Dövlət İmtahan Mərkəzi

"Azərbaycanda test deyil, testin formatı ləğv ediləcək"

2417
Xanlar Xanlarzadə test üsulunun tamamilə ləğv olunacağı ilə bağlı insanlar arasında yayılan şayiələri şərh etməyib

BAKI, 24 avqust — Sputnik. "Dövlət İmtahan Mərkəzi bu ilin sentyabr ayında ictimaiyyətə kurikulum sistemi üzrə təhsil alan məktəblilər üçün buraxılış imtahanının yeni modelini təqdim etməlidir". Bunu Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Xatırladaq ki, avqustun 23-də DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"ya müsahibəsində 2019-cu ildə buraxılış və ali məktəblərə qəbul imtahanlarının formasının dəyişəcəyini bildirib. Bu, ilk dəfə kurikulum sistemi ilə təhsil alan şagirdlərə şamil ediləcək. Onlar 2 ildən sonra orta məktəbləri bitirəcəklər. Abbaszadə izah edib ki, son illər orta məktəb məzunları ali məktəblərə qəbul zamanı demək olar ki, eyni nəticələr göstərirlər.

Xanlarzadənin sözlərinı görə, DİM ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirməsini, attestasiyasını həyata keçirən, ali və orta ixtisas məktəblərinə abituriyent qəbul etmək hüququ olan publik hüquqi şəxsdir. Mətbuat xidmətinin rəhbəri, gələcəkdə imtahanların necə keçiriləcəyinin tezliklə məlum olacağını vurğulayıb. Xanlarzadənin sözlərinə görə, Təhsil Nazirliyinin və DİM-in mütəxəssisləri bununla bağlı aktiv müzakirələr aparırlar. Bununla yanaşı, Xanlarzadə test üsulunun tamamilə ləğv olunacağı ilə bağlı insanlar arasında yayılan şayiələri şərh etməyib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən təhsil eksperti Kamran Əsədov Azərbaycanda 1992-ci ildən indiyədək ali məktəblərə qəbul imtahanlarının eyni formatda həyata keçirildiyini deyib: "Artıq 26 ildir, eyni formatda həyata keçirilən qəbul imtahanları nəticəsində ali məktəblərə qəbul olunmuş kadrlar əmək bazarının tələblərini ödəmir. Çünki bu gün ali məktəblərdə adicə bir yoxlama aparanda görürük ki, dərsin gedişində yüksək balla qəbul olunmuş şəxslərin nitq qabiliyyəti olduqca aşağı səviyyədədir. Bu, ona görədir ki, onlar testdən əzbərçilik üsulundan istifadə edirlər, geniş məlumata malik deyillər. Sadəcə faktları əzbərləməklə buna nail olurlar. Ona görə də, artıq qəbul imtahanlarının formatının dəyişdirilməsinə ehtiyac var".

Ekspert hesab edir ki, ilk növbədə məzmun və forma fərqlənməlidir: "Ona görə ki, 2008-2009-cu il tədris ilindən etibarən orta ümumtəhsil məktəbləri artıq yeni təlim üsuluna, yəni, kurikulum standartlarına keçib. Yəni, Azərbaycanda ənənəvi yox, artıq bilik, şəxsiyyət yönümlü və digər istiqamətlərə yönəlmiş təlim üsullarından istifadə olunmağa başlayıb. Onların dərslikləri, tədris üsulları, vasitələri tamamilə fərqlidir. Yəni, bizim gördüyümüz ənənəvi formatda deyil. Kurikulum standartları ilə təhsil alan şəxslər artıq bu il 10-cu sinfə keçirlər. 2017-ci ildə məhz 2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslər üçün, yəni, indiki 9-cu siniflər üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarının nəticələri göstərib ki, 2 fəndən – Azərbaycan dili və Riyaziyyatdan imtahan verənlərin 60 faizi müsbət qiymət ala bilməyib. Bu, onu göstərir ki, 2 il ərzində bunlarda hansısa inqilabi bir dəyişikliyin həyata keçirilməsi mümkün deyil".

Onun sözlərinə görə, ləğv olunacaq test deyil, testin formatıdır: "İndiyədək öyrəşdiyimiz, 26 ildir Azərbaycanda tətbiq olunan test, qapalı test tapşırıqları formatıdır. Yəni, cavab variantları iştirakçıların qarşısında olur və onlar hətta 100 faiz cavabı bilməsələr belə, tanış gələn variantı seçməklə test tapşırığına düzgün cavab verə bilərlər. Lakin yeni formatda daha çox test cavablarının variantı olmayan, imtahan iştirakçılarında məntiqi təfəkkürü, müqayisəni və digər bacarıqları yoxlayan test tapşırıqları olacaq. İki il sonra yenə də testdən istifadə olunacaq. Amma vərdiş etdiyimiz test tapşırıqları deyil, insanlarda digər bacarıq və vərdişləri yoxlayan testlər olacaq. Məsələn, esse yazılması. Çünki artıq danılmazdır ki, Azərbaycanda test imtahanlarının formatı əmək bazarında tələb olunan müasir, uğurlu məzmun və digər meyarları qarşılamaq qabiliyyətinə malik deyil".

Ekspertin fikrincə, test üsulu bilik ölçmə vasitəsi deyil. Test sadəcə seçim üsuludur: "Kiminsə burada ən yüksək bal toplaması onun maksimum biliklərə malik olması anlamına gəlməməlidir. Biz onun digər bacarıqlara malik olub-olmadığını yoxlamalıyıq. Hesab edirəm ki, ABŞ və Avropada istifadə olunmuş modellər də tətbiq oluna bilər. Yəni, kimsə hansısa ixtisasa qəbul olduqdan sonra orada təhsil almaq istədiyini isbat etməlidir. Yəni, sən burada niyə təhsil almaq istəyirsən, gələcəkdə hansı planların var? və s. bu tipli üsul və vasitələrdən istifadə olunmaqla yeniliklər tətbiq oluna bilər".

"Təhsil təcrübə laboratoriyası deyil. ABŞ və Avropa 50 ildir eyni formatdan istifadə edərək ali məktəblərə qəbul aparır. Amma biz demək olar ki, hər il bu sahədə dəyişiklik edirik. Fənlərin sayını artırırıq, azaldırıq və s. Format olaraq ümumi strategiya müəyyən olunmalıdır ki, son 50 ildə qəbul bu qaydada olacaq" – deyə o bildirib.

2417
Teqlər:
kurikulum, test üsulu, qəbul imtahanı, buraxılış imtahanı, Dövlət İmtahan Mərkəzi, Məleykə Abbaszadə, Təhsil Nazirliyi
Əlaqədar
Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur
Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək
Təhsil ekspertindən DİM-ə: "Öz gözlərindəki tiri görmürlər"
DİM magistraturaya qəbul olanlara müraciət edib
DİM abituriyentlərə müraciət etdi

Nazirlik dərslərin dayandırılması ilə bağlı xəbərə aydınlıq gətirdi

36
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov illəri qarışdırmamağı tövsiyə edib

BAKI, 2 mart — Sputnik. "Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

36
Teqlər:
məktəb, bağlanma, karantin, dərs, Təhsil Nazirliyi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

Mars səthində nəhəng burulğanlar - VİDEO

27
(Yenilənib 00:20 28.02.2021)
Marsın cənub yarımkürəsindəki kraterin dibində hərəkət edən burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir

BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib. 

Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.

"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.

Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir. 

Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.

27
Teqlər:
burulğan, toz, planet, Mars
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

387
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

387