Bakı İstedadlar Təhsil Kompleksinin binası, arxiv şəkli

Təhsil Kompleksinin adı dəyişdi

508
(Yenilənib 22:16 04.04.2017)
Yeni loqoda qalxan, şir kimi rəmzlərdən və göy rəngdən istifadə edilib

BAKI, 4 apr — Sputnik. Bu gün Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) yeni adı, şüar və loqosunu təqdim edib. 

"Report" xəbər verir ki, məktəbin yeni adı Azərbaycan Britaniya Kollecidir (ABC).  

Məktəbin direktoru Siqve Austheim bildirib ki, keçən təhsil ilinin başlanğıcından bəri orta təhsil bölməsində, bu ilin əvvəlindən isə ibtidai təhsil bölməsində əsas fənlər üzrə Kembric tədris proqramı tətbiq olunur: "Məktəbin yeni adı Britaniya tədris proqramına istinad etməklə məktəbin kimliyini və təhsil üstünlüklərini daha dəqiq ifadə edir. Yeni loqoda qalxan, şir kimi rəmzlərdən və göy rəngdən istifadə edilib. Məktəb bununla təhsil qurumları üçün səciyyəvi olan təhsilin gücü, müdafiə, birlik, ləyaqət, ədalət, sabitlik və sağlam mühakimə kimi xüsusiyyətləri təcəssüm etməyə çalışıb. 

Məktəbin rəhbərliyi qeyd edib ki, yeni ad və loqo istisna olmaqla, məktəbin idarə və işçi heyətində heç bir dəyişiklik nəzərdə tutulmur: "Məktəbin ünvan, telefon və faks nömrələri dəyişməz qalıb və məktəb özünün strukturu çərçivəsində fəaliyyət göstərməyə davam edəcək". 

Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompeksi 2012-ci ildə fəaliyyətə başlayıb. Məktəbdə Azərbaycan da daxil olmaqla, 17 müxtəlif ölkədən olan 420 şagird təhsil alır. Məktəb Kembric Beynəlxalq İmtahan Məktəbi və Edexcel Mərkəzi tərəfindən akkreditasiya olunub. Məktəb CİS üzvüdür və COBİS üzvü olmaq üçün namizəddir.

508
Mirənvər İsmayılzadə

Stereotipləri qıraraq - böyük sözünə baxmamaq azərbaycanlı gəncin həyatını dəyişdi

905
Ötən il Tibb Universitetində təhsilini yarıda qoyub, bu il ali məktəbə qəbul olmaq üçün yenidən imtahanlara qatılan lənkəranlı gənc yüksək nəticə əldə etdi

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. O ötən il yüksək balla həkimlik ixtisasına daxil olur, 3-4 ay da Tibb Univeristetinin auditoriyasında oturur. Lakin bu müddətdə anlayır ki, valideynləri onu cərrah görmək istəsələr də, bu sahənin adamı deyil. Bu il ali məktəbə qəbul olmaq üçün yenidən imtahanlara qatılan Lənkəran rayonunun Digah kənd sakini Mirənvər İsmayılzadə birinci mərhələdə 300 bal toplamaqla respublikada yüksək nəticə əldə edib.

Mirnail İsmayılov oğlunun yüksək balla qəbul olunduğu Tibb Universitetini tərk etməsinin onları sevindirmədiyini Sputnik Azərbaycan-a müsahibəsində bildirdi: "Yəni bu, hər adamın başına gələn hadisə deyil. Hər bir valideyn öz övladının ya hüquqşünas, ya yüksək səviyyəli mütəxəssis, xüsusən də həkim olmasını arzu edir. Biz Mirənvəri cərrah kimi görmək istəyirdik. Sən demə, onun başqa bir fikri var imiş. Universiteti tərk etdikdən sonra bütün tənqidi fikirlərə dözdü. Lakin onun növbəti imtahanlarda daha yüksək nəticə əldə edəcəyini vəd verməsini də xatırlamıram. Açığı, belə bir nəticəni gözləmirdim və gecənin bir yarısı xəbəri biləndə yaxşı tərəfdən şok oldum. Bütün valideynlərə belə bir şok olmalarını arzu edirəm. Mirənvərə dərs deyən 10 saylı məktəbin müəllimləri ona qəbul olunmasında dəstək oldular və buna görə onlara, xüsusən də məktəbin direktoruna çox-çox minnətdaram".

© Sputnik / Rahim Muradov
Mirənvər İsmayılzadə atası Mirnail İsmayılovla birgə

Məlumat üçün bildirək ki, Mirənvər İsmayılzadə 2019-cu ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbini bitirdikdən sonra ali məktəblərə qəbul imtahanlarında 652 bal toplayaraq Tibb Universitetinə qəbul olunub. "Müalicə işi" fakültəsində 3-4 ay təhsil aldıqdan sonra öz ərizəsi ilə universitetdən xaric olunmasını istəyib.

Səbəbi isə Mirənvər belə izah edib: "Universitetdə bir müddət təhsil aldıqdan sonra həkimliyin istədiyim peşə olmadığını anladım. Ötən il öyrəndiklərim bu il mənim hazırlaşmağımda çox mühüm rol oynadı. Dərs ilinin əvvəllərində müəyyən qədər hazırlıq kurslarında məşğul oldum. Lakin ilin ikinci yarısında pandemiyaya görə hamı kimi mən də hazırlıqlarıma evdə davam etməli oldum.

Ötən il IV ixtisas qrupunu seçmişdim, bu il isə I ixtisas qrupunu seçdim. Qruplarda fənlər, demək olar, oxşar olduqları üçün hazırlaşdığım dövrlərdə elə də ciddi çətinliklərlə qarşılaşmadım. DİM-in təşkil etdiyi sınaq imtahanlarının, demək olar, hamısında iştirak etdiyim üçün qəbul imtahanlarında qəti həyəcanlanmadım. Abituriyentlərə məsləhətim odur ki, nəzəriyyəni oxuyub bitirdikdən sonra öz biliklərini testlərlə təkmilləşdirə bilərlər. Çünki mən 9-cu sinfə qədər nəzəriyyəni tam oxuyandan sonra X-XI siniflərdə yalnız testlərlə işləyirdim. Mən XI sinifdə oxuyanda, demək olar ki, nəzəriyyə oxumurdum, yalnız testlərlə işləyirdim".

"Qeyd edim ki, atamla anam ingilis dili fənni üzrə müəllimdirlər. Hər iki valideynimin mənim qəbul imtahanlarına hazırlaşmağımda böyük dəstəkləri olub və onlara böyük minnətdarlığımı bildirirəm. Bundan əlavə, bitirdiyim şəhər 10 saylı orta məktəbin direktoru Qadir Axundov müəllimə də dərin təşəkkürümü bildirirəm. Çünki Qadir müəllim imtahanlara hazırlıq prosesində mənə ciddi şəkildə dəstək verib. Mənim bir bacım var, o da dərslərini yaxşı oxuyur, lakin onun hazırlaşdığı ixtisas bloku mənimkindən fərqli olduğu üçün bacıma çox da köməklik göstərə bilmirəm", - Mirənvər əlavə edib.

Beləliklə, qəbul imtahanının birinci mərhələsində maksimum 300 bal toplayan M.İsmayılzadənin hədəfi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır. Qeyd edək ki, Mirənvər İsmayılov ötən il Amerika Birləşmiş Ştatlarının univeristetlərinə qəbul imtahanlarında da yüksək nəticə göstərib. Lakin Azərbaycanın Tibb Universitetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.

905
Əlaqədar
Yeni modelə keçidin başlanğıcı: Azərbaycanda pandemiya dövründə təhsil inqilabı
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
Bəzi buraxılış imtahanları sentyabrda keçiriləcək – Mühüm yenilik
Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?
Ekspert: “Pandemiya xaricdə təhsil alanların sayına təsir edib”
Təhsil Nazirliyinin binası, arxiv şəkli

Təhsil Nazirliyində maraqlı təyinat

907
(Yenilənib 15:24 12.08.2020)
Xalq artisti Afaq Bəşirqızının gəlini Könül Təhməzova artıq kollektivə təqdim olunub və işə başlayıb

BAKI, 12 avqust — Sputnik. Təhsil Nazirliyi Bakı şəhəri, 7 nömrəli tam orta məktəbə yeni direktor təyin edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Bülbül adına orta ixtisas musiqi məktəbinin keçmiş müəllimi Könül Təhməzova sözügedən məktəbə direktor vəzifəsinə təyin edilib. Məktəbdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Könül Təhməzova artıq kollektivə təqdim olunub və işə başlayıb. Məktəbin əvvəlki direktoru Könül Həsənova isə başqa məktəbin idarəçiliyinə göndərilib.

Qeyd edək ki, Könül Təhməzova Xalq artisti Afaq Bəşirqızının oğlu Səmralın həyat yoldaşıdır. Cütlüyün iki oğlu var. Oğlanların böyüyü SSRİ xalq artisti, unudulmaz Bəşər Səfəroğlunun adını daşıyır.

907
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 124 nəfər koronavirusdan öldü

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 13 avqust - Sputnik. Son bir sutka ərzində Rusiyada 5057 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 124 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 907758-ə çatıb. Rusiyada pandemiya yayılandan 15384 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə Rusiyada bu virusdan sağalanların sayı 716396-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 20,2 milyonu keçib, 741 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0