Первый вице-президент Азербайджана Мехрибан Алиева

Birinci vitse-prezident prioritet istiqaməti açıqladı

244
(Yenilənib 23:19 05.05.2017)
Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

BAKI, 5 may — Sputnik. Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, “dəyirmi masada” Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyeva iştirak edib.

“Mövzu bütün dünya üçün çox vacibdir. Əlbəttə, təhsil sisteminin inkişafı hər bir dövlət üçün, hər bir ölkənin gələcəyi üçün ən vacib məsələdir. Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən prioritet istiqamətlərdən biridir. Yəni, bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Bizim bu sahədə böyük təcrübəmiz və tariximiz var. Eyni zamanda, biz dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənirik və beynəlxalq təşkilatlarla bu sahədə fəal işləməyə hazırıq” — deyə Mehriban Əliyeva bildirib.

Görüşdə qaçqın və məcburi köçkün ailələrindən olan qızların təhsilə cəlb edilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsi vurğulanıb. “Dəyirmi masa” iştirakçıları bildiriblər ki, ölkəmizin bu sahədə təcrübəsi digər ölkələr üçün maraqlı ola bilər. Görüş zamanı xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açılıb, Fond tərəfindən Pakistanda qızlar üçün məktəbin yenidən qurulması yüksək dəyərləndirilib.

“Dəyirmi masa”da iştirak edən UNESCO-nun baş direktoru xanım İrina Bokova, Efiopiyanın birinci xanımı Roman Tesfaye, Malinin birinci xanımı Keita Aminata Maiqa, İordaniya şahzadəsi Dana Firas qızlara təhsil verilməsini əhəmiyyətini qeyd edərək, mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bununla bağlı keçiriləcək sessiyada bu mövzu ətrafında fəal müzakirələrin aparılacağını bildiriblər.

244