ADİU-nın rektoru Ədalət Muradov

Azərbaycanda ilk: universitetin brendləşdirilməsi həyata keçirilib

78
(Yenilənib 16:33 15.03.2016)
Ədalət Muradov: "UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. Bununla da Azərbaycan ali təhsil müəssisəsinin brendini dünya təhsil xidmətləri bazarında tanıtmaq iddiasındayıq"

BAKI, 15 mart — Sputnik. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində UNEC brendi ictimaiyyət nümayəndələrinə təqdim edilib. Sputnik-in xəbərinə görə, təqdimatla çıxış edən rektor, professor Ədalət Muradov bildirib ki, prezident İlham Əliyevin 18 yanvar 2016-cı ildə "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncamda "Made in Azerbaijan" brendinin dünya bazarında tanınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıb verib.

ADİU-nin UNEC təqdimatı
© Photo : unec.edu.az
ADİU-nin UNEC təqdimatı

Rektorun sözlərinə görə, sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək məqsədi ilə Azərbaycan təhsil məkanında ilk dəfə olaraq universitetin brendləşdirilməsi həyata keçirilib: "Bununla da Azərbaycan ali təhsil müəssisəsinin brendini dünya təhsil xidmətləri bazarında tanıtmaq iddiasındayıq".

Təhsil sektorunun dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sahələrdən biri olduğunu bildirən rektor, bir sıra ali təhsil müəssilərinin əldə etdiyi gəlirlərin böyük dövlətlərin təhsilə ayırdığı xərclərin həcmindən çox olduğunu diqqətə çatdırıb: "Dünyanın tanınmış universitetləri həmin ölkələrin iqtisadiyyatının innovativ katalizatoruna çevrilir".

Təhsil sektoru həm də xidmətlər bazarının çox vacib tərkib hissəsidir deyən rektor əlavə edib ki, bu sektorun ən fəal iştirakçıları universitetlərdir: "Biz regional və dünya təhsil xidmətləri bazarına girərkən ciddi rəqabətlə üzləşmişik. Bu rəqabətdə tanınmaq və seçilmək üçün iştirakçılar mütləq brendləşməlidir. İnsan kapitalı yetişdirmək iddiasında olan universitetin öz nişanı olmalıdır".

ADİU-nin UNEC təqdimatı
© Photo : unec.edu.az
ADİU-nin UNEC təqdimatı

Azərbaycan Dövlət İqtisad Universiteti de-fakto brendləşib. "Narxoz" və başqa adlar cəmiyyətdə universitetin mənfi obrazıdır. De-yure olaraq isə Azərbaycan Dövlət İqtisad Universiteti indi qanunvericiliyə uyğun olaraq brendləşib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yanvarın 21-də rəsmi qeydiyyata alınıb. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək — tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif — elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb. Universitetin brendi UNEC-dir (University of Economy).

"Biz bütün dillərdə UNEC kimi təmsil olunmaq istəyirik. Brend o demək deyil ki, biz universitetin adını dəyişirik. Bu, bizim səlahiyyətimizdə deyil və məqsədimiz də deyil. Brend bizim abbreviaturamız da deyil. Azərbaycan dilində ADİU, rus dilində АГЭУ, ingilis dilində ASUE abbreviaturalardır", —deyə Ə. Muradov qeyd edib.

Tədbir iştirakçıları universitet brendləşdirilməsini yüksək qiymətləndirərək, bunun Azərbaycanda təhsilin keyfiyyətinin daha da artmasında xüsusi önəmini vurğulayıblar. Sonda rektor jurnalistlərin suallarını cavablandırıb.

 

78
Teqlər:
Ədalət Muradov, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, brend
Əlaqədar
İqtisad Universitetindən daha bir müsbət yenilik
Universitetin baş mühasibini İnterpol axtarır
Azərbaycanın məşhur universitetində kütləvi ixtisar
İqtisad Universiteti devalvasiya ilə bağlı mühüm addımlar atıb
Universitetlərdə tələbələrə yeni fənlər tədris ediləcək
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

17
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

17
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

Zaman dəyişdi, indi hamı ali təhsil deyil, peşə təhsili dalınca qaçacaq - Ceyhun Kərəmov

77
(Yenilənib 03:28 26.11.2020)
Ceyhun Kərəmov: "Biz peşə təhsili səviyyəsini artırmalıyıq ki, həm işəgötürənlərdə, həm də valideyn və şagirdlərdə peşə təhsilinə maraq yaransın".

BAKI, 25 noyabr - Sputnik. Azərbaycanda peşə təhsilinin səviyyəsi, peşə məktəblərinin maddi-texniki bazası, eləcə də əmək bazarında tələb olunan peşələr üzrə kadr hazırlığı cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir. Bəs görəsən Azərbaycanda son illər peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar bu sahədə nəyi dəyişib?

Bu mövzuda suallarımızı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov cavablandırıb.

- Ceyhun müəllim, gəlin öncə Azərbaycanda peşə təhsili müəssisələri barədə oxucularımıza məlumat çatdıraq. Ölkəmizdə peşə məktəblərinin sayı, maddi-texniki bazası ilə bağlı vəziyyət nə yerdədir?

- Agentliyin tabeliyində 48 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 6-ı fəaliyyətini dayandırıb. Onlar işğal altında olan bölgələrimizdəki peşə təhsili müəssisələridir.Tezliklə bu müəssisələrin fəaliyyətini bərpa edəcəyik.

- Peşə təhsilinin bu gün insanların həyatındakı rolu nə dərəcədə effektlidir?

- Peşə təhsilinin insanların yeni həyata hazırlanmasında rolu çox böyükdür. Hazırda peşə təhsili əhatəlilik baxımından daha da genişlənməlidir. Orta məktəbi bitirən gənclərdə maraq əsasən ali təhsilədir. İqtisadiyyatımız inkişaf etdikcə, yeni sahələr yarandıqca peşə təhsilinə tələbat və maraq da artır. Peşə təhsilinin əmək bazarının tələblərinə daha çevik cavab vermə imkanı var. Bir, iki və üç illik peşə təhsili formaları var. Bu gün istənilən sahədə peşə ehtiyacları məlum olduqda proqramlar hazırlayıb bazara lazımlı kadrları yetişdirmək mümkündür. Bunun üçün bizim bazarda fəaliyyət göstərən şirkətlər Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əlaqə quraraq öz tələb və ehtiyaclarını bildirə bilərlər. Biz onlarla birlikdə yeni proqramlar hazırlamağa hazırıq. Agentlik  bu ildən başlayaraq yüksək texniki peşə ixtisaları üzrə proqramların icrasına başlayıb.

- Azərbaycanda nə qədər peşə təhsili müəsssisəsi yenidən qurulub, nə qədərinin bərpasına ehtiyac var?

- Bizim qurumun balansında olan peşə tədris müəssisələrinin vəziyyəti eyni deyi. Onlar fərqli infrastruktura, fərqli maddi-texniki bazaya  malikdirlər. Ötən il biz Bakı şəhərində Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin açılışını etdik. Bu Mərkəz Azərbaycanla Koreya hökumətlərarası razılaşmaya əsasən yaradılıb. Məktəbin kurikulumu Koreya ekspertlərinin iştirakı ilə hazırlanıb və Azərbaycan bazarının tələblərinə uyğunlaşdırılıb. 2016-cı ildə ölkəmizdə Azərbaycanda peşə təhsili ilə bağlı Strateji Yol Xəritəsi qəbul edilib. Orada əsas priotetlərdən biri də peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, ölkədə peşə infrastrukturunun yenidən qurulmasıdır.

Hal-hazırda üç peşə məktəbində təmir-tikinti işləri gedir. Cəlilabad, Bərdə və Bakıda peşə məktəblərində yeni infrastruktur qurulur. Növbəti illər üzrə isə üç peşə məktəbi ilə bağlı layihələndirmə işləri aparılır. Bunlar Mingəçevir, Sumqayıt və Lənkəranda peşə məktəbləridir. Bu işlər planlı şəkildə aparılır. Burada söhbət təkcə infrastrukturun qurulmasından yox, yeni ixtisasların və müəllim-pedaqoji heyətin hazırlanmasından da gedir. Bu istiqamətdə də aparılır.

- Bəs bölgələrimizdə peşə təhsili nə səviyyədədir? Bu gün ölkəmizin istənilən bölgəsində peşə təhsilinə əlçatanlıq varmı?

- Coğrafi cəhətdən yanaşsaq, peşə təhsili almaq istəyən vətəndaşın yaşadığı bölgə üzrə peşə təhsili almaq imkanı var.

- Peşə məktəblərinə marağı coğrafi baxımdan bölsək bölgələrdə maraq necədir?

- Bu il peşə məktəblərinə qəbul olunanların 40 faizi Bakı və Bakıətrafı, 60 faizi rayonların payına düşür. Bu, peşə məktəblərinin təklif etdiyi proqramlardan asılıdır. Əsas priotetlərimizdən biri odur ki, ölkəmizin iqtisadi inkişafına uyğun olaraq peşə təhsili qurulsun. Bəzi ənənəvi ixtisaslar var ki, onlara ehtiyac yoxdur. Biz həmin peşələri çıxarıb yeni, əmək bazarında tələb olan ixtisasları salırıq. Agentlik regional səviyyədə hər bir rayonda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq qurur.

- Bu gün bazarda hansı peşələrə maraq daha çoxdur? Belə bir araşdırma aparılıbmı?

- Əmək bazarının tələbləri çox dinamikdir. Tez-tez dəyişir. Sabah, yaxud da on ildən sonra hansı ixtisasların lazım olacağı ilə bağlı proqnoz vermək çox çətindir. Amma bu gün İKT üzrə peşə hazırlığına maraq böyükdür. Eləcə də ənənəvi iqtisadi fəaliyyət növlərinə, nəqliyyat vasitələrinin texniki istismarı, mexanika sahəsində kadr hazırlığına tələbat var.

- Peşə məktəblərində maddi-texniki baza ilə yanaşı, pedaqoji heyətin bilik və bacarığı da kadr hazırlığında vacibdir. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz? Yəni, Bakıdakı peşə məktəbində çalışan müəllimlə, hansısa rayonda peşə məktəbi müəlliminin bilik və bacarığı arasında fərq varmı?

- İxtisaslı pedaqoq deyərkən həm texniki bilikləri, həm də sənayedə təcrübəsi olan müəllimlər nəzərdə tutulur. Etiraf edək ki, bu gün bütün peşə sistemində olan  müəllimlərin səviyyəsi bərabər deyil. Müəyyən ərazilərdə müəllimlərin bilik-bacarığı daha qənaətbəxşdir. Bakıda bu mənada vəziyyət daha ürəkaçandır. Ölkə üzrə yanaşdıqda, bu istiqamətdə işlərin görülməsinə ehtyac var. Biz çalışmalıyıq ki, müəllimlərin texniki bilikləri ilə yanaşı onların əmək təcrübələri də olsun. Bunun üçün bizim üzərində işlədiyimiz istiqamətlərdən biri sənayedə çalışan peşəkar şəxslərin tədris və təlimə inteqrasiyasıdır.

- Peşə təhsili sahəsində hansı islahatlara ehtiyac var?

- Bir çox yeni istiqamətlər üzrə işlər aparılır. İlk növbədə biz yeni proqramlar təqdim edirik. Yüksək texniki peşə ixtisası alan vətəndaşlar üç illik təhsildən sonra ali təhsilə qəbul olmaq imkanı əldə edirlər. Növbəti ildə daha 6 ixtisas üzrə yüksək texniki peşə istiqamətli proqramlar hazırlayırıq. Burada fərq ondan ibarətdir ki, yüksək peşə dərəcəsi üzrə təhsil alan şəxs fundamental biliklər əldə etdiyindən həm işə başlaya bilər, həmçinin də istəyinə görə ali təhsil ala bilər.

- Azərbaycan peşə təhsilinin inkişafı ilə bağlı hansı ölkənin təcrübəsindən yararlanır?

- Düşünürəm ki, hər hansı ölkənin təcrübəsini olduğu kimi tətbiq etmək uğur gətirməz. Xarici ölkələrin təcrübəsindən yararlandıqda onu mütləq iqtisadiyyatımıza, əmək bazarımıza uyğunlaşdırırıq.  Bir sıra Avropa ölkələrinin təcrübəsini öyrənmişik. Hətta keçmiş sovet ölkələrinin təcrübəsinə də baxmışıq. Bu gün yüksək texniki peşə dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq edilir. Bu, bizim üçün yenilikdir. Sırf beynəlxalq təcrübədə bu araşdırılır. Bizim Koreya ilə əməkdaşlığımız sayəsində sırf sənaye və innovasiyalar üzrə peşə məktəbi yaratdıq. Koreya dünyanın ən qabaqcıl sənaye ölkələrindən biridir. Bu proqramı bitirən tələbələr əmək bazarına daha çevik inteqrasiya oluna, işlə təmin oluna bilirlər. Artıq biz bunun nəticəsini görürük.

- Peşə təhsili müəssisələrinə qəbul hansı qaydada aparılır?

- Artıq peşə təhsili məktəblərinə qəbul elektron formada aparılır. Bu il peşə təhsili sahəsində də müəllimlərin işə qəbulunu onlayn keçirdik. COVID-19 pandemiyası ilə bağlı peşə təhsilini onlayn və teledərslərlə həyata keçiririk.

- Ümumiyyətlə ölkəmizdə son dövrlər peşə təhsilinə maraq nə səviyyədədir? Bu il peşə məktəblərinə qəbul rəqəmlərində müsbətə doğru dəyişiklik varmı?

- Ötən illə müqayisədə bu il müraciətlərin sayı 30 faizi artıb. 20 minə yaxın müraciət olub ki, onlardan 15 min nəfəri tələbə adını qazanıb.

- Peşə təhsili ilə bağlı qarşıda hansı planlar var?

- Biz qısa müddətli kurslar, təlimlər təşkil etmək niyyətindəyik. Bir çox xidmət sahələrinə kadrların hazırlanması üçün təlimlərə başlayacağıq. Bu, iş axtaran şəxslərin təlim keçərək işə qəbuluna imkan yaradacaq.

- Peşə təhsili ilə bağlı bu qədər islahatlar aparılmasına baxmayaraq, hələ də peşə məktəbləri cəmiyyətimizdə populyarlıq qazana bilməyib. Bu gün sorğu keçirsək, görərik ki, həm gənclərimizin, həmçinin də valideynlərin çoxu öz övladının peşə təhsili almasının yox, ali məktəbə qəbul olmasının arzusundadır. Agentlik peşə təhsilinin təbliği istiqamətində bir iş görürmü?

- Tamamilə doğru vurğuladınız ki, bizim fəaliyyətimizin əsas protetlərindən biri məhz budur. Bu istiqamətdə iş bir neçə şaxəli aparılır. Əməkdaşlarımız həm Agentlikdə, həm də məktəblərdə görüşlər keçirərək peşə təhsili barədə onları məlumatlandırır. Bundan başqa, gənclərin aktiv olduğu sosial platformalar üzərindən peşə təhsilinin vacibliyi təbliğ edilir. Bizim diqqət ayırdığımız daha bir məsələ orta məktəblərdə peşə təmayüllü siniflərin açılmasıdır. Bununla məktəblərdə şagirdlər başa düşürlər ki, peşə nədir. Beləcə onlarda peşə təhsilinə maraq yaranır. Ancaq işlər bununla bitmir. Sözsüz ki, biz peşə təhsili səviyyəsini artırmalıyıq ki, həm işəgötürənlərdə, həm də valideyn və şagirdlərdə peşə təhsilinə maraq yaransın. Bu istiqamətdə də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi başda olmaqla hamımız səylə çalışırıq.

P.s. Bu müsahibə "Qadın Lideriliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

77
Teqlər:
Strateji Yol Xəritəsi, Cənubi Koreya, Koreya, Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi, Texniki Peşə Məktəbi, peşə təhsili, peşə

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0