Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova

Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”

181
Professor Yevgeniya Şubenkova: "Təhsilin keyfiyyətinə birbaşa təsir edən layihələrin belə operativliklə və müvəffəqiyyətlə tətbiq edilməsində UNEC-in təcrübəsindən yararlanmaq lazımdır"

BAKI, 6 fev — Sputnik. Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova UNEC-də olub. Bu barədə Sputnik Azərbaycan UNEC mətbuat xidmətinə istinadən məlumat verir.

UNEC-də “Təhsilin sosial – iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Azərbaycana gələn xanım Şubenkova universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov ilə görüşüb. Y.Şubenkova UNEC-lə tanışlıqdan məmnun olduğunu bildirib. Universitetdə tətbiq olunan yenilikləri yüksək qiymətləndirən rusiyalı professor Elektron Universitet Modeli, differensial əməkhaqqı sisteminin mükəmməlliyindən danışıb: “Elektron universitet layihəsi çərçivəsində tətbiq olunan elektron jurnal, müəllim və tələbələrin şəxsi kabineti, elektron tribuna tədris prosesini daha da asanlaşdırır. Sistem vasitəsilə tələbələr müəllimlərin reytinqini də müəyyənləşdirə bilir, eyni zamanda tədris prosesini qiymətləndirmək imkanı əldə edir. Bütün bunlar tədrisin keyfiyyətinin artırılmasına birbaşa təsir edən amillərdir. İmtahanların müasir texnologiyalarla, mərkəzləşdirilimiş qaydada aparılması da şaffaflıq və operativliyin təmin edilməsi baxımından əvəzsizdir. 

Pedaqoji fəaliyyətin stimullaşdırılması üçün UNEC-in məhsulu olan differensial əmək haqqı sistemi də öz unikallığı ilə seçilir. Fikrimcə, istər elmi, istər tədris fəaliyyətlərini, istərsə də özünüinkışafını artırmaları, təkmilləşdirmələri üçün müəllimləri stimullaşdıran daha mükəmməl sistem ola bilməz. Biz uzun müddətdir Plexanov adına Rusiya İqtisad Universitetində eyni sistemi qurmaq istəyirik. Gördüklərimdən sonra deyə bilərəm ki, bizim neçə illərdir etməyə çalışdıqlarımızı UNEC qısa bir müddətdə uğurla reallaşdırıb. Təhsilin keyfiyyətinə birbaşa təsir edən layihələrin belə operativliklə və müvəffəqiyyətlə tətbiq edilməsində UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”.

Azərbaycan barədə təəssüratlarını bölüşən qonaq ölkədə mövcud olan əmin-amanlıq və iqtisadi-siyasi sabitlik şəraitindən danışıb: “Bir çox postsovet respublikaları hələ də XX əsrin sonlarının “yenidənqurma” fəsadlarından tam qurtulmadıqları halda, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı tez bir zamanda bu fəsadlardan xilas etdi. Hava limanına endiyimiz andan etibarən qarşılaşdığımız ab-hava, yüksək xidmət mədəniyyəti, insanların gülərüzlüyü Azərbaycan haqqında yüksək təəssürat yaradır. Ölkəniz həqiqətən də çox gözəldir. Burada istər modern üslubda, istərsə də qədimilik baxımından möhtəşəm tikililər var. Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, İçərişəhər, eləcə də UNEC-in binası müasirliklə qədimliyin sintezidir”.

Görüşdə Plexanov adına Rusiya İqtisad Universiteti ilə UNEC arasında əməkdaşlığın növbəti mərhələsi də müzakirə edilib. Qonaq fakültələr və bir sıra ixtisaslar üzrə tədris proqramlarının uzlaşdırılmasından sonra ikili diplomlar haqqında razılığın əldə olacağına əminliyini bildirib.

181
Tələbələr, arxiv şəkli

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı

6
(Yenilənib 18:14 29.05.2020)
Ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

BAKI, 29 may — Sputnik. Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

Bu tədbirlərdən biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini ehtiva edir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən http://e-telebe.edu.az portalı yaradılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən qərarda qeyd edilən əhali qruplarına aid ailələrin üzvləri olan tələbələr adıçəkilən platformada qeydiyyatdan keçməklə təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciət edə bilərlər. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ tərəfindən müvafiq videotəlimat hazırlanıb. Videotəlimatın hazırlanmasında məqsəd dövlət tərəfindən yaradılmış bu imkandan hüququ çatan hər bir tələbənin faydalanmasına töhfə verməkdir.

6
Əlaqədar
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Təhsil nazirindən təhsil haqqı ilə bağlı açıqlama
Güzəştdən yararlanmağın yolları - ekspert tələbələrə yol göstərir
Ali məktəbə hazırlaşanları və bitirənləri hansı dəyişikliklər gözləyir – ekspert şərhi
İmtahan, arxiv şəkli

Buraxılış imtahanlarında tapşırıqların strukturu balları hesablama qaydası açıqlandı

20
Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur

BAKI, 29 may — Sputnik. Dövlət İmtahan Mərkəzi 11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydasını açıqlayıb.

Sputnik Azərbaycan DİM-in məlumatını təqdim edir:

11-ci sinif buraxılış imtahanı

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24 dən 12-yə endirilmişdir. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Azərbaycan (rus, gürcü) dili

- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

- Qapalı tipli 13 tapşırıq;

- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Xarici dil

- Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

- Qapalı tipli 16 tapşırıq;

- Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də  təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

“Azərbaycan dili” (dövlət dili kimi) imtahanı

Qeyri-Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il “Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

-Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).

20
Əlaqədar
9-cu sinif buraxılış imtahanı bir mərhələdə keçiriləcək
Tələbələr nə vaxt imtahan verəcəklər?
Qəbul imtahanlarının keçirilməsi qaydaları açıqlandı
Bəzi mövzular buraxılış imtahanlarından çıxarıldı
İmtahandan kəsilən tələbələrə yenidən şans veriləcək
BakuBus avtobusu

Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib

0
Bu gün həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb.

BAKI, 30 may - Sputnik. 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları artıq “BakuBus” avtobusları ilə həyata keçirilir. Bu isə gündəlik daha 30 min nəfərə yaxın sərnişinə keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi deməkdir. 

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verən “BakuBus” avtobusları eyni zamanda fiziki imkanları məhdud sərnişinlər üçün əlçatandır.

Dəyişikliklə əlaqədar marşrut xətti boyunca təhlillər aparılıb və əlavə olaraq 6 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Bu gün həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb. Nəqliyyat könüllüləri sərnişinlərə koronavirus infeksiyasına dair metodiki göstərişlərə riayət olunmasının, o cümlədən də maskadan istifadənin zəruriliyini izah ediblər.

Qeyd edək ki, sərnişinlərə maska və flayerlərin paylanılması aksiyası mayın 19-dan başlayıb və qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə 100 min ədəd maskanın paylanılması nəzərdə tutulub.

0