ELM

Məktəblilər nazirin qərarına hazırdırlar?

© Photo : STROrta məktəb şagirdləri dərs zamanı
Orta məktəb şagirdləri dərs zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Orta məktəblərdə 9-cu sinifdən təmayülləşmə müsbət addım hesab olunsa da...

BAKI, 24 yan — Sputnik. "Dünyanın aparıcı ölkələrində tədris, əsasən təmayüllər üzrədir. Hər şeyi bilmək mümkün deyil. Təmayüllər üzrə tədris təhsilin güclənməsinə istiqamətlənib".

Məktəblilər - Sputnik Azərbaycan
ELM
Təhsil nazirindən gözlənilməz qərar - valideynlər təlaşda

Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib. Onun sözlərinə görə, tələbələr onsuz da ali məktəblərdə spesifik sahəni öyrənirlər: "Amma bir də var ki, bu spesifik sahənin fundamenti 9-cu sinifdən qoyulsun. Onda daha yaxşı olur. Sahə nə qədər daralsa, dərinliyə doğru inkişaf bir o qədər ciddi olar. Yəni, təhsili dərininə öyrənmək imkanı qazanılır".

Ekspert bildirib ki, bundan əvvəl Azərbaycanda 9 rayonda bununla bağlı pilot layihə həyata keçirilib: "İndi isə bütün Respublikanı əhatə etməyi düşünürlər. Əslində, bunu düzgün addım hesab edirəm. Amma hazırkı zamanda bunun özünü nə qədər doğruldacağına şübhə ilə yanaşıram. Ona görə ki, Azərbaycanda hələlik köklü təhsil islahatı yoxdur. Bu, yoxdursa, təmayüllər üzrə təhsildən də elə ciddi, müsbət nəticələr gözləmirəm".

Təhsil eksperti Məlahət Mürşüdlü də Sputnik Azərbaycan-a açıqlamasında bunu müsbət qiymətləndirib: "Buna çoxdan keçməli idik. Çünki, toplanmış təcrübə var. Bizim türk liseylərində 9-cu sinifdən təmayülləşmə başlayır. Və burada siniflər 3 qrup üzrə — sosial, dəqiq və humanitar fənnlər üzrə şagirdlərin seçiminə uyğun olaraq komplektləşdirilir. Nəticə göz qabağındadır".

Ekspert 21-ci əsr informasiya bolluğu dövrüdür: "Uşaqların beyinini bütün informasiyalarla doldurmaq qeyri-mümkündür və düzgün deyil. Yəni, bütün fənnlər üzrə kamil biliyə sahib olmaları qeyri-mümkündür. Düşünürəm ki, Təhsil Nazirliyinin bu addımı düzgün addımdır. Müsbət nəticəsi olacaq. Uşaqlar maraq göstərdikləri sahədə mükəmməl təhsil almaq, dünyagörüşünü formalaşdırmaq imkanlarına malik olacaqlar".

Qeyd edək ki, Sputnik Azərbaycan-ın sorğusunu cavablandıran Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, bu ildən orta məktəblərdə təmayül siniflərinin yaradılması xəbəri həqiqətə uyğundur: "Şagirdlərin seçdiyi ixtisas qrupu üzrə təmayül fənləri təyin olunur. Amma digər fənnlərin tədris edilməyəcəyi ilə bağlı məlumatlar yanlışdır. Şagirdlərə digər fənnlər də tədris olunacaq. Sadəcə olaraq, əvvəllər daha çox fənn tədris olunurdusa, artıq qərar verilib ki, şagirdlərin həddən artıq yüklənməməsi üçün fənnlərin sayı bir qədər azaldılsın. Amma bütövlükdə bütün fənlərin keçirilməməsi məsələsi doğru deyil".

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, təmayülləşmiş məktəblərin yaradılmasına hələ iki il öncə başlanılıb və təhsil nazirinin göstərişi ilə Bakı və Sumqayıt şəhərlərində bir neçə belə məktəb təyin edilib. "Bu ildən isə belə məktəblər daha da artıb və artıq 2016-2017 tədris ilindən ölkənin 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunur. Belə məktəblərdə tədris şagirdlərin meyl və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq həmin fənnlər daha da dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur. Bu nəinki Azərbaycanda, dünya təcrübəsində tətbiq edilən təhsil sistemidir".

Xəbər lenti
0