Kamran Əsədov, təhsil üzrə ekspert

Təhsil ekspertindən DİM-ə: "Öz gözlərindəki tiri görmürlər"

2951
(Yenilənib 17:59 18.08.2017)
Kamran Əsədov: "Öz qüsurlarını ört-basdır etmək üçün bizi təhqir edirlər"

BAKI, 18 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) təhsil ekspertlərinin ünvanına sərt bəyanatla çıxış edib.

"Təəssüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədi ilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından süni şəkildə istifadə edən "sabun köpüyü kimi şişmiş ekspertlər" özlərini reklam edir elə təəssürat yaratmağa çalışırlar ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər. Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə müraciətlər edirlər. Çünki bu iş həmin "ekspert"lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan "tələm-tələsik", "yola vermək" və yalnız müəyyən maddi məqsədlərlə edilir" — deyə DİM-in Facebook səhifəsində yayımlanmış bəyanatında bildirilir. 

Qeyd edək ki, abituriyentlərə ixtisas seçimində istiqamət verməyə çalışan təhsil ekspertlərindən biri də Kamran Əsədovdur. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, TQDK-nın (DİM) Azərbaycan təhsilindəki rolunu danılmaz hesab etsə də, müəyyən nöqsanlara görə qurumun fikirləri ilə razılaşmır.

"Hər bir insan bilir ki, 1992-ci ildən bəri ölkədə bütün vətəndaşların öz bilik və bacarıqlarını nümayiş etdirib ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul olmasında heç bir problem yoxdur. Azərbaycanda keçirilən qəbul imtahanı öz məzmun və texnoloji imkanlarına görə dünyada qəbul olunmuş imtahan hesab olunur. Lakin buna baxmayaraq, 2017-ci ildə əvvəlki illərdən fərqli olaraq, texniki, elektron xidmətlərində bəzi qüsurlar ortaya çıxdı. Əgər buna qədər yalnız qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının məzmununda müəyyən problemlər olurdusa, bu il buna yeniləri də əlavə olunub" — deyə ekspert bildirib.

Əsədovun sözlərinə görə, DİM-in ekspert, mütəxəssis adlandırdığı 3 müəllim 5 gün ərzində bunker adlanan yerdə kitabların əhatəsində 25 sual seçir, onların da içində səhvlər olur, amma özləri başqasında səhv axtarır:

"Gedib özlərinin fəaliyyətində çatışmazlıqları aradan qaldırılmaq yerinə, günahı başqasında axtarırlar. DİM etiraz edir ki, biz niyə pullu xidmət göstəririk. Necə olur ki, onlar 3 manatlıq imtahanı 40 manata keçirə bilirlər, amma biz qiymətli vaxtımızı ayırdığımız xidmətə görə pul almayaq? Mən Vergilər Nazirliyindən təhsil xidmətinin göstərilməsi ilə bağlı qeydiyyatdan keçmişəm. Buna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, əlil olmuş, məcburi köçkün düşmüş insanların övladlarını, imkansız şəxsləri təmənnasız olaraq ali məktəblərə hazırlaşdırır, onlara ixtisas seçimi zamanı pulsuz məsləhət verirəm. Lakin DİM ölkə prezidenti tərəfindən güzəştli kateqoriyaya aid olan şəxslərə heç bir xidmət haqqında güzəşt etmir".

Kamran Əsədov DİM-in ekspertlərin onların nəşr etdiyi vəsaitlərdə olan informasiyanı paylaşdıqları barədə iradına da münasibət bildirib: "Mülkiyyət hüququ və digər qanunvericilik aktlarına əsasən məhsulun qiymətini ödəyəndən sonra məhsulu alan onun tam mülkiyyətçisinə çevrilir. Bundan əlavə, ölkə prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaşlara elektron xidmətlərin göstərilməsi inkişaf etdirilməlidir. Biz də ölkə prezidentinin siyasətini dəstəkləyərək heç bir kommersiya məqsədləri olmadan çətin qəbul imtahanları ilə bağlı vacib məlumatları vətəndaşların nəzərinə çatdırmaqla əslində DİM-in fəaliyyətinə kömək edirik. DİM əməkdaşlarının səsləndirdiyi fikirlər dövlət qulluqçusunun etik davranış qaydalarına ziddir. Səslənən fikirlər birbaşa təhsillə məşğul olan şəxslərin işgüzar fəaliyyətinə, şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif olunacaq ifadələrdir. Son bir ay müddətində göstərdiyi qüsurlu xidmətləri onlara dost kimi deyəni niyə bu ifadə ilə adlandırıb?"

Əsədov hesab edir ki, DİM dövlətinə, prezidentinə sadiq olan, daim təhsilin inkişafına çalışan, bununla bağlı təkliflər verən şəxsdən üzr istəməlidir.

"Bu ifadə mənə eks-təhsil naziri, hörmətli akademik Misir Mərdanovun sözlərini xatırlatdı. Dünyada tanınmış şirkətlər fəaliyyətlərini daha yüksək səviyyədə təşkil etmək üçün onların fəaliyyətindəki çatışmazlığı göstərənlərə mükafat verdiyi halda, bizdəkilər öz qüsurlarını ört-basdır etmək üçün onları tənqid edənləri təhqir edirlər. Onların vətəndaşlara verməli olduğu cavabı biz veririk. Qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu, ixtisas seçimi çox qəlizdir. İnsanlar bundan çox narahatdır. Biz onlara kömək edəndə pis oluruq, siz qüsurlu xidmət göstərəndə, elektron xidmətlərinizdə çatışmazlıqlar olanda yaxşı?! Atalar sözümüzdə deyildiyi kimi, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır" — deyə Kamran Əsədov əlavə edib.

2951