Tələbə. Arxiv şəkli

Ekspertlərdən həyacan təbili: xaricə axın başlaya bilər

5853
"İmtahan qiymətlərinə yenidən baxılmalı və qiymətlər azaldılmalıdır. Əks halda təhsildə böyük problemlər yaranacaq"

BAKI, 22 mart — Sputnik. Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxıb və müvafiq qərar qəbul edib. Qərara əsasən imtahan vermək üçün ödəniləcək məbləğlər belə olacaq:

Orta ixtisas məktəblərinə daxil olmaq üçün 20 manat;

Ali təhsilin bakalavr pilləsinə daxil olmaq üçün 40 manat;

Birinci mərhələ magistr imtahanı üçün 50 manat;

İkinci mərhələ magistr imtahanı və Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulun birinci mərhələsi üçün 60 manat;

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulun ikinci mərhələsi 100 manat.

İnsanlar sosial şəbəkələrdə yeni qərara qarşı çıxaraq bildiriblər ki, bu qiymətlər imtahan vermək üçün çox bahadır. Belə şərtlərlə təhsil almaqdansa, xaricdə təhsil almaq daha yaxşıdır. Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı mütəxəssislərdən münasibət alıb.

Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, uzun illər Azərbaycanda universitetlərə qəbul imtahanının pulsuz olması, indi isə ödənişli əsasa keçilməsi təbii ki, müəyyən dəyişikliyə, dolayısı ilə müvəqqəti narazılığa, emosional etiraza səbəb olub: "Kimsə məhz 40 manat imtahan pulu verməmək üçün xaricdə təhsil almağa üstünlük verəcəyini bildirirsə, bu, sadəcə emosional reaksiyadır".

B. Hacıyev qeyd edib ki, xaricdə universitetlərin əksəriyyətinə müraciət ödənişlidir: "Hər universitetin qəbul komissiyası var və o komissiya müraciət edən tələbələrin sənədlərini araşdırmaq üçün ödəniş tələb edir. Bu ödənişlər universitetdən asılı olaraq, 80-100, 150-200 dollar arasında dəyişir. Bundan əlavə, universitetlər müəyyən bilik və bacarıqları ölçmək üçün GRE, GMAT, SAT, IELTS, TOEFL, LSAT kimi standartlaşdırılmış imtahanların nəticələrini universitetə göndərməyi tələb edir. Bu imtahanlara girmək isə bir neçə yüz dollardır. Bundan əlavə, bir imtahanın nəticəsini bir neçə universitetə göndərmək də ödənişlidir".

"Bütün bunları nəzərə alsaq, məhz dövlət imtahanının ödənişli olmasına görə insanların xaricdə təhsilə üz tutacağını gözləmək olmaz" — Bəxtiyar Hacıyev deyib.

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, ali məktəblərə qəbul imtahanları üçün tələb olunan yüksək xidmət haqqı Azərbaycan gənclərinin xaricdə təhsil alması istiqamətində mühüm artıma səbəb olacaq: "Çünki buna qədər imtahanda iştirak edənlər, indi heç imtahana girməyib birbaşa xarici ölkələrdə təhsillərini davam etdirməyi düşünəcəklər. Çünki çəkilmiş xərc böyük ehtimalla itirilmiş məbləğ hesab olunur".

O, qeyd edib ki, bundan başqa, DİM tərəfindən keçiriləcək imtahan iştirakçılarda böyük stress və ruh düşkünlüyü yaradacaq: "Böyük əksəriyyət bu problemləri yaşamamaq üçün imtahanda iştirak etməyib sadə qaydalarla xaricdə təhsil almağa çalışacaq. Bunu qaçılmaz edən digər mühüm amil isə xarici ölkələrdə təhsil haqlarının Azərbaycandan az, təhsilin keyfiyyətinin isə yüksək səviyyədə olmasıdır".

Dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hal-hazırda da tələbələr xaricdə oxumağa gedirlər: "Tələbələrin əksəriyyəti Ukrayna, Türkiyə və Rusiyaya gedir. Hansı ki, orda imtahan pulla deyil, attestatladır. Ora gedənlərin məqsədi əsgərlikdən yayınmaq və heç olmasa ortabab təhsil almaqdır. Çünki yüksək biliyə sahib deyillər. Təbii ki, yüksək nəticə toplasaydılar, elə Azərbaycanda oxuyardılar. Belə universitetlərə gedənlərin əksəriyyəti zəif təhsil alan tələbələrdir".

Ekspertin sözlərinə görə, bu qiymətlərin tətbiq edilməsi təhsilə marağı azaldacaq: "Məsələn, magistraturaya maraq bir qədər azdır. Çox tələbə bu sahəni oxumağın mənasız olduğunu qeyd edir. Xüsusilə oğlanlar magistraturaya maraq görtərmirlər. Bu da o deməkdir ki, yaxın gələcəkdə elmi sahədə işləyənlər sırasında balans pozulacaq və xanımlar üstünlük təşkil edəcək".

"Deməli, magistratura imtahanlarının qiymətinin bu qədər baha olması bu sahəyə marağı xüsusilə azaldacaq. Dövlət İmtahan mərkəzinin büdcəsini doldurmaq üçün hesablanan bu yeni qaydalar təhsilə böyük zərbə vuracaq" — mütəxəssis vurğulayıb.

İ. Hüseynov əlavə edib ki, qiymətlərə yenidən baxılmalıdır və qiymətlər azaldılmalıdır: "Əks halda təhsildə böyük problemlər yaranacaq".

5853
Teqlər:
İlyas Hüseynov, Tarif (qiymət) Şurası, Sputnik Azərbaycan, Kamran Əsədov, Bəxtiyar Hacıyev, ödəniş, təhsil, imtahan, magistratura, tələbə, abituriyent, Azərbaycan, qiymət
Əlaqədar
Dövlət İmtahan Mərkəzindən vacib elan
İmtahanın keyfiyyəti vəsaitin məbləğindən asılıdır
DYP-nin "prava" verdiyi sürücünü DİM təkrar imtahana çəkəcək
Dövlət İmtahan Mərkəzindən gözlənilməz qərar
Qəbul imtahanlarının qiyməti ilə bağlı təkliflər Tarif Şurasına göndərildi
Dövlət İmtahan Mərkəzinin nümayəndəsi: "Monitorinqin nəticələri ürəkaçan deyil"