ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?

26
(Yenilənib 11:27 30.07.2021)
Bundan sonra ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev təmsil edəcək, o, bu vəzifədə 10 ildən çox çalışmış İqor Popovu əvəz edib.

BAKI, 30 iyul — Sputnik. ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. Bundan sonra qurumda İqor Popovun əvəzinə Rusiya Federasiyasını İqor Xovayev təmsil edəcək. Qeyd edək ki, İqor Popov 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olub.

Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı

İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.

İngilis, fransız və Vyetnam dillərini bilir.

Eləcə də oxuyun:

26
Teqlər:
ATƏT-in Minsk Qrupu, Rusiya, həmsədr, İqor Popov
Qaz

Avropa tezliklə "eating" "heating" arasından seçim etməli olacaq

9
(Yenilənib 20:56 20.09.2021)
Böyük Britaniyada hər qış bir neçə on min pensiyaçı soyuqdan donub ölür. Onlar qənaət etmək üçün gecələr istilik batareyalarını söndürürlər. 2014-cü ildə 40 min insan bu səbəbdən dünyasını dəyişib.

BAKI, 20 sentyabr — Sputnik. Reallıq Avropanın "enerji keçidi" ilə bağlı planlarına kifayət qədər ağrılı zərbə vurdu. Keçən ildən bu yana təbii qazın topdansatış qiyməti, demək olar ki, on dəfə artıb. Bu isə hər şeyin – elektrik enerjisi, yanacaq, yükdaşıma, ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb.

Qiymət artımı əvvəl yalnız birjalarda özünü göstərsə də, bir-iki aydan sonra sıravi avropalının cibinə ciddi şəkildə ziyan vuracaq. Ən yaxşı halda, gələn il Böyük Britaniyada orta ölçülü bir ev təsərrüfatı üçün elektrik enerjisinə əvvəlkindən 1500 funt (150 min rubl) artıq ödəməli olacaqlar. Özü də bu ölkədə əhaliyə satılan bir kilovat elektrik enerjisinin dəyəri Rusiyadakından altı dəfə yüksəkdir. İki milyon ev təsərrüfatının sahibi isə pulları olmadığından borclarını ödəyə bilməyiblər.

Yaxşı bəs yaşıl enerji necə oldu? Planetimizin yaralarına dərman olacaq təmiz elektrik mənbələri hara getdi? Bu yerdə etiraf etmək lazımdır: külək çarxları və günəş panelləri hələlik bu işin öhdəsindən gələ bilmir. Bu il Avropada bərpa olunan enerji mənbələrindən alınan enerjinin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Yanvar ayında Avropa İttifaqı (Aİ) nəhəng blekautun astanasına gəlib çıxmışdı.

Yayın küləksiz havası, yüksək buludluluq, soyuq keçən qış, üzümüzə gələn qışın daha sərt olacağı ilə bağlı həyəcan təbilinin çalınması – belə məlum oldu ki, bütün bunlar qiymətin formalaşmasına planetimizdəki "karbon izini" azaltmaqla bağlı xoş niyyətli arzulardan daha güclü təsir göstərirmiş.

Nəticə özünü çox gözlətmədi. Elektrik enerjisinin bahalaşması gübrə zavodlarının bağlanmasına səbəb oldu. Yükdaşımalarının qiyməti maya vurulmuş xəmir kimi qabardı. Atmosferi istixana qazları ilə çirkləndirməkdə günahlandırılan fermerlər qorxuya düşərək öz məhsullarının qiymətini artırır. İşini itirən insanlar isə supermarketlərdəki qiymətlərə dəhşətlə baxmağa başlayıblar.

Avropalıların enerji böhranından çıxış yolu açıq-aşkardır – Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək və ölkənin hazırda ən təmiz, ən güclü enerji mənbəyi sayılan AES-lərindən əldə olunan elektrik enerjisi almaq.

Amma yox, olmaz, axı amerikalı tərəfdaşları bunu səhv başa düşə bilərlər. Və beləliklə, Avropa hökumətləri bütün eko sloqanlarını bir tərəfə qoyaraq kütləvi şəkildə ən çirkli, ən ziyanlı və alimlər tərəfindən haqlı olaraq tənqid edilən yanacağa – kömürə keçməyə başlayıblar.

Avropada orta sinfin müflisləşməsi prosesi bütün il boyu rekord templə davam edib. Qiymət artımının sürəti da bundan geri qalmır. Hələ 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada uşaqlı ailələrin 14 faizinin qidaya pulu çatmırdı. Bu yay belə ailələrin sayı 24 faizə yüksəlib.

Hökumət yoxsulları dəstəkləməyə cəhd göstərir. Məktəb vaxtı pulsuz yeməklə təmin olunan uşaqlara yay tətilində də bu yardım davam etdirildi. Bəzi ailələrə belə yemək paylarını gətirib əldən veriblər. Valideynlər isə sosial şəbəkələrdə həmin payların şəklini çəkib paylaşıblar. Cəmiyyət də görüb qəzəblənib. Yemək qutusunun içində makaron, iki banka lobya, bir neçə nazik pendir dilimi, bir az kartof, iki yerkökü və üç alma olub. Yeri gəlmişkən, bu pay bir həftə üçün nəzərdə tutulub.

Aclıq çəkən ailələrə yemək talonlarının verilməsinə də başlanılıb. Bir həftəlik yemək talonu üç funt sterlinqlik (təxminən 300 rubl) yemək almağa imkan verirdi. İndi isə bu, 4,25 funt "dəyərindədir". Həmin talonla mağazadan yalnız süd, meyvə-tərəvəz, paxlalı və dənli bitkilər, uşaq qidası almağa icazə verilir. Yəni, nə ət, nə balıq, nə vetçina, nə də şirniyyat! Sizcə, "Tesko"-dan bu pula real olaraq nə almaq mümkündür? İki litr süd, bir neçə kilo kartof, 5 banan – vəssalam!

İngiltərə hökuməti bunu "sağlam qidalanma" adlandırır. Bu vəziyyət bəzi insanlara hərbi kommunizmin aclıq dövrünü xatırladır. Vaxtilə bu barədə bir xeyli şeir, poema da yazılıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, kəskin qiymət artımı fonunda aztəminatlı ailələri daha çətin dövr gözləyir: tezliklə onlar "eating" (yemək) və "heating" (isinmək) arasından seçim etməli olacaqlar.

Bir qayda olaraq, Böyük Britaniyada hər qış bir neçə on min pensiyaçı soyuqdan donub ölür. Onlar qənaət etmək üçün gecələr istilik batareyalarını söndürürlər. Səhər isə onları donub ölmüş vəziyyətdə tapırlar. 2014-cü ildə 40 min insan bu səbəbdən dünyasını dəyişib. Bu qış belə ölümlərin sayının bir az da artacağı gözlənilir.

İspaniyada qış bir o qədər sərt keçməsə də, qida baxımından vəziyyət yaxşı deyil. Təkcə Madriddə bu ilin əvvəlində 186 min insan müntəzəm şəkildə ərzaq bankalarında verilən pulsuz yemək üçün müraciət edib. Bu son 25 ilin ən pis göstəricisidir.

Aclıq çəkən insanlar arasında yaşlıların sayı get-gedə artır. Çünki onlar öz pensiyasını işsiz qalmış uşaqlarına və nəvələrinə vermək məcburiyyətində qalırlar.

"Xaç anası" xeyriyyə təşkilatının məlumatına görə, quruma yardım almaq üçün müraciət edən qocaların sayı il ərzində 63 faiz artıb.

Kasıblara pulsuz yemək paylanması işini təşkil edən Madridin San Xuan de Dios kilsəsinin baş keşişi BBC-nin jurnalistlərinə bildirib ki, bəzi insanlar onun yanına şəhərin o biri başından payı-piyada gəlmək məcburiyyətindədir. Yola iki saat vaxt sərf edirlər, çünki avtobusa bilet almağa pulları yoxdur. Özü də onlar bomjlar və ya evsiz-eşiksiz narkomanlar deyil, Avropa orta sinfinin müflisləşmiş nümayəndələridir. İşini itirib əlindəki ehtiyatını xərcləyərək birdən-birə başlayan bahalıq qarşısında aciz qalmış insanlardır.

Elektrik enerjisinin bahalaşmasının daha bir pis nəticəsi var. Bu, Avropa məhsullarının dünya bazarında rəqabətə davam gətirməsinə imkan vermir. Aİ üçün həmişə əsas bazar Amerika olub. Bu bazara girmək imkanı avropalıları okeanın o tayındakı tərəfdaşlarına heç də Amerika hərbi bazalarından daha az bağlamır.

Ancaq indi paradoksal vəziyyət yaranıb. Avropalıları yaşıl enerjiyə keçməyə ruhlandıran Amerika hakimiyyəti özü günəş və ya külək enerjisinə keçməyə hazırlaşmır. Ucuz elektrik onlara rəqabətdə üstünlük qazandırır və Aİ-ni bazardan sıxışdırıb çıxarmağa imkan verir. Bu qəddarlıq deyilmi? Özü də müttəfiqlərinə qarşı? Amma məgər ABŞ öz vassallarına qarşı həmişə belə davranmayıb? Hər zaman iki yoldan yalnız özünə sərf edəni seçməyib?

Xalq kütlələrinin artan yoxsulluğu fonunda hətta reallıqdan xeyli uzaq düşmüş Avropa siyasətçiləri belə hər hansı bir tədbir görmək qərarına gəldilər. Onlar günahkar axtarmağa başladılar və dərhal da tapdılar. Bəli, heç də təəccüblü deyil, bu dəfə də günahkar ruslar oldu.

Dayanın! Axı söhbət qazın topdansatış qiymətindən, "Qazprom"un heç vaxt bağlamaq istəmədiyi qısamüddətli müqavilələrdən gedir. Şirkət hətta bu məsələ ilə bağlı Aİ ilə məhkəmə çəkişməsinə də girmişdi, amma işi uduzmuşdu.

"Qazprom" həmişə sabit qiymətə əsaslanan, birja dalğalanmalarından təsirlənməyən uzunmüddətli müqavilələrin tərəfdarı olub. Ancaq həmin vaxt avropalılara topdansatış qiyməti sərf edirdi və təkidlə bunu tələb etdilər. İndi isə özlərinin acgözlüklə verilmiş və heç də uzaqgörən olmayan qərarına görə Rusiyanı ittiham etməyə çalışırlar.

Uzun illərdir ki, "Qazprom" avropalıların çaldığı havaya oynayır. İndi də əsəbləşirlər ki, guya belə danışmamışdıq. Bizə hər şeyi havayı verin! Bütün bunlar Ukraynanı xatırladır. Və əlbəttə ki, bu iddiaların heç bir perspektivi yoxdur.

Bəs avropalıların başqa hansı çıxış yolu var? Amerikadan mayeləşdirilmiş təbii qaz almaq? Okeanın o tayındakı tərəfdaş bazarda manipulyasiya aparmaq üzrə ustadır. Müttəfiqlərinin aciz vəziyyətindən istifadə edərək o qaza elə qiymət qoyar ki, Aİ-nin indiki problemləri bunun yanında toya getməli olar.

Əgər Avropa elitasından fərqli olaraq, sağlam düşüncə ilə fikir yürütsək görərik ki, indi Rusiya qazına yeganə alternativ Rusiyanın AES-ləridir. Ya da, ən yaxşısı elə hamısı bir yerdə...

Həmçinin oxuyun:

"Şimal axını-2"nin inşası başa çatıb

Əfqanıstan, "Şimal Axını-2" və seçkiyə müdaxilə: Lavrovun əsas açıqlamaları

9
Teqlər:
Avropa, qaz
Ziyarətçilər Moskvada Worldfood Moscow sərgisində, arxiv şəkli

Azərbaycan məhsulları Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq

4
(Yenilənib 19:57 20.09.2021)
Sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-24-də Rusiyanın Moskva şəhərində "Worldfood Moscow" beynəlxalq ərzaq sərgisi keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək. Həmçinin, sərgidə ölkəmizin mədəniyyəti, turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.

Qeyd edək ki, Azərbaycan bu il artıq 5-ci dəfə "WorldFood 2021" sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.

Azərbaycan məhsulları ilk dəfə "Heimtextil Russia 2021" sərgisində

Xatırladaq ki, sentyabrın 14-dən 16-dək Rusiyanın paytaxtı Moskvada ev tekstili, interyer parçaları və dekor materiallarının nümayiş olunduğu "Heimtextil Russia 2021" sərgisi keçirilib. Sərgidə tekstil sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını təqdim etmək, həmçinin təcrübə mübadiləsi və yeni əməkdaşlığın qurulması imkanı əldə ediblər.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsulların istehsalında fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunub.

Eyni zamanda, Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunub.

Həmçinin oxuyun:

Əllidən artıq müəssisədən Rusiyaya alma ixracına icazə verilib

4
Teqlər:
Moskva, Azərbaycan, məhsul
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu