BAKI, 27 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 11534 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 439 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4234720-yə çatıb. Rusiyada pandemiya yayılandan 85743 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3799406-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 15 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib
"Bu gün Bayden Administrasiyası ABŞ suverenliyi və maraqlarına qarşı Rusiya hökuməti və kəşfiyyat orqanlarının atdığı addımlara görə Rusiyaya qarşı tədbirlər görür", - deyə məlumatda bildirilir.
Qəbul olunan qərara əsasən on Rusiya diplomatı ABŞ-dan da qovulur. Ölkədən qovulan şəxslər arasında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları da var.
Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına qarşı sanksiya tətbiq olunur.
ABŞ rəhbərliyi, həmçinin Aİ, Böyük Britaniya, Avstraliya və Kanada ilə birgə Krımla bağlılığı olan 8 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.
BAKI, 15 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Sputnik Azərbaycan "Kremlin" saytına istinadən xəbər verir ki, tərəflər ikitərəfli gündəlikdə olan bəzi əhəmiyyətli məsələləri müzakirə ediblər.
"Aleksandr Lukaşenkonun bu ərəfədə Azərbaycana baş tutan səfəri konteksində Dağlıq Qarabağ nizamlanması məsələsinə də toxunulub", - deyə "Kremlin" saytının yaydığı məlumatda bildirilir.
Putin və Lukaşenko müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko 13-14 aprel tarixlərində Azərbaycanda rəsmi rəfərdə olub.
Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenkonun prezident seçildikdən sonra ikinci xarici səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkir. Prezident Aleksandr Lukaşenkonun Azərbaycanda rəsmi və qeyri-rəsmi formatda keçirdiyi görüşlər, verdiyi açıqlamalar diqqətlə izlənilir. Sputnik Azərbaycan Azərbaycan-Belarus əlaqələri və Aleksandr Lukaşenkonun bu səfərinin ikitərəfli münasibətlərdə rolu ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.
Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq mövcuddur:
"Bu əlaqələrin və əməkdaşlığın əhatə dairəsi genişdir. İki ölkə arasında hərbi sənaye, kənd təsərrüfatı, maşınqayırma sahələrində əməkdaşlıq daima inkişaf edir. Belarus rəhbərliyi də hər zaman Azərbaycanın problemlərinə diqqətlə yanaşıb. Düşünürəm ki, bizim münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf etməyə davam edəcək. Belarus Azərbaycan vasitəsilə sərfəli bazarlara çıxış əldə edir. Bu Azərbaycanın da maraqlarına cavab verir. Çünki bununla həm də bizim qeyri-neft sektorumuz inkişaf edir. Belarus həm də Azərbaycanın enerji resurslarından yararlanmaqda maraqlıdır".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Azərbaycan-Belarus münasibətləri həmişə fəqli səviyyədə olub: "Prezident Lukaşenkonun fərdi şəxsiyyəti onun prezidentlik idarəçiliyində də özünü bariz şəkildə göstərib. Azərbaycan hər zaman Belarusa çətin vaxtlarında dəstək göstərib. Belarus son vaxtlar Polşa və Baltikyanı ölkələrlə münasibətlərini sıxlaşdırmışdı. Ölkənin istiqaməti bu yöndə idi. Ancaq indi bu münasibətlərdə durğunluq mövcuddur. Məhz bu əlaqələr hesabına Belarus informasiya texnologiyaları sahəsində yüksək inkişaf əldə etmişdi".
Politoloq bildirib ki, bu gün Azərbaycan-Belarus münasibətlərində iqtisadi maraqlar daha qabarıq formada önə çıxır.
"Azərbaycan Qarabağın bərpasını həyata keçirir. Burada etibarlı tərəfdaşlara ehtiyac var. Bu səfər göstərir ki, bu gün Azərbaycan-Belarus münasibətləri tamam yeni keyfiyyətdədir. Aprelin sonunda Belarusda Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Erməni mətbuatı iddia edir ki, Azərbaycan bu sammitdə müşahidəçi kimi iştirak etmək istəyir, lakin Ermənistan hökuməti buna qarşıdır. Bütün bu baş verən proseslər münasibətlərimizin yeni xarakterindən xəbər verir".
Politoloq qeyd edib ki, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi. Bu baxımdan Belarus prezidentinin səfərini və bu səfər zamanı səsləndirdiyi fikirləri yüksək qiymətləndirir.
"Belarus həm də dağlıq Qarabağla bağlı məsələlərin siyasi tərtibatında önəmli rol oynayıb. Burada prezident Lukaşenkonun müstəsna rolunu qeyd etməliyik. Belarusla əməkdaşlıq həm bizim, həm də bu ölkənin maraqlarına cavab verdiyi üçün faydalıdır", - deyə Əhmədoğlu əlavə edib.