İmişli rayon təhsil şöbəsi

İşdən çıxarılan direktor şöbəni bir-birinə qatdı

480
İmişli təhsil şöbəsində qalmaqal baş verib. Şöbə müdiri məktəb direktorunu polisə təhvil verib.

BAKI, 21 okt — Sputnik. Oktyabrın 19-da iş vaxtının sonuna yaxın İmişli rayon təhsil şöbəsinin inzibati binasında qalmaqal baş verib. İşdən azad edilən Muradxanlı ümumi orta məktəbinin direktoru Zakir Nəzərov şöbə müdiri ilə mübahisə edib.

Şahidlərin Sputnik-ə bildirdiklərinə görə, əsəblərini cilovlaya bilməyən direktor ucadan çığıraraq ayrı-ayrı şəxslərin ünvanına söyüş yağdırıb. İnzibati bina şəhərin mərkəzi hissəsində, xidmət təşkilatlarının əhatəsində yerləşdiyindən, onun qarşısına xeyli sayda şəhər sakini toplanıb. Bir qədər sonra binaya polis əməkdaşları daxil olub və etirazçı direktor məcburi qaydada İmişli Rayon Polis Şöbəsinə aparılıb.

Məktəb direktoru Zakir Nəzərov mübahisənin vəzifə üstündə deyil, işdən azad olunması ilə bağlı olduğunu deyib: "Mən 42 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bir kənd məktəbinin təkcə direktoru yox, sıravi müəllimi, qara fəhləsi, ocaqçısı, qarovulçusu olmuşam. Yaşa görə vəzifədən azad etməyi qalsın bir yana, şöbə müdiri məni müəllim kimi də işdə saxlamaq istəmir. Halbuki, müqavilə əsasında yaşı 65-dən yuxarı nə qədər direktor vəzifədə saxlanılıb, müəllim işə götürülüb. Mən özümə qarşı olan bu ədalətsiz, qərəzli münasibətə etiraz edirəm".

O, şöbə müdirinin göstərişi əsasında saxlanıldığını bildirib: "Məni tutub bir otağa saldırtdırdı və qapını arxadan bağladı. Sonra da polis çağırdı. Bir sutka haqsız yerə saxlanılmışam".

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov baş verənlərə belə münasibət bildirib: "O, 65 yaşı tamam olduğundan, direktor vəzifəsindən azad edilib. Lakin bu günədək möhürü təhvil verməyib. Üstəlik sərxoş vəziyyətdə inzibati binaya daxil olaraq ucadan söyüş söyməyə başlamışdı. Polisə məlumat verdik, gəlib apardılar".

480
Teqlər:
Ramiz Əmirov, Zakir Nəzərov, Muradxanlı ümumi orta məktəbi, təhsil, İmişli, qalmaqal
Əlaqədar
Təhsil Nazirliyi 300-dən artıq uşaq bağçasını satıb
Xaricdə təhsil alanlara əsgərlikdən möhləti prezident verəcək
Ekspert: Təhsil sahəsində problemlər hələ də qalmaqdadır
"Azərbaycanda təhsil intizamı pozulub"
Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq istərdinizmi?
Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə layihəyə başlanıldı
Məktəbdə dərs prosesi, arxiv şəkli

Məktəb, vaksinasiya, metro borclar: milyon yarım şagirdlə bağlı qərar veriləcək?

23
(Yenilənib 17:13 19.01.2021)
Yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın COVID-19 əleyhinə vaksinasiyaya başlaması ənənəvi təhsilin bərpasına ümid yaradıb. Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, peyvənddən sonra məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq. Onun sözlərinə görə, məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur.

Sputnik Azərbaycan peyvənddən sonra təhsilin hansı formada bərpa olunacağını araşdırıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya cəlb edilən risk qrupunda təhsil işçiləri də var. Təhsil işçilərinin peyvənd olunması isə ənənəvi tədrisin bərpası yönündə atılmış addımdır: "Ölkəmizdə vaksinasiyadan sonra məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açıla bilər. Amma düşünürəm ki, ənənəvi dərslərdə iştirak etmə könüllü olmalıdır. Virusa yoluxmadan narahat olanların və səhhətində problem olanların dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək".

K.Əsədov deyir ki, məktəblər açılan kimi birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmənin həyata keçirilməsi mümkün deyil: "Birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmə həyata keçirilməyəcək. Çünki 1,6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Birinci yarımil yanvarın 27-də başa çatır. Çox güman ki, şagirdlərin biliyi ikinci yarımilin sonunda qiymətləndiriləcək. Bu isə yekun qiymət olacaq".

Ekspert bildirir ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması mümkündür:

"Nəzərə almaq lazımdır ki, 1-ci kurs tələbələri ümumiyyətlə təhsil müəssisələrinə getməyiblər. 4-cü kursların isə pedaqoji, istehsalat təcrübələri var. Eyni zamanda, bəzilərinin akademik borcları yaranıb. Bütün bu problemlər bu semestr həll olmalıdır. 4-cü kurs tələbələrinin diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür".

Tədris bərpa olunsa belə, ekspert orta və ali məktəblərdə yaşı 65-dən yuxarı olan şəxslərin dərslərə buraxılmasının riskli olduğunu söyləyir: "Ənənəvi təhsil bərpa edilərkən yoluxma sayının artmaması üçün metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Hibrid formada tədris bərpa olunandan sonra dərslərin müddəti azaldıla bilər. Əsas fənlər ənənəvi, digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusilə ibtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ənənəvi təhsilin bərpasına tələsmək olmaz: "Koronavirus yayılan kimi ilk olaraq məktəblər bağlandı. Bu, səbəbsiz deyildi. Çünki təhsil müəssisələri virusun yayılması üçün ən böyük risk məkanları sayılırdı. Ona görə də biz ənənəvi təhsili bərpa etməyə tələsməməliyik. Vaksinasiya hər iki risk qrupu üzrə başa çatdıqdan və müsbət nəticə əldə edildikdən sonra məktəblərdə ənənəvi təhsilə mərhələli şəkildə başlamaq olar. Mənim fikrimcə, məktəblərdə tam ənənəvi təhsilə keçmək düzgün olmaz. Məktəblərdə dərslər hibrid formada təşkil edilməlidir".

Qeyd edək ki, artıq Rusiyada orta məktəblərdə ənənəvi təhsil bərpa olunub. Türkiyədə isə yaxın vaxtlarda təhsilin hibrid formada bərpası nəzərdə tutulur.

23
Teqlər:
Təhsil Nazirliyi, vaksinasiya, karantin, məktəb
Onlayn təhsil, arxiv şəkli

Şagirdlərə bu gün xüsusi dərslər keçiriləcək

11
Dərslərdən əlavə, kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən tədris olunacaq dərslər onlayn təşkil ediləcək. Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

11
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

0
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

0