Qəbul imtahanı

Yeni imtahan modelinin mahiyyəti aydın oldu

7048
(Yenilənib 18:00 22.09.2017)
"2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzində (DİM) 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib. Belə ki, tərtib olunmuş yeni modelin hazırlanma zərurəti barədə aparılan müzakirələr zamanı qeyd olunub ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur.

Dövlət İmtahan Mərkəzi
© Sputnik / Murad Orujov

Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, əslində 2019-cu ildən tətbiq olunacaq yeniliyə əsasən, gələn ildən qəbul imtahanlarına 5 fənn yox, 6 fənn salınacaq: "Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu gün ali məktəblərə qəbul olmaq üçün abituriyentlər, 4 ixtisas qrupu üzrə, həmin ixtisas qrupuna daxil olan 5 fəndən imtahan verirlər. Və əlavə olaraq buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir".

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

"Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Yəni Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri ya qəbul, ya da buraxılış imtahanlarında saxlanılacaq və ya buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz olunacaq ki, o fənlər də qəbul imtahanlarında olmayacaq" — Əsədov bildirib.

Ekspert hesab edir ki, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək, buraxılış imtahanında fənlərin sayını artırmaq və ya qəbul imtahanlarında fənlərin sayını azaltmaq sualların çətinlik dərəcəsini artırmaq deməkdir ki, buna da hələ bizim məktəblərimiz hazır deyil: "Hal-hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları, fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağır imtahanlar sırasındadır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, bütün ixtisas qruplarında riyaziyyat fəninin olması anlaşılan və faydalı deyil. Humanitar sahəyə gedən şəxs daha çox oxumaq istədiyi və marağı olduğu istiqamətlər üzrə lazım olan fənlərdən imtahan verməlidir. Tarixçinin, hüquqşünasın akademik səviyyədə riyaziyyatdan imtahan verməsi lazım deyil".

Kamran Əsədovun sözlərinə görə, bundan əlavə, orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılması üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq: "Ali məktəblərə qəbul sadə olmalıdır. Bir misal deyim: Fransada universitetlər hər kəs üçün açıqdır. Universitetlərə daxil olmaq üçün qəbul imtahanları keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında sənədi — bakalavr diplomunu alan hər kəs sənədlərini istədiyi universitetə verə bilər. Əgər namizəd orta məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan və orta təhsilini yarımçıq qoymuş fransızlar universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə Qəbul Diplomu — DAEU (Diplome dTacces aux etudes universitaires) almalıdırlar. DAEU diplomu universitetlər tərəfindən verilir".

Ekspert bildirir ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq: "Mən hesab edirəm ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repetitorluğun aradan qaldırılmasına kömək edəcək. Lakin şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır".

O, hesab edir ki, son illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxır: "Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir".

"Mənim təklif edəcəyim yeniliklərdən biri də odur ki, humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir" — həmsöhbətimiz əlavə edib.

Əsədovun diqqətə bir məqamı da çatdırır: "Uşaq buraxılış imtahanı verir, bir ay sonra da qəbul imtahanı başlayır. Qısa müddət içərisində psixoloji cəhətdən tam formalaşmamış gənci bu qədər imtahan stresinə, gərginliyinə salmaq olmaz. Amma burada bir sıra məsələləri yaddan çıxarmaq olmaz. Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olmadığı, qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu qeyd etmək lazımdır".

"Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna, hələ ki, bizim reallıqda məktəblərimiz hazır deyil" — o vurğulayıb.

K. Əsədov hesab edir ki, prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir: "Bir məsələni qeyd edim ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi fikri yeni məsələ olmayıb, uzun illərdən bəri zaman-zaman gündəmə gətirilən məsələlərdən biridir. Belə bir sistem dünyanın bir çox inkişaf etmiş ölkəsində, o cümlədən keçmiş sovet respublikalarının bəzilərində də neçə illərdən bəri uğurla tətbiq edilir".

7048
Teqlər:
ixtisas qurupu, təhsil səviyyəsi, qəbul imtahanı, buraxılış imtahanı, DİM, repetitor, Kamran Əsədov, Dövlət İmtahan Mərkəzi, test, məktəb, ekspert, abituriyent
Əlaqədar
Dövlət İmtahan Mərkəzi magistrlər üçün şans yaradır
Təhsil nazirindən yeni imtahan modeli açıqlaması
"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"
İmtahanda fırıldaq işlətmək istəyən dörd müəllim faş edilib
Qəbul imtahanlarının suallarının düzgün cavabları açıqlandı