Moskva vilayətində miqrasiya mərkəzinin qarşısında miqrantlar, arxiv şəkli

Rusiyada miqrantın elektron kartı: bu barədə məlumdur?

20
(Yenilənib 14:20 10.07.2021)
Rusiya Daxili işlər Nazirliyində elektron daşıyıcısı olan vahid sənəd barədə qanun layihəsi hazırlanıb – əcnəbilər artıq gələn il onu əldə edə biləcəklər.

BAKI, 10 iyul — Sputnik. Rusiyanın miqrasiyaya dair qanunvericiliyi daim təkmilləşdirilir – teziklə miqrantlar Rusiyaya gələrkən elektron daşıyıcısı olan vahid sənəd alacaqlar ki, o da 10 il müddətinə veriləcək.

"Rusiyaya gələn və burada 30 gündən artıq qalmaq istəyən istənilən əcnəbi bu sənədi almalı olacaq. Bu hamıya aiddir – həmçinin turistlərə də, əgər onlar il ərzində Rusiyada 90 gündən artıq qalmağı planlaşdırırlarsa... 30-cu gün barmaq izlərini təqdim etmək, tibbi arayış almaq (HİV infeksiyanın və narkotik asılılığın olmaması barədə – red.) və ID-kart almaq lazım olacaq", - deyə Sputnik agentliyinə müsahibəsində Miqrantlar Federasiyasının prezidenti Vadim Kojenov bildirib.

Hazırda Rusiyada miqrantlar bir neçə formatda qala bilərlər: patent (işləmək üçün icazə), müvəqqəti yaşamaq üçün icazə, yaşamaq icazəsi, yüksək ixtisaslı mütəxəssis və başqaları. Bu statuslar əcnəbilərə Rusiyada yaşamaq və işləmək hüququ verir.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) qanun layihəsinə görə, əcnəbilərin ölkədə qalmalarına dair üç yeni rejim tətbiq olunacaq ki, onlar da əvvəlkiləri əvəz edəcək: qısamüddətli, uzunmüddətli və daimi.

Əgər əcnəbi şəxs Rusiyada ay ərzində 30 gün və il ərzində 90 gün qalacaqsa, o üzərində "qısamüddətli yaşamaq icazəsi" qeydi olan elektron miqrant kartı almalı olacaq. Uzunmüddətli yaşamaq icazəsi olduğu təqdirdə əcnəbi sərbəst şəkildə əmək fəaliyyəti ilə məşğul ola biləcək. Daimi yaşayış icazəsi olduqda da miqrant, elə indi də olduğu kimi, həm işləyə, həm də yaşaya biləcək.

Vadim Kojenov bildirib ki, bütün qaydalar hamı üçün eyni olacaq və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bütün miqrantlara aid olacaq.

"Elektron sənəd ID-kart şəklində olacaq. Bu sənəd rəsmən şəxsiyyəti təsdiq edəcək və bundan sonra milli pasportu üzərində gəzdirməyə lüzum olmayacaq", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, hazırda miqrantlarla bağlı çoxlu qarmaqarışıqlıq var – Avrasiya İqtisadi İttifaqına, MDB-yə daxil olan ölkələrdən miqrantlar var, vətəndaşların bəzi kateqoriyalarının vizası var, kimsə yüksək ixtisaslı mütəxəssis sayılır və məhz bu səbəbdən Rusiyada yaşamaq və işləmək hüququna malikdir.

"Bu hamını boğaza yığıb, ona görə də qayda bir olacaq", - deyə ekspert bildirir.

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov DİN-in hazırladığı sənədi çox tərəqqipərvər qanun layihəsi adlandırıb. O bildirib ki, bu, çox inqilabi bir norma olacaq və onu artıq cari ilin sentyabrında keçiriləcək seçkilərdən sonrakı səkkizinci çağırış Dövlət Dumasının elə ilk sessiyasında qəbul etmək lazımdır.

Vadim Kojenov da ümidvardır ki, Rusiya parlamentinin aşağı palatasının gələcək yeni tərkibi bunu etməkdə tələsəcək və qanun artıq 2022-ci ilin ilk günlərində qüvvəyə minəcək. Lakin ekspert qaydaların təkcə kağız üzərində deyil, real olaraq işləməsi üçün zəruri infrastrukturun belə tez yaradıla biləcəyinə şübhə edir.

"Bu, hamının həyatını asanlaşdıracaq və ən əsası, qayda-qanuna daha çox riayət olunacaq. Biz axı hamımız bilirik ki, Rusiyada olan miqrantların 99%-i burada daimi olaraq qalır, bura qonaq gəlmir. Bu isə qısamüddətli qalmaq deyil, uzunmüddətlidir. Əgər onlar tutulmalarını, deportasiya olunmalarını istəmirlərsə, yaxud rüşvət verib canlarını qurtarmaq məcburiyyətində qalmaq istəmirlərsə, onlar bu kartı alacaqlar. Və biz nəhayət ki, Rusiyada nə qədər miqrantın yaşadığını və onların federasiyanın hansı subyektlərində yaşadığını başa düşəcəyik. Yoxsa, hazırda hesablamaq mümkün deyil: kimsə onların sayının 8 milyon, kimsə 10 milyon olduğunu deyir, bir başqası isə təkid edir ki, miqrantların sayı 15 milyon nəfərdir...", - deyə Vadim Kojenov fikrini tamamlayıb.

20
İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

198
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

198
Arxeoloji qazıntılar

Xəzər xaqanlığı xalqlarının oturaq həyat tərzini sübut edən faktlar aşkar olunub

1131
(Yenilənib 12:22 26.07.2021)
Əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların həyətyanı heyvandarlıqla məşğul olduğunu, dənli bitkilər yetişdirdiklərini sübut edir.

BAKI, 26 iyul — Sputnik. Belqorod Dövlət Milli Tədqiqat Universitetinin (BelDU MTU) arxeoloqları Xəzər xaqanlığı tayfalarının VIII – X əsrlərə aid yaşayış məskənlərində qazma işləri apararkən saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların əkinçilik və həyətyanı heyvandarlıqla məşğul olduğunu, at, iri və xırdabuynuzlu mal-qara, donuz saxladıqlarını, dənli bitkilər yetişdirdiklərini sübut edir.

"Arxeoloqlarımızın əldə etdikləri nəticələr müasir Belqorod vilayəti ərazisində olmuş Saltov-Mayatsk mədəniyyəti nümayəndələrinin oturaq həyat tərzi keçirməsi ilə bağlı mülahizələri təsdiq edir", – deyə BelDU MTU pedaqoji institutunun tarix-filologiya fakültəsinin dekanı Andrey Papkov bildirib.

VII əsrdən X əsrə qədər xəzərlər Şərqi Avropa çöllərində əhəmiyyətli qüvvəyə çevrilir. Onlar özündə çoxsaylı bolqar, alan, hun tayfalarını özündə birləşdirirdi.

VIII əsrdə xəzərlər "Xəzər xaqanlığı" adlı geniş bir dövlət yaradırlar ki, onun da hakimiyyəti Şərqi Avropa xalqlarının böyük hissəsini əhatə edirdi. IX əsrdə xəzərlərin başçıları iudaizmi qəbul edir. Bu, daxili müharibələrə və xəzərlərin zəifləməsinə gətirir.

Xəzər xaqanlığının süqutu X əsrə, Kiyev knyazı Svayotoslavın yürüşü və onların əsas qalalarının məhv edildiyi dövrə təsadüf edir.

Xəzər xaqanlığına dair arxeoloji tapıntılar xəzəryanı bölgələrdə etnik cəhətdən yekcins olmayan əhali tərəfindən yaradılmış Saltov-Mayatsk mədəniyyətinə aiddir.

Bir qayda olaraq Saltov-Mayatsk mədəniyyətinə Podonye çölü, Azovyanı, Taman, Şərqi Krım, Aşağı Volqaboyu və Xəzəryanı Dağıstan əraziləri şamil olunur. Bununla yanaşı, çöl tayfalarının əksəriyyəti köçəri həyat tərzi keçirməkdə davam edirdi.

2021-ci ildə arxeoloqlar Belqorod vilayəti ərazisində iki abidəni tədqiq ediblər. Bunlar Veydelev rayonu ərazisində, Urayeva çayı dərəsində yerləşən "Şpenqarevo kəndi-1" və Alekseyevsk şəhər dairəsində, Qara Kalitva çayının yuxarı axarı boyunca yerləşən "Oturaq kənd-1" yaşayış məskənləridir.

Bir neçə gün ərzində tədqiqatçılar "Şpenqarevo kəndi-1" ərazisində tabaşir qatını yumağa və mədəni qata çıxmağa nail olublar. Burada onlar saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər. Bundan əlavə taxıl və ağac kömür qalıqlarının aşkar edilməsi üçün ərazidən qrunt nümunələri götürülüb.

"Oturaq kənd-1" yaşayış məskənində isə qalınlığı 1,5 m olan mədəni qat aşkar olunub. Burada tapılmış ən qiymətli tapıntılar arasında dəmir biz və metal bıçaq fraqmenti var. Bundan sonra tədqiqatçılar aşkar edilmiş tapıntıları tədqiq etməlidirlər.

Həmçinin oxuyun:

* Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

Şəkidə alban döyüşçülərin qəbirləri aşkarlanıb

1131
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

0
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0