Kremlə mənzərə, arxiv şəkli

Moskva: "ABŞ-la münasibətlərin ən pis ssenarilərinə hazırıq"

15
(Yenilənib 21:21 08.04.2021)
"Bloomberg"in yaydığı məlumata görə, Co Bayden administrasiyası Rusiyanın yol verdiyi "qanunsuzluqlar", o cümlədən, seçkilərə müdaxilə və "Solar Winds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.

BAKI, 8 aprel — Sputnik. Rəsmi Moskva Birləşmiş Ştatlarla münasibətlərin inkişafı ilə bağlı ən pis ssenarilərə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı diplomatların qovulma ehtimalı barədə xəbəri şərh edərkən bildirib.

"Bilirsiniz, ABŞ tərəfinin düşmənçiliyi və proqnozlaşdırıla bilməyən addımlar ümumilikdə bizi ən pis ssenarilərə hazır olmağa məcbur edir. Yəni kifayət qədər aqressiv, gözlənilməz bir həmsöhbətiniz olduqda, təbii ki, səfərbər vəziyyətə gəlmiş olursunuz", - deyə Peskov "Rusiya yeni sanksiyalarla bağlı ssenarini öyrənirmi və yeni sanksiyalarla mübarizəyə hazırlaşırmı" sualını cavablandırarkən bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya və ABŞ münasibətlərində qeyri-müəyyənlik qalır və "bu, çox pisdir".

Qeyd edək ki, "Bloomberg"in ABŞ-ın adının açıqlanmasını istəməyən səlahiyyətli şəxslərindən birinə istinadla yaydığı məlumata görə, Co Bayden administrasiyası Rusiyanın yol verdiyi "qanunsuzluqlar", o cümlədən, seçkilərə müdaxilə və "Solar Winds" proqramı vasitəsilə dövlət qurumlarına edilən kiberhücumlarla bağlı araşdırmanı başa çatdırıb.

Mənbənin verdiyi məlumata görə, buna cavab olaraq Rusiya Federasiyasının ayrı-ayrı fərdlərinə və təşkilatlarına qarşı yeni sanksiyaların tətbiq olunması, Vaşinqtonda "diplomat adı altında" fəaliyyət göstərən Rusiya kəşfiyyat zabitlərinin ABŞ-dan qovulması kimi radikal addımlar atıla bilər.

Mənbə onu da bildirib ki, sanksiyalar böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinə yaxın insanlar, həmçinin seçkilərə müdaxilədə iştirak etmiş qurumlara şamil olunacaq.

 

15
 Rusiyada epdimioloji vəziyyət

Rusiyada koronavirusdan ölüm sayı azalmaq bilmir

12
(Yenilənib 23:36 19.04.2021)
Rusiyada pandemiya yayılandan 105928 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4310557-yə çatıb.

BAKI, 19 aprel — Sputnik. Son bir sutka ərzində Rusiyada 8589 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 346 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4710690-a çatıb. Rusiyada pandemiya yayılandan 105928 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4310557-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Baydenlə Lukaşenkoya qarşı sui-qəsd cəhdini müzakirə edib

36
(Yenilənib 22:17 19.04.2021)
Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib.

BAKI, 19 aprel — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden telefon danışığı zamanı Belarusda dövlət çevriliş cəhdini müzakirə ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu faktı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Putin amerikalı həmkarı ilə söhbət zamanı ABŞ xüsusi xidmət orqanları tərəfindən Belarus rəhbərinə qarşı sui-qəsd cəhdi məsələsini qaldırıb, lakin cavab gəlməyib.

Peskovla söhbət zamanı jurnalistlər ondan "Bu mövzunun doğrudan da Putinin Baydenlə söhbəti zamanı qaldırılmasını təsdiqləyə bilərsinizmi?" sualına "Bəli, edə bilərəm", – deyə cavablandırıb.

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertelin dediyinə görə, qrup üzvlərinin Lukaşenko və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planı olub. Qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil idilər.

36
Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Əhaliyə növbəti "fişinq" hücumları barədə xəbərdarlıq

0
Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri "tələyə salmaqla" asan yolla maddi vəsait əldə etməkdir

BAKI, 20 aprel — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlərdə bankları hədəf alan "fişinq" hücumları barədə xəbərdar edib. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, kiberdələduzlar "Kapital Bank", "Unibank" və digər bankların texniki dəstək xidmətinin adından sui-istifadə edərək vətəndaşların bank məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə çalışırlar. Belə ki, həyata keçirilən kiberhücumlarda bank əməkdaşlarının adından vətəndaşların mobil nömrələrinə zənglər edilərək, onların adına hər hansı köçürmənin həyata keçirildiyi bildirilir və təsdiqləmə üçün kart hesab nömrəsi, şifri, təsdiqləmə kodu və sair fərdi məlumatların təqdim edilməsi tələb olunur.

Digər bir kiberhücumda bank əməkdaşlarının adından saxta sosial şəbəkə hesabları yaradılaraq müəyyən bank əməliyyatlarının həyata keçirilməsi üçün kart hesab məlumatlarının, təsdiqləmə kodlarının təqdim edilməsi tələb edilir.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri "tələyə salmaqla" asan yolla maddi vəsait əldə etməkdir.

Qeyd edək ki, geniş yayılmış bu növ kiberhücumlarda kiberdələduzlar öz kimliklərini gizlətmək üçün müxtəlif proqramlardan istifadə edərək qarşı tərəfə telefon nömrələrini istədikləri şəkildə göstərə bilir. Yəni zəng gələn ekranda bankın və ya başqa şəxsin nömrəsi əks oluna bilər. Əslində isə zəng tam fərqli nömrədən həyata keçirilir.

Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, bu kimi zənglərə qarşı maksimum diqqətli olsunlar, ekranda hansı nömrənin əks olunmasından asılı olmayaraq heç bir halda qarşı tərəfə bank məlumatlarını və digər fərdi məlumatlarını təqdim etməsinlər. Bu kimi zənglər və ya mesajlar aldıqda, ilk öncə başqa vasitələrlə həmin bank və ya müəssisə ilə əlaqə saxlayaraq məlumatın düzgünlüyünü yoxlasınlar.

Xüsusilə, bank kartlarının şəklini çəkməklə qarşı tərəfə ötürmək, telefona gələn təsdiqləmə kodlarını (OTP) digər şəxslərlə paylaşmaq sizə maddi zərər dəyməsi ilə nəticələnə bilər. Kart hesab nömrəsi, etibarlılıq müddəti, CVV kodu (kartın arxa hissəsindəki üçrəqəmli kod), həmçinin təsdiqləmə kodlarını əldə edən şəxs asanlıqla hesabınızdan vəsait çıxara bilər.

Unutmayın ki, heç bir bank müştərisindən telefon vasitəsilə şifr, təsdiqləmə kodu kimi məlumatları təqdim etməsini tələb etmir. Bu məlumatlar məxfi saxlanılmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.

Həmçinin vətəndaşlar şübhəli hallarla üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

0