AMEA

Rus ədəbiyyatı fondunun inciləri təqdim olunub

18
(Yenilənib 18:13 03.02.2017)
Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş bazası haqqında məlumat verib

BAKI, 3 fev — Sputnik. AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Rus ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib.

Sputnik Azərbaycan bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasının ictimaiyyətlə əlaqələr bölməsinə istinadən məlumat verir.

Təqdimatda çıxış edən MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın Rus ədəbiyyatı fonduna aid kitabların əldə edilməsi və kataloqlaşdırılması prosesindən danışaraq, MEK-in Milli Rəqəmsal Yaddaş bazası haqqında məlumat verib. MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir. A.Səfərova vurğulayıb ki, Rus ədəbiyyatı fondunda saxlanan və Azərbaycana aid olan əhəmiyyətli məlumatlar Milli Rəqəmsal Yaddaşa köçürülür. 

AMEA Mərkəzi Elmi Kitabxanasında Rus ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib
© Foto : AMEA mətbuat xidməti
AMEA Mərkəzi Elmi Kitabxanasında Rus ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib

MEK-in Fondların mühafizəsi bölməsinin əməkdaşı Aytən Xudiyeva slaydlı təqdimat edərək fondda 67555 adda kitabın, 13816 jurnalın, 56374 ardı davam edən nəşrin, 1308 komplekt qəzetin; 5763 dissertasiyanın, 2942 avtoreferatın; İxtisas fondunda (Kitabxanaçılıq İnformasiya sahəsi üzrə ixtisaslaşmış fond) 3640 kitabın, Nadir fondda isə 8759 ədəd rus ədəbiyyatının saxlanıldığını bildirib. Rusiya ilə beynəlxalq kitab mübadiləsindən danışan çıxışcı Mərkəzi Elmi Kitabxananın tərəfdaşları sırasında Rusiya Dövlət Kitabxanasının, Təbiət Elmləri üzrə Kitabxananın və s. adlarını çəkib. Çıxışın mətnini buradan yükləyə bilərsiniz.

AMEA Mərkəzi Elmi Kitabxanasında Rus ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib
© Foto : AMEA mətbuat xidməti
AMEA Mərkəzi Elmi Kitabxanasında Rus ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib

MEK-in Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova Azərbaycanda ən böyük elmi ədəbiyyatın saxlandığı ünvanın Mərkəzi Elmi Kitabxana olduğunu bildirib. O, rus ədəbiyyatının saxlanma formatı haqqında məlumat verib. Çıxışcı Rus ədəbiyyatının vacibliyini və saxlanılan rusdilli ədəbiyyatda Azərbaycana, bölgəyə aid vacib materialların toplandığını qeyd edib.

18