Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Fərqli təhsilin üstünlükləri: hər şey tələbə üçün

440
(Yenilənib 13:40 12.01.2017)
Yaxın gələcəkdə digər universitetlərin də belə təhsil sisteminə keçməsi daha yaxşı olar

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 yan — Sputnik. Azərbaycan universitetlərində 2016-2017 təhsil ilinin birinci yarım ili sona çatıb. Tələbələr bu müddət ərzində qazandığı bilikləri sınayaraq imtahan verir və bununla da semestrə yekun vururlar. Sputnik-in əməkdaşı kimi bir çox universitetlərdən fərqli olaraq daim qapısı mediaya açıq olan Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) ziyarət edib. Beləliklə:

Məqsədim universitetdə imtahanların keçirilməsini canlı müşahidə etmək idi. Universitetə daxil olub, imtahan keçirilən zallara yaxınlaşdım. Sükutu imtahandan çıxan tələbələrin bir-biri ilə söhbətləri pozurdu. İmtahan keçirilən zalın qarşısında bir xanım və bir bəy mühafizəçi dayanmışdı. Fürsətdən istifadə edib, imtahanın təhlükəsizliyi ilə bağlı onlara sual ünvanladım.

Mühafizə şirkətinin əməkdaşı Şəlalə Qasımova bildirdi ki, qızların üzərində daha çox kağız qeydlər ("şparqalka" — red.) olur: "Telefonlar böyük olduğundan, onu tapmaq asandır. Kağız qeydlər isə balaca olduğundan, bəzən gizlədə bilirlər. Amma bu hallara çox az-az rast gəlinir".

Digər mühafizəçi İlkin Abbasovun sözlərinə görə, tələbələr imtahana telefonlar, qulaqcıqlar, fləş kartlar və ən çox da imtahan suallarının cavabları olan kağız qeydlər gətirirlər: "Nəzarətimiz güclüdür. Çalışırıq ki, tələbələr imtahanda işlədə biləcəkləri heç bir əşyanı imtahan keçirilən otağa keçirə bilməsin".

"Test üsulu daha effektli olar…"

İmtahandan çıxan tələbələr sevinir və digər yoldaşları ilə imtahan suallarını müzakirə edirdilər. Biz də onlara qoşulub söhbət etmək qərarına gəldik. Tələbələr söhbət əsnasında bildirdilər ki, universitetin onlara verdiyi təhsildən razıdırlar və xüsusən də, keçirilən imtahanların səviyyəsindən narazı deyillər.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (BİM) dünya iqtisadiyyatı fakültəsinin 3-cü kurs tələbəsi Leyla Həsənovanın sözlərinə görə, oxuduğu universitetdəki təhsilin səviyyəsini yoxlamaq üçün digər universitelərlə müqayisə aparıb: "Müqayisə nəticəsində mənə aydın oldu ki, bizim universitetdə daha keyfiyyətli imtahanlar keçirilir. Tələbələrin imtahanların sıralanmasını və zamanını özlərinin seçmək imkanı olsaydı, daha yaxşı olardı. Bəzən iki çətin imtahan ard-arda düşdür və bu, bizim üçün çox çətin olur".

BİM-in dünya iqtisadiyyatı fakültəsinin 3-cü kurs tələbəsi Əşrəf Hüseynov da deyir ki, imtahanların şəffaf keçirilməsi onu bir tələbə kimi qane edir: "İstərdim ki, yazılı imtahanlar əvəzinə də test üsulu tətbiq edilsin. Bu daha effektli ola bilərdi".

  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
    © Sputnik / Murad Orujov
1 / 9
© Sputnik / Murad Orujov
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Hər şey tələbə üçün

Yazılı imtahanlar yekunlaşdı və biz də universiteti gəzmək qərarına gəldik. Divarları universitetin məşhur məzunlarının, UNEC-ə gəlmiş tanınmış alimlərin fotoşəkilləri və onlar haqqında məlumatlar bəzəyirdi.

Universitetin bir guşəsində tələbələr üçün internet qurulub. Tələbə bu guşədə dərs üçün lazım bildiyi hər hansı bir materialı internet vasitəsi ilə tapmağa çalışır.

Universitetdə iki kitabxana faəliyyət göstərir: adi kitabxana və onlayn kitabxana. Hər iki kitabxana axşama kimi tələbələrin ixtiyarındadır.

Binanı gəzərkən UNEC-in ən uğurlu tələbələrindən sayılan və maliyyə ixtisası üzrə təhsil alan üçüncü kurs tələbəsi Emil Alıyev ilə qarşılaşdıq. Emil əlaçı tələbələrdəndir və vaxtaşırı xarici universitetlərdə UNEC-i təmsil edir.

O, söhbət zamanı universitet haqqında fikirlərini bölüşdü: "İngilis dilində təhsilin inkişafı və elektron universitetin yaradılması çox gözəldir. Bu da bizim daha keyfiyyətli təhsil almağımıza kömək edir. Eyni zamanda, tələbələr elektron universitetdə gizli səsvermə ilə müəllimlərin səviyyəsini müəyyən edirlər. Bu da çox gözəldir".

UNEC-in əlaçı tələbəsi onu da qeyd etdi ki, universitetin internetlə tam təmin olunmasını istərdi. E. Alıyev digər tələbə yoldaşından fərqli olaraq, test imtahanlarının ləğv edilməsinin tərəfdarıdır: "Bu zaman tələbələr əzbərçilikdən uzaq olacaq və şəffaf qiymətləndirmə alınacaq".

Differensial maaş sistemi

Universitetdə olduğumuz zaman müəllim heyəti ilə də görüşdük. Türk Dünyası İşlətmə Fakültəsində İqtisadiyyat və işlətmə kafedrasının müdiri, dosent Fariz Əhmədov söhbət zamanı qeyd etdi ki, diferensial maaş sisteminin mövcudluğunu müsbət hal kimi dəyərləndirir: "Gözəl təşəbbüsdür. Çünki, bu maaş sistemi müəllimlərin öz üzərində işləmələrinə və daha da keyfiyyətli işlər ərsəyə gətirmələrinə səbəb olur".

"Hətta statistika da göstərir ki, 2014-cü illə müqayisədə müəllimlər 2015-2016-cı illərdə yerli və xarici mətbuatda daha çox məqalə dərc etdiriblər, daha çox xarici konfransda iştirak ediblər. Eyni zamanda, dərs vəsaitlərini daha da təkmilləşdirərək, tələbələrə fərqli şəkildə dərs tədris edirlər. Bu da, məhz diferensial maaş sisteminin nəticəsidir".

Universitetdən çıxandan sonra yol boyu düşündüm ki, yaxın gələcəkdə digər universitetlərin də belə təhsil sisteminə keçməsi daha yaxşı olar…

440
Teqlər:
BİM, UNEC, təhsil, universitet, imtahan, tələbə
Əlaqədar
UNEC müəllimləri mükafatlandırılıb
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” filmi nümayiş olunub
UNEC-də “600+” tələbə klubu yaradılıb
UNEC rektoru: Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətinin monitorinqidir
UNEC-lə ACCA arasında müqavilə imzalanıb
İmtahan, arxiv şəkli

Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF

207
"Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Bu gün Azərbaycanda da yayılan koronavirus pandemiyası bütün sahələrə zərər vursa da, bir müddət sonra bir çox fəaliyyət sahələri bərpa olunub. Lakin mart ayından etibarən təhsil ocaqları, tədris müəssisələri və repetitorların fəaliyyəti dayandırılıb ki, bu da buraxılış imtahanı verməyə hazırlaşan 9 və 11-ci sinif şagirdlərinin ali məktəbə hazırlıq prosesinə mənfi təsir edib. Bu faktorlar fonunda ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı da abituriyentlərdə narahatlıq yaradıb. Belə ki, M.Abbaszadə bildirib ki, hərarəti olan abituriyentlər imtahan zalına buraxılmayacaq.

Yəni, bu şəxslərin imtahanı sentyabradək təxirə salına bilər. Tədris üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu qərara etirazını bildirib: "Martdan etibarən tədris prosesi dayandırıldıqdan sonra iki əsas məsələ ortaya çıxdı: dərslərin bərpası və mövcud pandemiya dövründə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının verilməsi. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar olaraq orta ümumtəhsil məktəblərində dərslərin bərpası mümkün olmayıb. Bunun fonunda qəbul imtahanlarının təşkili problemi ortaya çıxdı. Pandemiya ilə əlaqədar olaraq bir neçə yeni qayda ortaya çıxdı ki, onlardan biri imtahan otaqlarında imtahan iştirakçılarının sayı ilə bağlı oldu. İmtahan otağında şagird sayı 12-15 olaraq müəyyənləşdirildi".

"Yeni qaydalardan biri kimi imtahana gələn şəxsin tibbi yoxlanışı da vacibdir və əgər bu şəxslərdən hər hansı birində yüksək temperatur aşkarlanarsa, onun imtahana buraxılışı məhdudlaşdırılır. Lakin bu şəxslərə sentyabrda təkrar imtahan vermək şansı verilir", - deyə ekspert əlavə edib.

O bildirib ki, hər bir imtahan iştirakçısı imtahan vərəqəsinin arxa hissəsində koronavirusla bağlı məlumatın olduğu səhifəyə də imza atmalı olacaq: "Yəni, bu şəxslərin hər hansı birində koronavirus varsa, onlar bunu gizlədirsə, bu zaman həmin şəxslərin imtahan nəticələri ləğv olunacaq. Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər. Bu səbəbdən ən azı iki dəfə onların hərarəti ölçülməlidir".

"Bundan başqa, hesab edirəm ki, imtahana giriş zamanı yüksək hərarəti olan şəxslərə sentyabrda deyil, keçirilən digər imtahanlarda şərait yaradılsın. Mövcud vəziyyətə görə, ölkəmizdə 6 mindən çox şəxsdə koronavirus aşkarlanıb. Bunların hər birini bir ailə hesab etsək, bu o deməkdir ki, 6 min abituriyentin imtahanda iştirakı məhdudlaşdırıla bilər. Bu da düzgün yanaşma tərzi deyil. Onlara ayrı otaqlarda da imtahan vermək imkanı yaradıla bilər. Çünki martdan etibarən repetitorların da fəaliyyətinin məhdudlaşdırılması fonunda əlavə stress faktorunun yaradılması düzgün deyil".

207
Dərsliklər, arxiv şəkli

Dərslikləri qaytarmaq üçün uşaqlara fərqli günlər təyin olundu

15
(Yenilənib 20:47 02.06.2020)
Bəzi siniflərin şagirdləri dərslikləri iyunun ortasından sonra, bəziləri isə avqustun əvvəlindən etibarən qaytarmalı olacaqlar

 

BAKI, 2 iyun — Sputnik. "9-11-ci sinif şagirdlərinin dərslikləri qaytarması iyunun 15-30-u müddətində olacaq. Çünki həmin sinfin şagirdləri məktəbi bitirib gedə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.

Onun sözlərinə görə, digər siniflər bu prosesi avqustun 1-15-də edəcəklər: "I-V sinfin şagirdləri isə dərslikləri sentyabrın 1-15-də təhvil verməli olacaqlar".

15
Əlaqədar
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Bu nazirlik qəbulu iyunun 15-dək dayandırdı
Buraxılış imtahanlarının vaxtı məlum oldu
Dərslərlə bağlı sərəncam verildi
Bəzi müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

0
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

0