Küresel ısınma

BMT: 2016-cı il tarixdə ən isti il kimi qeydə alınıb

446
(Yenilənib 22:35 14.11.2016)
Təbii fəlakətlərin tez-tez baş verməsi və güclü olmasının səbəbi iqlim dəyişikliyidir.

BAKI, 14 noy-Sputnik. Alimlər hesab edirlər ki, cari il meteomüşahidə tarixində ən isti il olaraq rekorda imza ata bilər.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Petteri Taalas bildirib ki, 2016-cı ilin yayının o qədər də isti keçməməsinə baxmayaraq, qış vaxtından əvvəl gəlib. Bu ilin orta statistik qlobal temperaturu sənayeyəqədərki dövrdə və sənaye dövründə müşahidə edilmiş ümumi orta istilik göstəricilərindən 1,2 dərəcə Selsi yüksək olub.

Alimlər bir neçə onilliyin statistik göstəricilərini analiz edərək o nəticəyə gəliblər ki, hava fenomeni olan El-Ninonun və bizim planetin temperaturunun yüksəlməsinin başlıca səbəbi havaya buraxılmış parnik qazlarıdır.

Ekspertlərin fikrincə, təbii fəlakətlərin tez-tez baş verməsi və güclü olmasının səbəbi iqlim dəyişikliyidir.

446
Teqlər:
El-Nino, WMO, qlobal istiləşmə, Ümumdünya Meteorologiya Təşkilatı, Petteri Taalas
Əlaqədar
Qlobal iqlim dəyişikliyi ərzaq qıtlığı yaradıb
Qlobal iqlim dəyişikliyinin iki əsas səbəbi
"Bir səhv addım bəşəriyyəti qlobal müharibəyə sürükləyə bilər"
Onlayn təhsil, arxiv şəkli

Distant təhsil savadsızlıq - ekspertlər narazıdır

238
(Yenilənib 00:03 03.12.2020)
Ekspert: "Nə qədər ki gec deyil, biz ənənəvi təhsilə mütləq qayıtmalıyıq. Başqa sahələri bağlayıb, sırf təhsili açmaq lazımdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Noyabrın 30-da Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.  Sputnik Azərbaycan-ın məlumatına görə, bu qərarla tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddəti dekabrın 1-dən 30-dək uzadılıb. Distant təhsil müddətinin uzadılması sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib. Bunun təhsilin keyfiyyətinə mənfi təsir etdiyi barədə fikirlər səslənir.  

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma artdığına görə qərarın müddətinin uzadılması vacib olsa da, distant təhsil üçün resursların olmaması təhsilin keyfiyyətinə çox ciddi təsir edəcəkş Onun sözlərinə görə, mart ayından etibarən koronavirus infeksiyasının yayılmasına görə dərslər onlayn aparıldı. Ondan sonra onlayn platforma yaradılmadı ki, təhsilalanlar normal təhsil ala bilsinlər.

Ekspert bu günədək onlayn təhsildə qiymətləndirmə meyarlarının olmadığını bildirir:

"Övladlarımın hər ikisi şagirddir. Amma onların heç biri onlayn dərslərə qoşula bilmir. Çünki bunun üçün müvafiq alətləri yoxdur. Bu gün bu səbəbdən şagirdlərin çoxu onlayn təhsil ala bilmir. Mən eyni zamanda ali məktəbdə müəllim olaraq çalışıram. Qrupda olan tələbələrimin 60-70 faizi dərsə qoşula bilir. Bu gün onlayn təhsil ala bilənlərin sayı Bakı, Abşeron, Sumqayıtda 70 faiz, rayonlarda isə 50 faizə çatmır. İbtidai siniflərdə və yuxarı sinif şagirdləri arasında dərslərə qoşulma faizi aşağıdır. Çox təəssüf ki, bu gün onlayn dərslərə qoşulmanın məcburiliyini əks etdirən hüquqi sənəd də yoxdur. Şagirdlər ona görə də repetitora üz tuturlar".

Ekspert hesab edir ki, ali təhsildə vəziyyət daha çətindir. Çünki tələbələ repetitor yanına gedə bilmirlər. Bu isə onların keyfiyyətli mütəxəssis kimi yetişməsinə mane olur.

"Bu səbəblərdən də uzadılma ilə bərabər, onlayn resurslar yaradılmalı, qiymətləndirmə meyarları hazırlanmalı idi. Təhsilin ilk növbədə əlçatanlığı təmin edilməli idi. Bundan sonra onlayn dərslərin müddəti uzadıla bilərdi. Amma qeyd edək ki,  virusun sürətlə yayıldığı dövrdə başqa variant da yoxdur. Bu, təhsilin keyfiyyətinə çox ciddi təsir göstərsə də, onlayn təhsil bizim yeganə çıxış yolumuzdur. Təhsildə yaranmış bu boşluq özünü buraxılış və ali məktəblərə qəbul imtahanlarında da büruzə verəcək".

Digər təhsil eksperti Elçin Əfəndi isə bildirir ki, pandemiya təhsilimizə həddindən artıq zərər verir. 2021-ci ilin sentyabrında ənənəvi qaydada dərslərə tamamilə qayıtmağa ümid edən ekspert, hazırdakı yoluxma və ölüm sayının artdığını xatırladıb. 

E.Əfəndi hazırki vəziyyətdə tədrisin bərpasının mümkün olmadığını söyləyir: "Fikrimcə, biz ənənəvi təhsilə nə qədər tez qayıtsaq, bir o qədər yaxşıdır. Hazırkı halın davam etməsi kütləvi şəkildə savadsızlığa gətirib çıxaracaq. Bu, ibtidai siniflərdə təhsil alan şagirdlərə çox pis təsir göstərir".

Ekspert mövcud vəziyyətin ali təhsil müəssisələrinin tələbələri arasında da savadsızlıqla nəticələnəcəyi qənaətindədir.

"Nə qədər ki gec deyil, biz ənənəvi təhsilə mütləq qayıtmalıyıq. Başqa sahələri bağlayıb, sırf təhsili açmaq lazımdır".

Qeyd edək ki, NK-nın qərarına əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər. 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, sutkalıq yoluxma sayının 4 mini keçməsi hazırda tədrisin əyani şəkildə aparılmasını mümkünsüz edir. Bu gün əsas olan əhalinin sağlamlığıdır. Bu səbəbdən də onlayn təhsilin davam etmə müddəti uzadılıb. O ki qaldı təhsilin keyfiyyətinə təsirinə, Təhsil Nazirliyi tərəfindən verilmiş müvafiq tapşırıq əsasında dərslər onlayn keçirilməklə yanaşı, teledərslər də yayımlanır. Bu isə onlayn təhsilə qoşula bilməyən şagirdlərin teledərslər vasitəsilə dərsləri mənimsəməsinə imkan yaratmaq məqsədi güdür. 

Təhsil Nazirliyindən həmçinin bildiriblər ki, nazirliyin ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası, yaxud dayandırılması barədə qərar qəbul etmək səlahiyyəti olsa da, ölkə üzrə hansısa məktəbdə təhsilin bərpasına icazə verilməyib.  

238
Teqlər:
Elçin Əfəndi, təhsil eksperti Kamran Əsədov, Kamran Əsədov, Distant Təhsil Sistemi, distant, Təhsil Nazirliyi
20 nömrəli məktəbdə tədris prosesi

Azərbaycan təhsilində Sinqapur modeli

25
(Yenilənib 22:38 02.12.2020)
Layihə çərçivəsində riyaziyyat kurikulumunun və I-IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

BAKI, 2 dekabr — Sputnik. Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb.

Qeyd edilib ki, Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər. Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcəklər. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I-IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

Xatırladaq ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən, riyaziyyat fənni üzrə 57 ölkədən olan 600000 şagird arasında I yeri tutublar. Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən, riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar.

25
Teqlər:
Azərbaycan, Sinqapur, riyaziyyat, layihə, Təhsil Nazirliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan gələn həftə Bakıya gəlir Hərbi paradda iştirak edəcək

22
(Yenilənib 12:35 03.12.2020)
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 3 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə mənbə bildirib.

Türkiyə Prezidentinin dekabrın 10-u Bakıda baş tutacaq hərbi paradda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılır və tam atəşkəs elan olunur.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

22