlarının təşkil olunması və həmin şəxslərin yekun qiymətləndirilməsinin aparılaraq onlara attestat verilməsi nəzərdə tutulur.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyənlər isə imtahanlarda iştirak etməlidirlər.

11
Əlaqədar
İmtahanların nəticəsi açıqlandı: Nəticənizi öyrənə bilərsiniz
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Abituriyentlərin işi asanlaşdı: qəbul imtahanlarına görə videomühazirələr artıq əlçatandır
"Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"- RƏSMİ
Tələbə, arxiv şəkli

Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq

1386
(Yenilənib 21:04 05.07.2020)
Kamran Əsədov deyir ki, hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də özəl təhsil sektorudur. Koronavirusun Azərbaycanda yayılmağa başladığı mart ayından bu yana özəl təhsil sektorunun fəaliyyəti demək olar ki, tamamilə iflic olub.

Amma özəl təhsil sektorunun dirçəlməsi üçün müxtəlif çağırışlar da var. Təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a açıqlamasında mövcud vəziyyəti qiymətləndirdiyini və təkliflərinin olduğunu bildirib: "Martın 3-dən pandemiya ilə əlaqədar ölkədə bütün tədris prosesi dayandı. Repetitor fəaliyyəti və hazırlıq kurslarının da fəaliyyətinə məhdudiyyət tətbiq edildi. Təhsil Azərbaycanda öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ən böyük sahədir. Ona görə də, yoluxma dairəsi təhsilin sayəsində daha da çox ola bilərdi. 27 apreldən etibarən isə karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq bir sıra yumşaldıcı addımlar atılmağa başladı. Lakin bu yumşaldıcı addımlar təhsil sistemindən, xüsusi ilə iqtisadiyyata dəstək verən hazırlıq kurslarından, tədris mərkəzlərindən yan keçdi. Maydan etibarən ölkədə kafe, restoran və iri "Mall"arın fəaliyyətinə icazə verilsə də, tədris müəssisələrinə bu imkanın verilməməsi anlaşılan deyil. Düzdür, 27 apreldən fərdi qaydada repetitor fəaliyyətinə icazə verilib. Amma necə olur ki, 1 müəllim 1 şagird dərs keçəndə virus yoluxur, amma 10-larla adam çayxanada oturanda virus yoluxmur?"

"Artıq ali məktəblərə qəbul üçün buraxılış imtahanları, növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarıqları unudublar. Birincisi, ölkədə ən problemsiz yerlər tədris mərkəzləridir ki, onlar uşaqlara bilik verir, onların inkişafına xidmət edirlər. Bu gün çayxanalar, restoranlarda daha çox virus yaya bilər, nəinki hazırlıq kursları. Hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsi 10 minlərlə insanın işsiz qalması, şagirdlərin biliklərinin azalması deməkdir", - deyə K.Əsədov əlavə edib.

Ekspert deyir ki, özəl sektora, xüsusi ilə ölkədə təhsilin inkişafına xüsusi xidmət edən özəl təhsil sektoruna qarşı belə mövqe nümayiş etdirmək olmaz: "Hüquq mühafizə orqanlarını diqqətli olmağa çağırıram. “Gizli fəaliyyət göstərir” kimi təqdim etdiyiniz təhsil mərkəzi narkotik yetişdirmir, qaçaqmalçılıq ilə məşğul olmur. Onlar ölkənin gələcək şəxsiyyətlərinə bilik, savad verirlər. Nazirlər Kabinetinə müraciət edərək bildirmək istəyirəm ki, çayxanalar, restoranlara aid edilən fəaliyyət icazəsini hazırlıq kursları, tədris mərkəzlərinə də şamil etsinlər. Ölkəni təhsilsiz qoymaq olmaz. Bunun təhsil üçün ağır fəsadları olacaq".

1386
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0