Rusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il

Vaksinasiya, xələf, ABŞ, Qarabağ Qoğalın nağılı Putin nədən danışırdı

75
(Yenilənib 20:36 30.06.2021)
,
Canlı bağlantının üzərində qurulduğu rəqəmsal sistemlərə güclü DDoS hücumlara rəğmən, Rusiya Prezidenti rusiyalıları maraqlandıran bütün suallara cavab verdi.

BAKI, 30 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin canlı yayım zamanı rusiyalıları narahat edən əsas sualları cavablandırdı: əsas mövzular vaksinasiya, ABŞ-la münasibətlər, prezidentin sələfi və Qarabağ münaqişəsini əhatə edirdi. 

Dövlət başçısı ölkə vətəndaşlarının ünvanlandığı suallardan 70-nə 3 saat 42 dəqiqə ərzində cavab verdi. Canlı yayım zamanı bir neçə dəfə texniki nasazlıq yarandı: gah Putin müraciəti  eşitmirdi, gah da sualı verən. Bu problem qısa müddət ərzində aradan qaldırılırdı. Eləcə də prezidentin rusiyalılarla söhbəti zamanı canlı yayımın üzərində qurulduğu rəqəmsal sistemlərə güclü DDoS hücumlar da qeydə alınırdı.

Putin hansı vaksini vurdurub?

Tədbirin lap əvvəlində Putin rusiyalıların əksərini maraqlandıran sualı cavablandırdı – görəsən, hansı vaksini vurdurub?

Putin dedi ki, “Sputnik-V” peyvəndini vurdurub. Etiraf da etdi ki, bu vaksinlə Novosibirskin “Vektor” mərkəzinin  “Epivakkorona” peyvəndi arasında seçim edib.

“Onlar ikisi də yaxşıdır. Ancaq mən bu məqamdan çıxış etdim ki, daha uzun müddət müdafiə altında olmalıyam, buna görə də “Sputnik-V” ilə peyvəndlənməyi qərara aldım”, - o deyib.

Rusiya lideri qeyd edib ki, insanlar peyvənddən sonra da infeksiya ilə qarşılaşırlar, ancaq onlardan yalnız 10%-i xəstələnir, üstəlik, xəstəlik asan və fəsadsız ötüşür.

Putin həmçinin bildirib ki, onun yaxın ətrafından olan adamlar vaksindən sonra COVID-19-a yoluxublar, ancaq infeksiyanı daha yüngül keçiriblər: “Onları hətta heç bir ağır xüsusi preparatla müalicə də etməyiblər”.

Rusiya Prezidenti həmçinin diqqətə çatdırıb ki, xarici analoqlarından fərqli olaraq Rusiya vaksinlərindən sonra faciəvi nəticələr qeydə alınmayıb.

“Allaha şükür, AstraZeneca və ya Pfizer vaksinlərinin tətbiqindən sonrakı faciəli situasiya ilə  qarşılaşmamışıq”, - o deyib.

Xələf kim olacaq?

Canlı yayım zamanı Putinin hakimiyyətdə varisinin kim olacağı barədə sual da səslənib. Putin deyib ki, dövlət başçısı barədə qərarı həmişə Rusiya vətəndaşları verirlər.

“Onlar bunu özlərinin birbaşa gizli səsvermə hüququ vasitəsilə gerçəkləşdirirlər. Və bu, yeganə mümkün yoldur”, - o söyləyib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, prezident vəzifəsinə namizədlərə tövsiyələr vermək onun məsuliyyətinə daxildir və əlavə edib ki, bu, dünyanın bütün ölkələrində belədir.

Rusiya lideri həmçinin ümid etdiyini bildirib ki, vaxtı çatanda “bu və ya digər adamın” Rusiya kimi dövlətin başında durmağa layiq olduğunu söyləyə biləcək.

Öz gələcəyi ilə bağlı suala isə Putin zarafatla cavab verib: istefadan sonra işləməkdə bir məna görmür və “sobanın üstündə istirahət edəcək”.

“İstefadan sonra niyə işləyim ki? – Prezident vəzifəsindən gedəndən sonra harada işləyəcəyi barədə sualı cavablandıran Putin zarafatla soruşub. – Sobanın üstündə oturacağam”.

Birqütblü dünya daha yoxdur

Rusiya ilə Qərbin münasibətlərinə dair suallar da səslənib. Dövlət başçısı əmin edib ki, Rusiyanın müdafiə qabiliyyəti bəzi parametrlərinə görə ABŞ daxil olmaqla dünyanın bir çox ölkələrini geridə qoyub.

“Rusiyaya qarşı nə qədər sanksiya tətbiq etsələr də, bizi nə ilə qorxutsalar da, bunlara rəğmən Rusiya inkişaf edir, onun iqtisadi suverenliyi artır. Müdafiə qabiliyyəti çox yüksək səviyyədədir və bəzi əsas parametrlərinə görə dünyanın çox ölkəsini geridə qoyub. Bir neçə parametrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarını qabaqlamışıq”, - Putin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya sanksiyalara adaptasiya olub, bu isə aqrosənaye və maliyyə sisteminə fayda verib. O, həmçinin maliyyə sisteminin ümumi möhkəmlənməsinə də diqqət çəkib. Pozitiv effektlər qismində o, “Mir” ödəmə sistemini göstərib.

Putin eləcə də əmin edib ki, Rusiya özünün raket mühərriklərinin və titanın ABŞ-a tədarükünü dayandırmayacaq.

“Birqütblü dünya dövrü bitdi. Dünya dəyişir və çox sürətlə dəyişir. Bunu nəzərə almaq lazımdır”, - dövlət başçısı deyib.

“Dünya kökündən dəyişir. Bizim elə həmin ABŞ-da olan partnyorlarımız da bir tərəfdən bunu anlayırlar, elə buna görə də Cenevrədəki görüş baş tutdu, digər tərəfdən isə nəyin bahasına olursa-olsun özlərinin monopoliya durumlarını qorumağa çalışırlar”, - o qeyd edib.

Prezident həmçinin Rusiya ilə ABŞ arasında münasibətlərin normal çərçivəyə qayıdacağına ümid etdiyini də söyləyib.

Qarabağla bağlı fikirlər

Canlı yayımda Qarabağla əlaqədar sual da səslənib. V.Putin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən rol oynadı.

"Rusiya bu ciddi böhranın nizamlanmasında müəyyən rol oynadı. Heç kəs onun yenidən inkişaf etməsində maraqlı deyil. Nə Azərbaycan, nə Ermənistan. Çünki işin digər tərəfi bundan ibarətdir ki, əgər biz hamımız dinc və dost şəkildə yaşasaq, onda biz insanların həyatlarının yaxşılaşması üçün şərait yaradacağıq. Bu yalnız təhlükəsizlik şəraiti deyil, mən hazırkı şəraitdə ailələrin yaşamasını, iqtisadi, sosial inkişafı nəzərdə tuturam. Qarabağda yaşayan insanların buna ehtiyacı var. Çünki daim silahlı münaqişənin yenidən bərpası qorxusu ilə yaşamaq mümkünsüzdür. Biz bunu gözəl anlayırıq. Bunu həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi anlayır. Bəli, xeyli sayda problem yığılıb qalıb. Normal infrastrukturun yaradılması ilə bağlı suallar var. Sərhədlərin müəyyənləşməsi ilə bağlı suallar var", - deyə Putin qeyd edib.

Putin qeyd edib ki, Rusiya – Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli qrup yaradılıb: "Biz regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik. Bu işin benefesiarları isə şübhəsiz, Dağlıq Qarabağın sakinləri olmalıdır. Mən düşünmək istəyirəm ki, bu belə də olacaq. On illərdir yığılan problemlərə baxmayaraq".

“Qoğal” haradan çıxdı?

Tədbirin sonunda Rusiya prezidenti ona ən çox təsir edən bədii əsərlərin adını çəkib.

“Bu, Lev Tolstoyun “Hərb və sülh”, Çaykovskinin fortepiano və orkestr üçün birinci konserti və “Qoğal”ın nağılıdır”, - Putin deyib.

Nağılın adını çəkmişkən Rusiya lideri hansısa yüksək vəzifə tutanlara bir daha bu əsərə müraciət etməyi məsləhət görüb.

“Niyə? Ona görə ki, siz, əziz həmkarlar, yaltaqlığı saf həqiqət əvəzinə qəbul etdiyiniz və sizə söylənən kəlmələrə uyğun vəziyyətə düşdüyünüz vaxt başqalarına yem olma riski qarşısında qalacaqsınız”, – Putin yekunlaşdırıb.

Həmçinin oxuyun: 

* Putin canlı yayımda vətəndaşların suallarını cavablandırır

Putindən SSRİ-nin bərpası ilə bağlı gözlənilməz açıqlama

75
İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

211
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

211
Arxeoloji qazıntılar

Xəzər xaqanlığı xalqlarının oturaq həyat tərzini sübut edən faktlar aşkar olunub

1132
(Yenilənib 12:22 26.07.2021)
Əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların həyətyanı heyvandarlıqla məşğul olduğunu, dənli bitkilər yetişdirdiklərini sübut edir.

BAKI, 26 iyul — Sputnik. Belqorod Dövlət Milli Tədqiqat Universitetinin (BelDU MTU) arxeoloqları Xəzər xaqanlığı tayfalarının VIII – X əsrlərə aid yaşayış məskənlərində qazma işləri apararkən saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əldə olunmuş tapıntılar köçəri hesab edilən insanların əkinçilik və həyətyanı heyvandarlıqla məşğul olduğunu, at, iri və xırdabuynuzlu mal-qara, donuz saxladıqlarını, dənli bitkilər yetişdirdiklərini sübut edir.

"Arxeoloqlarımızın əldə etdikləri nəticələr müasir Belqorod vilayəti ərazisində olmuş Saltov-Mayatsk mədəniyyəti nümayəndələrinin oturaq həyat tərzi keçirməsi ilə bağlı mülahizələri təsdiq edir", – deyə BelDU MTU pedaqoji institutunun tarix-filologiya fakültəsinin dekanı Andrey Papkov bildirib.

VII əsrdən X əsrə qədər xəzərlər Şərqi Avropa çöllərində əhəmiyyətli qüvvəyə çevrilir. Onlar özündə çoxsaylı bolqar, alan, hun tayfalarını özündə birləşdirirdi.

VIII əsrdə xəzərlər "Xəzər xaqanlığı" adlı geniş bir dövlət yaradırlar ki, onun da hakimiyyəti Şərqi Avropa xalqlarının böyük hissəsini əhatə edirdi. IX əsrdə xəzərlərin başçıları iudaizmi qəbul edir. Bu, daxili müharibələrə və xəzərlərin zəifləməsinə gətirir.

Xəzər xaqanlığının süqutu X əsrə, Kiyev knyazı Svayotoslavın yürüşü və onların əsas qalalarının məhv edildiyi dövrə təsadüf edir.

Xəzər xaqanlığına dair arxeoloji tapıntılar xəzəryanı bölgələrdə etnik cəhətdən yekcins olmayan əhali tərəfindən yaradılmış Saltov-Mayatsk mədəniyyətinə aiddir.

Bir qayda olaraq Saltov-Mayatsk mədəniyyətinə Podonye çölü, Azovyanı, Taman, Şərqi Krım, Aşağı Volqaboyu və Xəzəryanı Dağıstan əraziləri şamil olunur. Bununla yanaşı, çöl tayfalarının əksəriyyəti köçəri həyat tərzi keçirməkdə davam edirdi.

2021-ci ildə arxeoloqlar Belqorod vilayəti ərazisində iki abidəni tədqiq ediblər. Bunlar Veydelev rayonu ərazisində, Urayeva çayı dərəsində yerləşən "Şpenqarevo kəndi-1" və Alekseyevsk şəhər dairəsində, Qara Kalitva çayının yuxarı axarı boyunca yerləşən "Oturaq kənd-1" yaşayış məskənləridir.

Bir neçə gün ərzində tədqiqatçılar "Şpenqarevo kəndi-1" ərazisində tabaşir qatını yumağa və mədəni qata çıxmağa nail olublar. Burada onlar saxsı qabların, gil örtüyünün qırıntılarını və müxtəlif heyvan sümüklərini aşkar ediblər. Bundan əlavə taxıl və ağac kömür qalıqlarının aşkar edilməsi üçün ərazidən qrunt nümunələri götürülüb.

"Oturaq kənd-1" yaşayış məskənində isə qalınlığı 1,5 m olan mədəni qat aşkar olunub. Burada tapılmış ən qiymətli tapıntılar arasında dəmir biz və metal bıçaq fraqmenti var. Bundan sonra tədqiqatçılar aşkar edilmiş tapıntıları tədqiq etməlidirlər.

Həmçinin oxuyun:

* Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

Şəkidə alban döyüşçülərin qəbirləri aşkarlanıb

1132
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

0
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0