Müəllim

On yeddi il təhsil alasan tapa bilməyəsən...

79
Müəllimlərin işə qəbulu imtahanında təqdim olunan vakant yerlərin sayı müəllim olmaq istəyənlərin sayından qat-qat azdır

BAKI, 28 iyul — Sputnik. Azərbaycanda pedaqoji təhsili olan böyük bir "işsizlər ordusu" var. Hər il bu ixtisası bitirən məzunların sayı artsa da, onların çox cüzi hissəsi müəllim kimi fəaliyyət göstərə bilir. Yerdə qalanlar isə, illərlə iş axtarmalı olur, yaxud da ən yaxşı halda hansısa hazırlıq kurslarında müvəqqəti "başlarını girələyirlər".

Sputnik-ə müraciət edən Nərgiz Əliyeva da pedaqoji təhsilli işsiz "müəllim"lərdən biridir. Beş ildir Dillər Universitetini bitirsə də, yaşadığı Ağstafa rayonunda ixtisasına uyğun iş tapa bilmir. Yəni, rayonda, hətta yaxın rayonlarda hansısa orta məktəbdə ingilis dili müəllimi üçün vakansiya verilmir.

"Müəllimlərin işə qəbulu imtahanında iki dəfə iştirak etmişəm. İkisində də yüksək nəticə əldə etmişəm. Amma, hələ də vakansiya gözləyə-gözləyə qalmışam. Cəmi bir dəfə 1 illik müqavilə əsasında bir kənd məktəbində çalışdım, sonra da onu da dayandırdılar", — deyir Nərgiz.

O, təhsil aldığı illərə (4 il bakalavr, 2 il magistr) və həmin illərdə çəkdiyi zəhmətə çox heyfslənir: "Peşəmi çox sevirəm, ali məktəbin hər iki pilləsini də "Fərqlənmə diplomu" ilə bitirmişəm. Lakin nə fayda?! Harda işləyim? Potensialımı harada reallaşdırım? İş tapa bilməyəcəkdimsə, 11 il orta, 6 il də ali təhsil almaq mənə lazım idimi?".

Məsələni Sputnik-ə şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məzunlara təqdim olunan vakant yerlərin sayı həmin məzunların sayından qat-qat azdır: "Qəbul imtahanlarında plan yeri əmək bazarına uyğunlaşdırılıb həyata keçirilməlidir. Amma bizdə bunu nəzərə alan yoxdur. Bu yaxınlarda keçiriləcək imtahanlara 31 min namizəd sənəd təqdim edib. Amma vakant yerlərin sayı heç 3 min deyil".

"Çox sayda işsiz müəllim olduğu halda, yenə də müəllimlik ixtisasına qəbul aparılır. Bu da işsizlərin sayını çoxaltmaqdan başqa bir şey deyil", — K. Əsədov bildirib.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə hesab edir ki, müəllimlik peşəsində coğrafi məhdudiyyət olmamalıdır. "Kim müəllim işləmək istəyirsə, harda iş varsa, ora getməlidir", — o, Sputnik-ə açıqlamasında deyib.

"Əsas yerlər kənddə, dağlıq yerlərdədir. Belə yerlərdə güzəştlər edilir və əmək haqqı şəhərdən fərqli olaraq daha çoxdur. Əksəriyyət bununla razılaşmır, hamı öz evinə yaxın yerdə işləmək istəyir və buna görə nazirliyi günahlandırır. Bu, doğru deyil", — Ə. Ağayev vurğulayıb.

Ekspertin sözlərinə görə, əvvəllər kimisə tam ştatlı müəllim kimi işə götürmək üçün, həmin məktəbdə 12 saat əlavə dərs olmalı idi: "İndi bu limit 18 saatdır. Bu qərarın verilməsində məqsəd də ondan ibarətdir ki, müəllim daha çox saat qarşılığında daha çox maaş alsın".

Mövzu ilə əlaqədar son iki gündə Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimizin hamısı boşa çıxdı.

79
Teqlər:
Təhsil Nazirliyi, Əjdər Ağayev, Kamran Əsədov, Dillər Universiteti, imtahan, müəllim, "işsizlər ordusu", pedaqoji təhsil
Əlaqədar
Rayonlarda İnformatikanı tədris edən müəllimlər kompüterdən istifadəni bacarmırlar
Təhsil Nazirliyi müəllimlərin maaşının kəsilməsinə münasibət bildirdi
Prezident müəllimlərin maaşını artırdı
"Qabaqcıl müəllim o müəllimdir ki, innovasiyaları mənimsəməklə başqalarından fərqlənir"
Sumqayıtda şagirdini döyən müəllim işdən çıxarılıb
Müəllimlər İnstitutu ADPU-ya birləşdirilib
Teledərs, arxiv mşəkli

Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket köməyə çatmır

88
(Yenilənib 18:51 16.01.2021)
Cəbhəyanı zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.

© AR Ministry of Education

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.

Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.

Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".

N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir. 

88
Teqlər:
dərs, onlayn, internet, cəbhəyanı bölgələr, təhsil

Azərbaycanda məktəblər açılacaq

274
(Yenilənib 12:09 16.01.2021)
Nazirlər Kabibeti yanında Operativ Qərargah ölkə ərazisində xüsusi karantin rejimini aprelin 1-dək uzatsa da, yanvarın 18-dən mərhələli şəkildə müəyyən yumşalmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək: "Bu barədə detalları Təhsil Nazirliyi özü açıqlayacaq. Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq".

274
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

0
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

0