AMEA

Tarix İnstitutunun Elmi Şurası özbək alimi ilə bağlı bəyanat qəbul edib

31
Şuxrat Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb

BAKI, 1 fev — Sputnik. Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Sputnik Azərbaycan bu barədə Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.

Məlumata əsasən, iclası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov açaraq bildirib ki, gündəlikdəki əsas məsələ bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalmasıdır: “Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb”.

Y.Mahmudov qeyd edib ki, Ş.Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb: “Bu yolverilməzdir, çünki özbək alimi öz əsərlərində erməni faşizmi tərəfindən Azərbaycan, Şərqi Anadolu, Mərkəzi Asiya və digər bölgələrdə türk-müsəlman xalqlarına qarşı törədilmiş soyqırımlarını tədqiq edib. Tarixi həqiqətləri işıqlandıran Şuxrat Salamovu millətlərarası nifaqın qızışdırılmasında günahlandırmaq faşizmə, soyqırımları törədən qüvvələrə haqq qazandırmaq, onları müdafiə etmək deməkdir”. 

Toplantıda bildirilib ki, Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxlu sayda sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdikləri soyqırımını sübut edən kitablar çap edilib.

Sonda Tarix İnstitutunun Elmi Şurası tərəfindən yekdilliklə Şuxrat Salamovla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, Ş.Salamov millətlərarası nifrəti qızışdırmır, çünki o, erməni etnosu ilə “erməni faşizmi” və “erməni terrorizmi” anlayışlarını bərabərləşdirmir.

Qəbul olunmuş bu bəyanatın Özbəkistan Respublikasının müvafiq dövlət və hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Şuxrat Salamov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri doktorudur.

31
Teqlər:
Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək, Qarabağ: ideyalar müharibəsi, Özbəkistan Baş Prokurorluğu, Tarix İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA, Şuxrat Salamov, Yaqub Mahmudov, Fərqanə, Şərqi Anadolu, Qarabağ, Mərkəzi Asiya, Özbəkistan, Azərbaycan