Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

Azərbaycan Rusiya liderləri görüşdə danışıblar?

3916
(Yenilənib 09:51 21.07.2021)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Kremldə isti qarşılayıb.

BAKI, 20 iyul - Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib. 

Səfər zamanı İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub.

Rusiya Prezidenti Vladimir Putin görüş zamanı deyib:

- Qurban bayramınız mübarək! Sizi təbrik edirəm, ən xoş arzularımı bildirirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Prezident Vladimir Putin: Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi. Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir.

Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.

Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib.

Prezident İlham Əliyev: Hətta daha çox.

Prezident Vladimir Putin: Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işləyirik.

Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm.

Sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sağ olun. Sağ olun, Vladimir Vladimiroviç. İlk növbədə, dəvətə görə sağ olun. Mən də Sizi görməyimə çox şadam. Bizim qarşılıqlı fəaliyyətimizlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün yaxşı imkandır. Təbriklərə görə sağ olun. Fürsətdən istifadə edib Rusiyanın bütün müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Bu, həmrəylik bayramı, birlik bayramıdır.

Əlbəttə, ikitərəfli gündəlik barədə Sizinlə tam razıyam ki, biz çox inamla irəliləyirik. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə.

Koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkür etmək istərdim. Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq.

Sizə onu da bildirmək istərdim ki, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı oldu. Bu, əlamətdar hadisədir. Zaman sürətlə keçir. Bizim iki filialda – MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir.

Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.

Dəvət üçün bir daha təşəkkür edirəm və əlbəttə, qarşılıqlı fəaliyyətin, regional problemlərin mühüm məsələlərini müzakirə edəcəyik.

Prezident Vladimir Putin: Sağ olun.

Həmçinin oxuyun: 

* İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar

* Əliyevlə Putinin görüşündən gözləntilər

Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin nə danışırlar

3916
Azərbaycan və Türkiyə hərbçiləri Karsda QIŞ-21 təlim zamanı

Peskov Azərbaycan Türkiyənin müştərək ordu yaratması barədə söhbətlər haqqında

30
Rusiya prezidentinin mətbuat katibi deyib ki, Türkiyə və ya Azərbaycan prezidentlərinin bu barədə hər hansı fikri məlum deyil.

BAKI, 29 iyul — Sputnik. Kreml ümid edir ki, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı bölgədə sabitliyə zərər vurmayacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bir müddət əvvəl Türkiyə parlamentinin rəhbəri Mustafa Şəntop bildirib ki, Türkiyə ilə Azərbaycan müştərək türk ordusu yaratmaq barədə danışıqlar aparırlar.

Belə bir layihəyə Kremlin münasibəti və həmin layihənin Rusiya və onun müttəfiqləri üçün potensial təhlükə olub-olmayacağı barədə suala cavabında Peskov bildirib: "Təbii ki, Azərbaycan və Türkiyə ikitərəfli münasibətləri inkişaf etdirirlər. Bu yenə də, onların suveren işləridir. Vacib olan odur ki, bu, bölgədə sabitlik ab-havasına və hadisələrin proqnozlaşdırıla bilən olmasına zərər vurmasın. Bununla bağlı bizim həm türkiyəli, həm də azərbaycanlı tərəfdaşlarla mütəmadi əlaqələrimiz var".

Rusiya prezidentinin mətbuat katibi onu da deyib ki, bu ölkələrin icra hakimiyyətlərinin – Türkiyə və ya Azərbaycan prezidentlərinin bu barədə hər hansı fikirləri məlum deyil.

Həmçinin oxuyun:

* Moskva Azərbaycanın NATO təlimlərinə qatılmasına münasibət bildirdi

* Kreml Paşinyanın sərhədə Rusiya hərbçilərini yerləşdirmək təklifinə reaksiya verdi

30
Agile Spirit 2021 təlimi

Moskva Azərbaycanın NATO təlimlərinə qatılmasına münasibət bildirdi

771
(Yenilənib 18:44 29.07.2021)
Putinin sözçüsü deyib ki, onlar üçün vacib olan bu cür təlimlərin ssenarilərinin Rusiyaya münasibətdə hansısa pərdələnmiş hərəkətləri nəzərdə tutmamasıdır.

BAKI, 29 iyul — Sputnik. Kremldə hesab edirlər ki, NATO-nun Gürcüstandakı təlimləri diqqətlə izlənilməli olan mövzudur. Belə bir açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

"Bu, bir daha sübut edir ki, NATO özünün hərbi infrastrukturu ilə bizim sərhədlərimiz ətrafındadır, özü də təkcə sərhədlər ətrafında deyil, bilavasitə sərhədlərimizdədir. Bu, əlbəttə, bizim tərəfimizdən diqqətlə izlənməli mövzudur", - deyə Peskov bildirib.

"NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması onu özünün təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görməyə vadar edir", - deyə o vurğulayıb.

"Bu barədə həm prezident, həm müdafiə naziri, həm də nümayəndələrimiz ən yüksək səviyyələrdə danışıblar", - deyə Peskov əlavə edib.

Prezidentin mətbuat katibi onu da deyib ki, Kreml NATO təlimlərinin ssenarisinin Rusiya əleyhinə pərdələnmiş hərəkətlər anlamana gəlməməsinin vacib olduğunu hesab edir.

Çərşənbə axşamı Gürcüstanda 15 ölkədən, o cümlədən Azərbaycandan olan 2,5 min hərbi qulluqçunun iştirakı ilə NATO-nun çoxmillətli Agile Spirit təlimləri başlanıb.

"Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla münasibətlərimizə dəyər veririk. Bu, tərəfdaş münasibətlərdir, münasibətlərin gələcək də inkişaf etdirilməsi üçün siyasi iradə var. Əlbəttə, bizim üçün vacibdir ki, bu cür təlimlərin ssenariləri bizim ölkəmizə münasibətdə... hansısa pərdələnmiş hərəkətləri nəzərdə tutmasın", - deyə Peskov Azərbaycanın bu təlimlərində iştirakına Kremlin münasibəti barədə suala cavab olaraq bildirib.

O, əlavə edib ki, "təlimlərin ssenariləri NATO-da, Alyansda tərtib olunur. Alyans isə əsas rəqib qismində kimi gördüyünü gizlətmir".

11:20

Müdafiə Nazirliyi NATO-nun Gürcüstandakı təlimlərinə qatılan hərbiçilərin sayını açıqladı

Azərbaycandan Gürcüstanda NATO-nun təlimlərində iştirak edəcək hərbiçilərin sayı bəlli olub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib. Onun sözlərinə görə, NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdə Azərbaycandan iki nəfər hərbiçi müşahidəçi qismində iştirak edəcək.

Dərgahlı Azərbaycan tərəfindən təlimlərə qatılan hərbiçilərin sayının belə az olmasını qabaqcadan nəzərdə tutulan planla izah edib. 

Qeyd edək ki, Gürcüstanda ABŞ-la birgə "Agile Spirit 2021" ("Çevik ruh") çoxmillətli hərbi təlimlər bu gündən start götürüb. İyulun 26-da başlanan təlimlər avqustun 6-dək davam edəcək.

ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2500-ə yaxın hərbi heyət iştirak edir.

Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Agile Spirit 2021" təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstandadır.

Məlumat üçün bildirək ki, "Agile Spirit" hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Həmçinin oxuyun:

* Gürcüstanda Agile Spirit 2021 təlimləri: hədəflər və vasitələr

* Zakir Həsənov NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb

* Rusiyanın Xəzər, Baltik və Şimal donanmalarının gəmiləri Qara dənizə nə üçün göndərilib

* Pentaqonun Defender Europe manevrləri və NATO-nun Baltops təlimləri – kimə qarşı?

771
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

0
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

0