BAKI, 10 apr — Sputnik. Orta ixtisas təhsil müəssisələrində aparılan cari təhlil nəticəsində büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən edilən qaydada büdcədənkənar vəsaitlər üzrə debitor və kreditor borcların mühasibat yazılışlarının maliyyə hesabatlarına və əlavələrində əks etdirilməməsi halları müəyyən edilib. "Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, debitor və kreditor borclar üzrə mühasibat yazılışlarının qanunvericiliyin tələblərinə uyğun maliyyə hesabatlarında əks etdirilməməsi həmin büdcə təşkilatlarının hesabatlılığında təhriflərə yol verilməsi ilə yanaşı, şəffaflığın da təmin olunmadığını göstərir.
Bundan əlavə, 2014-cü və 2015-ci illərdə büdcədənkənar vəsaitlər üzrə debitor borcların az göstərilməsi ödənişli əsaslarla təhsil alan ümumi tələbə kontingentinin müvafiq olaraq Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci üzrə 29,1 %-nin və 40,2 %-nin, Mingəçevir Turizm Kolleci üzrə isə 31,5 %-nin və 34,5 %-nin xaric olunması ilə əlaqələndirilir ki, bu da qeyri-real görünür. Bu hal real vəziyyətin ilkin sənədlər əsasında araşdırılmasını zəruri edir.
Təhsil Nazirliyi Hesablama Palatasına bildirib ki, nazirliyin tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Hesabat Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib.
Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.
"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.
Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir.
Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.
BAKI, 24 fevral — Sputnik. Dekabrın 19-da onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.
Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.
BAKI, 2 mart — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Ağıllı Şəbəkələr konsepsiyasının həyata keçirilməsində daha bir yenilik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət kommunal sektorda ilk dəfə xüsusi təyinatlı uçuş aparatlarının tətbiq edilməsindən gedir.
"Azərişıq"ın Ağıllı Şəbəkələr konsepsiyası tamamilə müasir və innovativ texnologiyaların istifadəsi üzərində qurulub. Bu konsepsiya çərçivəsində, artıq reallaşdırılmış müasir tipli mühafizəli və izolyasiyalı yüksək gərginlikli xətlərinin, 3D-mobil xəritəçilik sisteminin, məsafədən Optik portla elektrik sayğaclarının oxunması və mövcud idarəetmə platformasına inteqrasiya işləri uğurla davam etdirilir.
Rəqəmsal idarəetməyə keçid proqramı istiqamətində aparılan genişmiqyaslı tədbirlər sırasına xüsusi təyinatlı uçuş aparatları ilə Hava Elektrik Veriliş Xətlərinə (HEVX) kompleks və lokal baxış keçirilməsinin təşkili də əlavə edilmək üzrədir. Belə ki, ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi" üzrə təlim-tədris kursuna start verilib. Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. Bu səbəbdən də onlara Xüsusi Təyinatlı Texniki Uçuş aparatları adı verilib. Belə kameralar 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.
Ənənəvi üsulla xətlərə texniki baxışın keçirilməsi üzun müddətli və mürəkkəb dispetçer əməliyyatlarının aparılmasını tələb edən bir prosesdir. Burada əlavə işçi heyətin, maşın–mexanizlərin, xüsusi qaldırıcı texnikanın cəlb edilməsi də qaçılmazdır. Nəticədə, elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranır, abonent məmnunluğu və xidmət keyfiyyəti göstəriciləri pisləşir. Müasir texnologiyaların tətbiqi ilə bütün bu problemlər aradan qaldırılır, yüksək dəqiqlikli vizual qeydiyyat aparılır, virtual arxivləşdirilir, ən əsası – abonentlərin elektrik enerjisi verilişində fasilələr yaranmır.
Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarının işğaldan azad olunmuş ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub", - deyə qurum bəyan edib.