Məktəb, arxiv şəkli

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

757
(Yenilənib 16:52 05.09.2017)
"Məktəblərin qarşısından kafe-çayxanalar yığışdırılmalıdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının qarşısında artıq xeyli müddətdir ki, çay evi açılıb. Çay evi açılan gündən, avtomobil yolunun hər iki tərəfi maşınlarla dolu olur. Yəni, çay evinin xüsusi parkinqi olmadığı üçün ora gələn müştərilər avtomobillərini yolda saxlayırlar.

Hazırda məktəblilər tətildə olsalar da, bir neçə gündən sonra yeni tədris ili başlayır. Əsl mərəkə də, o vaxt başlayacaq.

Psixoloq Fərqanə Mehmanqızı
© Sputnik / Irade CELIL
Psixoloq Fərqanə Mehmanqızı

Əvvəla, həmin ərazidə avtomobil sıxlığı şagirdlər və valideynlər üçün təhlükə mənbəyinə çevriləcək. Digər tərəfdən, yuxarı sinif şagirdlərinin fikri həmin çay evində olacaq. Elə mütəxəssislər də deyirlər ki, məktəblərin, tədris müəssisələrinin yaxınlığında kafe, restoran, çay evi kimi qurumların olması uşaqların psixoloji baxımdan normal inkişafı üçün təhlükə yarada bilər.

"Güzgü Dəyişim və İnkişaf Mərkəzi"nin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a bildirir ki, məktəblərdə hər yaşda uşaqlar təhsil alırlar və onların yaşlarına görə xüsusiyyətləri olur: "Uşağın ən pis keçid dövrü sayılan 8-16 yaş dövrü məktəb dövrünə təsadüf edir. Buna görə də, məktəbin yanında çay evləri, publar, barlar və s. bu kimi obyektlərin olmasına icazə verilməməlidir".

"Belə obyektlər məktəblərdən uzaq olmalıdır. Çünki uşaqlar məktəb dövründən hər şeyi örnək alırlar. Uşaqlar məktəbdən çıxanda və yaxud dərsə gələndə həmin obyektlərə gələn şəxslərə baxa və yaşlarına uyğun olmayan örnək götürə bilərlər. Onlar elə düşünürlər ki, belə yerlərə hər kəs daxil ola bilər, belə rahat otura bilər, siqaret-qəlyan çəkə və yaxud spirtli içki içə bilər. Bu, uşaqlar üçün heç də yaxşı örnək deyil" — psixoloq deyir.

Mütəxəssis hesab edir ki, məktəb ətrafında kitabxanaların və idman zallarının olması daha yaxşı olar: "Çünki belə yerlər uşaqların düzgün tərbiyə alması və boş vaxtını səmərəli keçirməsi üçün vacibdir. Hər bir valideyn düşünməlidir ki, "mənim uşağım boş vaxtında pivə içib, qəlyan çəksə yaxşıdır, yoxsa kitab oxuyub idmanla məşğul olsa?" Belə halla qarşılaşan valideynlər aidiyyatı qurumlara müraciət etməlidirlər".

Kamran Əsədov, təhsil üzrə ekspert
© Foto : APA
Kamran Əsədov, təhsil üzrə ekspert

Təhsil eksperti Kamran Əsədov da o fikirdədir ki, məktəblərin yanında kafe-restoranların, çayxana və pivəxanaların mövcudluğu nə pedaqoji, nə də psixoloji baxımdan məqsədəuyğundur. "Bunun həyata keçirilməsi, fəaliyyət göstərməsinin özü belə, tərbiyəsizlikdir. Çünki məktəb təlim-tərbiyə yeridir" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

"Alkoqollu içkilər verilən obyektlərin məktəblərin bilavasitə yaxınlığında olması həm tədris prosesinin özünə, həm də uşaqların formalaşmasına mənfi təsir göstərir. Eyni zamanda, məktəblərin həndəvərində tütün və spirtli içkilərin satışı qadağan olunmalıdır" — Əsədov əlavə edib.

Onun fikrincə, bu məsələyə icra hakimiyyətləri və bələdiyyələr nəzarət etməlidir: "Xüsusilə məktəb rəhbərliyi bu kimi problemləri dərhal aradan qaldırmalıdır. Bəziləri Qarabağ əlili və yaxud şəhid oğlu adı ilə yer alır. Dəftər-kitab dükanı adı ilə açılan dükanlarda bir də görürsən siqaret də satırlar. Bu isə qəbul edilə bilməz".

Ekspert bildirir ki, qanunvericilik aktlarına görə, bu kimi fəaliyyətlə məşğul olmaq qadağan edilmir: "Lakin 2017-ci ildə qanunvericilik aktlarına əlavələr və dəyişikliklər layihəsi qəbul edilib. Həmin qanunvericilik aktlarına görə, təhsil müəssisələrinin yaxınlığında təhsilə bilavasitə əlaqəsi olmayan ticarət və xidmət obyektlərinin fəaliyyəti qadağan edilib".

K. Əsədovun sözlərinə görə, təəssüf ki, aidiyyəti dövlət orqanları tərəfindən bu məsələ nəzarətdə saxlanılmır: "Bu tipli iaşə obyektlərinin məktəblərin yaxınlığında fəaliyyəti qanunvericiliyə ziddir. Və vətəndaşlar belə halla qarşılaşan zaman icra hakimiyyəti, polisə müraciət etməlidir. İcra Hakimiyyəti və polis birbaşa bunu təmin etmək hüququna malikdir. Yəni, o obyektlərin fəaliyyətini dayandırmaq üçün birbaşa təsir göstərir".

757
Teqlər:
psixoloq Fərqanə Mehmanqızı, idman zalı, təhsil eksperti Kamran Əsədov, çayxana, Sputnik Azərbaycan, məktəbli, kafe, kitabxana, şagird, məktəb
Əlaqədar
Ekspert: "Məktəbli formasını 50 faiz aşağı qiymətə də satmaq olar"
Məktəb yarmarkaları barədə maraqlı faktlar
Məktəb bazarlığında olan valideynlər üçün "yol xəritəsi": nə, harda, neçəyə...
Bu il məktəbə hazırlaşmaq neçəyə başa gəlir?
Ali məktəblərə qəbul qaydası dəyişəcək