Məktəbli

Yeməyi təhsildən üstün tutanlar...

107
(Yenilənib 12:12 16.02.2016)
Təhsildən yayınan uşaqların məktəbə qayıtmasının çətin həlli yolu

Qeydiyyatsız yaşayan əhali qrupu ilə bağlı araşdırmalar aparılmadığından, təhsildən yayınan uşaqların sayı da sirr olaraq qalır

BAKI, 16 fev — Sputnik, A. Banu. Bakda 2 bacısı və anası ilə yaşayan Aygül 8-ci sinifdən gözəllik salonunda çalışır. Dediyinə görə, rayondan Bakıya köçəndən sonra oxumaq deyil, işləmək haqqında düşünüb. Çünki ailənin pula ehtiyacı vardı. Vaxtilə köməkçi kimi çalışsa da, artıq saç ustasıdır və o da anası kimi pul qazanır, ailəni dolandırır. Nə özünün, nə bacılarının ali təhsil almaq arzusu olmayıb. İkinci bacısı anası ilə birlikdə çörək sexində çalışır. Kiçik bacısı isə məktəblidir. Dərsə davamiyyəti yaxşı olsa da, oxumağa, öyrənməyə həvəsli deyil. 9-cu sinif şəhadətnaməsini aldıqdan sonra yəqin ki, o da iş axtarışına çıxacaq.

Statistikaya nəzər salaq. Ötən il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan əhalisinin sayı 9 583,2 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir. Bakının daimi qeydiyyatda olan əhalisinin sayı 2 milyona yaxındır.

Hicran Hüseynova
Hicran Hüseynova

Lakin araşdırmalar paytaxtda yaşayanların sayının yuxarıda göstərilən rəqəmdən iki dəfə çox olduğunu sübuta yetirib. İş yerlərinin daha çox paytaxtda yerləşməsi əhalinin regionlardan Bakıya axınına səbəb olub. Bura məcburi köçkünlər, orta və ali ixtisas təhsili müəssisələrində oxuyan tələbələri də əlavə etsək, onda hazırda Bakıda ən azı 4 milyon insanın yaşadığını iddia etməyə əsas verir. Təkcə iş axtaranlar deyil, ali təhsil dalınca paytaxta gələnlərin böyük əksəriyyəti də diplom aldıqdan sonra rayonlarda işlə təmin olunmayacaqlarını əsas gətirərək geriyə dönmək istəmirlər.

Urbanizasiya prosesi işsizlik, regional balansın pozulması və sosial xarakterli digər problemlərlə şərtlənir. Əksər hallarda bu, uşaqların təhsildən yayınmasına da yol açır. 2 milyon əhalinin qeydiyyatsız yaşadığını və onların 1/3-nin uşaqlar olduğunu təxmini nəzərə alsaq, məlum olar ki, miqrasiya zamanı uşaqların təhsil prosesindən kənarda qalmasına münbit şərait yaranır. Əlbəttə ki, qeydiyyatsız yaşayan bütün ailələrin uşaqları təhsildən yayınmır. Amma bu da bir faktdır ki, onlar Bakıya iş dalınca gəlirlər və kirayədə yaşayırlar. Sosial vəziyyəti yaxşı olmayan ailəni isə yemək təhsildən çox düşündürür. Çətin vəziyyətdə olan ailə uşağın qeydiyyatsız yaşadığı ərazidəki məktəbdə təhsil almasına maraqlı olmur.

Ancaq təəssüflər olsun ki, qeydiyyatsız yaşayan əhali qrupu ilə bağlı araşdırmalar aparılmadığından təhsildən yayınan uşaqların sayı da sirr olaraq qalmaqdadır…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların təhsildən yayınmasının əsas səbəblərini müəyyənləşdirmək üçün monitorinq aparıb. Məlum olub ki, uşaqların təhsildən yayınmasına təsir göstərən əsas faktor rayon və kənd yerlərində mövsümi işlərlə əlaqədar olaraq uşaqların ailə təsərrüfatlarında valideynlərinə kömək etməsi, həmçinin Bakı kəndlərində qız uşaqlarının dərsə buraxılmamasıdır. Bununla yanaşı, uşaqların erkən nikahlar qurmağa təşviq edilməsi, repetitorla hazırlıq, bir sıra hallarda isə uşaqların dini təhsil almasına üstünlük verilməsi də səbəblər arasındadır.

Valideyn uşağın təhsildən yayınmasına niyə göz yumur?

"Ölkədə qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var", — deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, belə nikahlar sonradan müxtəlif fəsadlar yaradır.

"Ümidli gələcək" təşkilatının icraçı direktoru Kəmalə Aşımova bildirir ki, təhsil ocağı uşaq məktəbə gəlməyəndə ailəsini xəbərdar edir. Bu hal mütəmadi təkrarlandıqda yerləşdiyi rayon üzrə icra hakimiyyətinin müvafiq qurumuna və ya polis idarəsinin azyaşlılar üzrə uşaq inspektoruna məlumat verirlər ki, araşdırma aparılsın: "Bu məsələdə məsuliyyət təhsil ocaqlarının üzərinə düşmür, onların işi məlumatlandırmaqdır".

"Ümidli gələcək" təşkilatının apardığı araşdırmalardan məlum olub ki, ailələrin düçar olduğu problemlər uşaqların təhsildən yayınmalarına səbəb olur. Sosial durumu yaxşı olmayan ailələrin uşaqları işə cəlb olunurlar. Rayondan paytaxta qazanc dalınca gələn bəzi ailələrin uşaqlarının burada təhsilini davam etdirməsinə maddi imkanı çatmır. Çünki bəzən ailənin gündəlik dolanışığı belə çətin olur.

K.Aşımova deyir ki, təşkilata bu problemlə bağlı müraciət edənlərin işləri araşdırılır: "Əksər hallarda məlum olur ki, belə uşaqların valideynləri dəfələrlə rayon üzrə sosial müdafiə mərkəzlərinə müavinət almaq üçün müraciət ediblər. Bəzi hallarda tələb olunan sənədlərin çoxluğu, onların hazırlanmasının xeyli vaxt aparması uşağın təhsildən yayınmasına yol açır. Uşaq təhsildən yayındıqdan sonra onu yenidən həmin sinfə, ümumiyyətlə, məktəb həyatına cəlb etmək çətin olur. Bu problemin həlli odur ki, aztəminatlı ailələrin sosial-maddi rifahı yaxşılaşdırılmalıdır. Sosial dəstək proqramlarının qaydalarının təkmilləşməsinə nail olmalıyıq. Heç bir valideyn uşağının savadsız böyüməsini istəməz. Ailələrə kömək olarsa, bu problemi həll etmək mümkündür".

Uşağını dərsə göndərməyən valideyn 100 manatı ödəyəcəkmi?

Əlbəttə ki, uşaq dərsə gəlmirsə, nazirliyin tabeçiliyində olan məktəbin müəllimləri, valideyn komitəsi bunu araşdırmalı, uşağın dərs prosesində iştirak etməsinə çalışmalıdır. Buna nail olmadıqda əlaqədar qurumlar məlumatlandırlır.

Uşaqların təhsildən yayınmasının səbəblərinə nəzər saldıqda bir daha önə çıxan o olur ki, buna görə məsuliyyəti ilk növbədə valideynlər daşıyır. Əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü nəzərə alan Milli Məclis sərt bir qərar qəbul etdi. Belə ki, ötən ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə şagirdin valideyni 100 manat miqdarında cərimə edilir.

Bu qərar cəmiyyətdə birmənalı qəbul edilmədi. Hətta bir sıra millət vəkilləri, təhsil üzrə ekspertlər belə buna etiraz etdilər. Çünki bu dəyişikliyin problemi həll edəcəyinə inam yoxdur.

Məsələ ondadır ki, belə sanksiyanın tətbiqi ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, cərimələmə şagirdlərin təhsilə marağını artırmayacaq: "Əgər uşağın təhsildən yayınmasının səbəbi ailənin imkansızlığıdırsa, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri məşğul olmalıdır. Onlar həmin ailələrdə qiymətləndirmə aparmalı və buna əsasən belə ailələr sosial proqramlara cəlb edilməli, məsələn, ailə üzvlərinin işlə təmin edilməsi, — daha sonra uşağın təhsilə davamiyyətinə nəzarət edilməlidir. İkinci halda ailə imkanlıdırsa, uşağın adını məktəbə yazdırıb repetitorla təhsilə cəlb edirsə, o zaman məktəbdə təhsil səviyyəsini gücləndirməklə bu problemi həll etmək olar. Yəni gözüyumulu şəkildə, heç bir xidmət paketi təklif etmədən 100 manat cərimə təhsildə dönüş yaratmayacaq".

Onu da qeyd edək ki, sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzifədən azad olunmaya qədər ən ağır cəza növləri tətbiq edilirdi. Rüb ərzində 40 saat dərs buraxan şagird isə proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmiş hesab olunaraq, həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qərar çıxarılırdı. Hazırda qonşu Türkiyənin təhsil sistemində də belə bir qayda tətbiq olunur. Yəni il ərzində 29 gündən artıq gün dərs buraxıldığı halda şagird təkrar sinifdə saxlanılır.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü təklif edir ki, məktəblərdə bu variantın tətbiqi daha böyük effekt verər: "Bizdə icbari təhsil var. Hamı oxumalıdır. İnzibati yolla təhsilə cəlb etmə isə doğru yol deyil. Burda təbliğat aparmağın yeri yoxdur. Çünki valideyn uşağının oxumalı olduğunu başa düşməlidir. Problemlər kompleks şəkildə həll olunmasa, bu cür cərimələrin tətbiqi heç bir effekt verməyəcək".

Çıxış yolu var, amma…

Milli Məclisin qərarından sonra bu qənaətə gəlmək olar ki, çətin dönəmdə 100 manat cərimə ödəmək istəməyən valideyn övladının mütəmadi olaraq dərslərdə iştirakına maraqlı olacaq. Lakin problemin yaranma səbəblərinə nəzər saldıqda təəssüflər olun ki, bu cərimənin problemin həllinə heç bir kömək etməyəcəyi açıq-aydın görünür. Çünki problemin kökündə ailənin sosial vəziyyəti və bundan yaranan səbəblər dayanır.

MM-in bu qərarı yalnız repetitor yanında hazırlaşan və bu səbəbdən təhsildən yayınan uşaqların ailələrini narahat edə bilər ki, onların da sayının çox az olduğu heç kimə sirr deyil. İlk baxışdan sadə, adi görünən problemin həlli üçün regionlarda yeni iş yerlərinin yaradılması, sosial vəziyyəti ağır olan ailələrin aşkarlanıb sosial dəstək proqramlarına cəlb olunması, uşaqları erkən nikaha daxil olan valideynlərə qarşı ciddi cəzaların müəyyən edilməsi vacibdir. Yalnız bundan sonra "uşaqların təhsildən yayınması" adlı problem öz-özünə həllini tapmış olacaq.

Müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-ütsə düşməyə bilər.

107
Teqlər:
Mehriban Zeynalova, Kəmalə Aşımova, Hicran Hüseynova, məktəbli, dərs, şagird, təhsil, məktəb, elm, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi
Əlaqədar
TQDK Təhsil Nazirliyinə birləşərsə, nə baş verər?
Təhsil nazirliyi şagirdin döyülməsi faktını araşdırır
Təhsil haqları qalxa bilərmi?
İcra başçılarının “təhsil” kisəsi bağlanır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin edilib
Dövlət ali məktəblərində ödənişli təhsil ləğv olunur
Təhsil naziri: Azərbaycana kreativ düşüncəli peşəkarlar lazımdır
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

33
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

33
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Məktəbdə

İşğaldan azad edilən yurdlarımızla bağlı məktəblilərə ətraflı məlumat veriləcək

12
(Yenilənib 14:44 28.10.2020)
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

BAKI, 28 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatda bildirilir ki, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. "Məktəb bülletenləri"nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdən ibarətdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminik.

12
Əlaqədar
Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq
Azərbaycanda 30 məktəb koronavirusa görə distant təhsilə keçirilib
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0