Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Baha başa gəldi: Avropa Rusiyaya görə milyardlarla vəsait itirdi

39
(Yenilənib 01:44 22.02.2021)
Berlin sanksiya müharibəsindən hamıdan çox zərər çəkdiyini dəfələrlə bəyan edib. Bu ölkə yalnız sanksiyaların ilk iki günü ərzində 14 milyard avro itirib.

BAKI, 15 fevral — Sputnik, Natalya Dembinskaya. Brüssel Moskvaya qarşı yeni sanksiyalar hazırlayır – halbuki siyasi qarşıdurma illərində qarşılıqlı məhdudiyyətlər səbəbindən Avropa İttifaqı (Aİ) Rusiyadan daha çox şey itirib. Dəymiş iqtisadi zərər on milyardlarla avro həcmində hesablanır. Avropanın sanksiya müharibəsindən nə qədər ziyan gördüyü, hansı tərəfin daha çox itkiyə məruz qaldığı barədə RİA Novosti-nin növbəti materialında.

Yol verilən itkilər

Brüsseldə keçirdiyi brifinqdə Aİ Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano bu cür sanksiyaların qurumun məqsədi deyil, sadəcə, Rusiyaya qarşı təsirli vasitəsi olduğunu bəyan etdi. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell isə əlavə etdi ki, Aleksey Navalnının həbsindən sonra insan hüquqlarının pozulmasına görə cəza tədbirləri görüləcək.

Avropa Birliyi 2014-cü ilin yayında Ukraynadakı münaqişə səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Daha sonra bu cəza tədbirlərini bir az da genişləndirdi. 2015-ci ilin mart ayında Aİ ölkələrinin liderləri sanksiyaları Minsk razılaşmalarının icrası ilə əlaqələndirdilər. Moskva isə bəyan etdi ki, Rusiya Ukraynadaxili münaqişədə tərəf və Minsk razılaşmalarının subyekti deyil, yalnız konfliktin həlli prosesində vasitəçi kimi çıxış edir. Və qarşılıqlı məhdudiyyətləri qəbul etdi.

Bir ildən sonra isə məlum oldu ki, Avropa bu məsələdə daha çox şey itirib. 2014-cü ilin martından 2015-ci ilin martına qədər Moskva 55 milyard dollar, Aİ isə 110 milyard dollar itkiyə məruz qalıb. İkitərəfli məhdudiyyətlərdən ayda 700 milyon dollar itirən Almaniya isə xüsusilə ağır zərbə alıb.

Həmin vaxt Avropa Parlamentindən bildirildi ki, sektoral sanksiyalar çox ağrılı olub və neft qiymətlərinin çökməsi ilə nəticələnən iqtisadi böhranı (Rusiyada - red.) dərinləşdirib. Bütün bunların əsas qısamüddətli təsiri Qərbdən kredit əldə edilməsi, investisiya axınının məhdudlaşdırılması və daha yüksək iqtisadi artım tempinə qayıtmağın mümkünsüzlüyü ilə ifadə edildi.

Bununla belə, 2018-ci ildə Aİ-nin qanunverici orqanı etiraf etdi: sanksiyalar tamamilə məhdud effekt verir.

"Qərbin Moskvanı təcrid etmək cəhdlərinə baxmayaraq, Rusiya dünya arenasında daha nəzərəçarpan rol oynayır. Hətta kontr-sanksiyalar bu ölkənin kənd təsərrüfatına təkan verib", – deyə millət vəkilləri vurğuladılar.

Dostluq alovu

2019-cu ildə "sanksiya beşilliyi"nin yekunlarını Honkonq Linnan Universitetinin iqtisadçısı Mattye Kroze və Kilsk Dünya İqtisadiyyatı İnstitutunun iqtisadçısı Yulian Hints analiz etdilər. Onların hesablamalarına görə, Qərbin sanksiyalarından yaranan itkilərin yarıdan çoxu Rusiyanın (ayda 2,2 milyard dollar), qalan 45 faizi isə (ümumilikdə 1,8 milyard) məhdudiyyətlərin təşəbbüskarlarının payına düşür. Bu məlumatlar "Dostluq alovu: Rusiyaya qarşı sanksiyaların ticarətə təsiri və cavab sanksiyaları" adlı araşdırmada öz əksini tapdı.

Kroxe və Hintsin hesablama sxemi nüfuzlu elmi jurnal olan "Economic Policy"-də öz əksini tapdı. Bu sxemdə bütün mal növləri üçün potensial ticarət axınları arasındakı fərq, doğrudan da zərərin olduğunu göstərirdi. Aylıq zərərin ümumi məbləğinin 4 milyard dollar olduğu ortaya çıxdı. Ən çox itirən Almaniya oldu – 38 faiz və ya 667 milyon dollar. Fransız şirkətlərinə də çox zərər dəydi.

Kroze və Hintsin araşdırmasında qeyd edildiyi kimi, digər ölkələrə yönəldilən ixracat hələ də itkiləri kompensasiya etməyib.

Bu yaxınlarda Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyi bəyan etdi: 2014-cü ildən bu yana Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən Avropa biznesi milyardlarla avro itirib, qara siyahıya düşmüş Rusiya vətəndaşlarının və şirkətlərinin dondurulmuş aktivləri və pul vəsaitləri isə bəzən cəmi bir neçə yüz avro təşkil edir.

2018-ci ildə dondurulmuş aktivlər və pul vəsaitlərinin sanksiya bazasına Almaniyadan təxminən 485 min, İrlandiyadan - 24 min, İtaliyadan - 94 min, Hollandiyadan isə 806 avro daxil olub. 2019-cu ildə eyni rəqəm Almaniya üzrə - 337 min, İrlandiya üzrə - 77 min, İtaliya üzrə - 148 min, Hollandiya üzrə - 819 avroya bərabər olub. 2020-ci ildə isə Almaniya üzrə bu rəqəm 341 min avro, Hollandiya üzrə cəmi 761 avro təşkil edib.

Ümumilikdə, 2014-cü ildən bəri Almaniya təqribən 1,8 milyon avro vəsaiti dondurub. Almaniya ilə Rusiya arasındakı ticarət dövriyyəsi 2014-cü ildə 67,7 milyard, 2015-ci ildə 51,5 milyard, 2016-cı ildə isə 48 milyard avro təşkil edib.

Berlin sanksiya müharibəsindən hamıdan çox zərər çəkdiyini dəfələrlə bəyan edib. Keçən ilin yay aylarında Bundestaqın deputatı Markus Fronmayer Kroze və Hintsin nəticələrinə yaxın rəqəmlər açıqladı: aylıq 618 milyon avro (illik 7,4 milyard avro və ya Aİ-nin ümumi zərərinin 40 faizi).

Əsas zərərdidələr

Vyana Beynəlxalq İqtisadi Tədqiqatlar İnstitutunun (Wiener Institut fur Internationale Wirtschaftsvergleiche - WIIW) iqtisadçıları da Brüssel ilə Moskva arasındakı sanksiya müharibəsinin nəticələrini ətraflı şəkildə araşdırıblar.

WIIW-in son hesablamalarına görə, Rusiyaya ixracatın azalması 2014-2018-ci illərdə Almaniyaya Ümumi Daxili Məhsulun (ÜDM) 0,2%-i, Avstriyaya isə 0,5% -i qədər vəsaitə başa gəlib. İqtisadçılar ən çox zərər görmüş ölkələrin sırasına Çex Respublikası, Macarıstan (hər biri ÜDM-in 0,6%-i qədər vəsait itirib) və Slovakiyanı (ÜDM-in 1%-i qədər) aid ediblər. Bununla belə, mütləq göstəricilərə əsasən, Almaniyanın itkisi daha böyükdür - yalnız sanksiyaların ilk iki günü ərzində 14 milyard avro.

İqtisadiyyatın ayrı-ayrı sektorlarına gəlincə, "anti-liderlər" tekstil sənayesi, əczaçılıq, elektrik, mexaniki və nəqliyyat avadanlıqları sahələridir.

Tədqiqat müəllifləri, həmçinin qeyd edirlər ki, ərzaq məhsulları (Rusiya 2014-cü ilin avqustundan bəri Aİ-dən ət, süd, balıq, meyvə-tərəvəz idxalına embarqo tətbiq edib) Baltikyanı ölkələr, Finlandiya, Almaniya, Hollandiya və Polşa istisna olmaqla, "Avropa ixracatında əhəmiyyətli rol oynamır".

"Rusiyada yalnız ərzaq məhsullarında bir qədər inflyasiya qeydə alındı, bununla belə, idxalın əvəzlənməsi iqtisadiyyatın bariz uğurlarından biri olan kənd təsərrüfatının canlanmasına kömək etdi", – deyə WIIW etiraf edib.

Aİ-nin ixracatında Rusiyanın payı iki dəfə azaldılıb. Bununla yanaşı, Avropanın artan enerji mənbələrinə olan tələbi və "Şimal Axını-2" qaz kəmərinin tikintisinin yaxın vaxtlarda yekunlaşacağı nəzərə alınmaqla, bu qitənin Rusiyanın neft və qazından asılılığının güclənəcəyini söyləmək olar.

 

39
Rusiyaya məxsus An-124-100 Ruslan təyyarəsi, arxiv şəkli

"Ruslan" An-124: Rusiya niyə bu avianəhənglərin istehsalını dirçəldir

14
Yanvarın ortalarında Bryansk bölgəsində Rusiya tarixində ilk dəfə Seşinski və Tver aviasiya alayları heyətlərinin birgə təlim uçuşları altı "Ruslan" An-124-100 strateji hərbi nəqliyyat təyyarəsinin eyni vaxtda iştirakı ilə reallaşdı.

BAKI, 5 mart — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Otuz ildən çoxdur ki, dünyadakı analoqları arasında ən nəhəng və mükəmməl ağır, uzun mənzilli hərbi-nəqliyyat təyyarəsi olan "Ruslan" An-124-ə Rusiyada modernləşdirilmiş görünüş və ikinci həyat veriləcək. Martın 2-də Aviastar-SP Ulyanovsk müəssisəsində keçirilən görüşdə müdafiə naziri Sergey Şoyquya "Ruslan" An-124 təyyarəsinin istehsalını bərpa etmək təklif olundu. 2004-cü ilə qədər Ulyanovsk təyyarə zavodu bu tip 56 təyyarədən 36-sını istehsal edib, 2020-ci ildə altı An-124 təyyarəsi bu müəssisədə təmir edilib və zavodun texnoloji səviyyəsi ən qısa vaxtda "Ruslan"ların seriya şəklində istehsalını həyata keçirməyə imkan verir.

Ulyanovsk təyyarə istehsalçılarının təklifini həyata keçirmək bir o qədər də asan məsələ deyil, çünki əvvəllər uzun illər Rusiya Federasiyası Müdafiə Nazirliyindən də belə bir təşəbbüs irəli sürülmüşdü. Ancaq hər dəfə layihənin gerçəkləşməsinə nəsə mane olurdu. Beləliklə, Ukrayna müəssisələri ilə əməkdaşlıq əsasında Ulyanovskda "Ruslan"ın istehsalını bərpa etmək barədə 2006-cı ildə qəbul olunmuş qərarı ixtisara salmalı oldular, çünki Ukrayna tərəfi 8 il idi ki, təyyarələr üçün mühərriklərin tədarükünü təmin etmirdi.

Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyində belə hesab edirdilər ki, An-124 təyyarələrinin istehsalına kəskin ehtiyac yoxdur, çünki mövcud parkın təmiri "Ruslan"ların 2040-cı illərin sonuna qədər istismar edilməsinə imkan verir (istismar müddəti 50.000 saat, 10.000 uçuş və ya 45 ildir). Digər tərəfdən, eyni qurum Rusiyanın An-124 təyyarəsinin analoqu olan ağır nəqliyyat təyyarələrinin 2020-ci ildən sonra istehsalına icazə verib. "Ruslan"lar və Rusiya Hərbi Nəqliyyat Aviasiyası (HNA) üçün, bəlkə də, məhz indi yeni perspektivlər açılmağa başlayıb.

Son illərin Suriyada, Qarabağda və planetin digər qaynar nöqtələrindəki həyəcanlı hadisələri qoşunların, silahların və materialların operativ köçürülməsi üçün ağır hərbi nəqliyyat aviasiyasının vacibliyini bir daha təsdiqlədi. Xatırladaq ki, baza hərbi nəqliyyat vasitəsi olan "Ruslan" 850 km/saat sürətlə 120 ton yükü (80 tonluq yüklə maksimum məsafə 7500 km-ə qədər uzanır) 4800 km-ə qədər məsafəyə daşımağa qadirdir. Təyyarənin Amerika istehsalı olan analoqu Lockheed C-5 Galaxy yükdaşıma qabiliyyətinə görə ondan əhəmiyyətli dərəcədə geri qalır. Bununla belə, Rusiya Federasiyası Müdafiə Nazirliyi cəmi 10 ədəd An-124 təyyarəsini istismar edir. Yeni çağırışlar və təhdidlər HNA-nın kəmiyyət və keyfiyyət artımını tələb edir.

Tarixdə ilk dəfə

Suriyada çətin hərbi-siyasi vəziyyət davam edir. Situasiya mobil möhkəmlənmə tələb edə bilər, bu səbəbdən də Suriya ərazisində Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat aerodromları şəbəkəsi genişləndirilir. Amerikanın "The Drive" nəşrinin yazdığına görə, Xmeymimdəki uçuş-enmə zolağının uzunluğu 3,2 km-ə çatdırılıb ki, bu da "ağır yüklü" hərbi nəqliyyat təyyarəsi olan "Ruslan" An-124-ü qəbul etməyə imkan verir.

Bir qədər əvvəl hərbi nəqliyyat aviasiyası (An-124 təyyarələri də daxil olmaqla) operativ şəkildə Rusiyadan Ermənistana Dağlıq Qarabağdakı sülhməramlı kontingentin tərkibinə daxil olan 1960 hərbi qulluqçunu standart silah və texnika ilə (90 zirehli transportyor 380 ədəd avtomobil və xüsusi texnika) birlikdə daşıdı. HNA-nın bu tip əməliyyatlarına əvvəlcədən hazırlaşmaq, ehtiyat təyyarələrə, ekipajlara, marşrutlara və aerodromlara sahib olmaq lazımdır.

Yanvarın ortalarında Bryansk bölgəsində Rusiya tarixində ilk dəfə Seşinski və Tver aviasiya alayları heyətlərinin birgə təlim uçuşları altı "Ruslan" An-124-100 strateji hərbi nəqliyyat təyyarəsinin eyni vaxtda iştirakı ilə reallaşdı. Uçuşların məqsədi hərbi hissələrin şəxsi heyətinin standart silah və hərbi texnika ilə uzun məsafələrə eyni vaxtda köçürülməsində ekipajların bacarıqlarını artırmaq idi. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, altı ədəd "Ruslan" təyyarəsi 3000-dən çox hərbçini və ya 48 zirehli texnika vahidini göyərtəsinə götürə bilər.

Qəfil hərbi qarşıdurma vəziyyətində Rusiya Federasiyası ərazisinə yerləşdirilən qoşunlar vahid bir orqanizm kimi hərəkət etməli, vəziyyətdəki hər hansı bir dəyişikliyə dərhal reaksiya verməlidir. Bunun üçün onlarla və yüzlərlə HNA təyyarəsi tələb oluna bilər. Deməli, yaxın gələcəkdə Ulyanovsk təyyarə zavodunun işi artacaq.

İkinci həyat

"Ruslan" An-124-100 təyyarəsi 120 tondan çox yükü havaya qaldırmağa qadirdir (880 nəfərlik hərbi heyət və ya dörd Mi-8 helikopteri, yaxud da 18 metrlik bir raket və ya 18 maşın). Müdafiə Nazirliyindən başqa, Rusiyanın müxtəlif strukturlarında daha 20 belə təyyarə istismar olunur ("224-cü Uçuş Dəstəsi" Dövlət Hava Yolları şirkəti, "Volqa-Dnepr" şirkəti). Müqayisə üçün bildirək ki, Ukraynanın Antonov Hava Yollarında cəmi 7 belə təyyarə var.

Əlbəttə ki, Rusiyada An-124 tipli ağır nəqliyyat vasitələrinin sayı get-gedə artacaq. Yəqin ki, rəqəmsal modernləşdirmə, Rusiyanın yeni mühərrikləri NK-32 və ya PD-14, avionikada və şassi dizaynındakı ciddi dəyişikliklər ağır hərbi nəqliyyat təyyarəsinin fərqli bir ad altında buraxılmasına gətirib çıxaracaq. Məsələn, NATO çoxdan An-124-ə "Kondor" adını verib. Ulyanovskdakı zavodda ağır hərbi nəqliyyat təyyarələrinin istehsalını canlandırmaq üçün keçilməz maneələr mövcud deyil.

Ukraynanın Antonov dövlət müəssisəsi istehsalın bu ölkənin iştirakı olmadan reallaşmasını mümkün hesab etmir. Ancaq əvvəllər Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi bəyan edib ki, Antonov An-124 təyyarələrinin sertifikat sahibi olaraq Rusiyada təyyarələrin uçuş qabiliyyətini qorumaq üçün öz öhdəliklərini yerinə yetirmir və bu prosesdə Rusiya sənayesinin iştirakı qaçılmazdır.

"Aviastar-SP" Ulyanovsk müəssisəsi artıq xeyli müddətdir ki, "Ruslan" təyyarələrinin An-124-100 (VTA versiyası) və An-124-100-150 (maksimum yük - 150 ton) tiplərinə texniki xidmət göstərir və modernləşdirmə işləri aparır. Sovet konstruksiya ideyalarını "özəlləşdirmək" cəhdləri nəticə vermir, Kiyevin An-124-ün "Ukrayna mənşəli" məhsul olduğu ilə bağlı müasir tezisləri isə tənqidlərə davam gətirmir.

An-124 təyyarəsi Sovet İttifaqında Voronej, Ulyanovsk, Kiyev aviasiya müəssisələrinin əməkdaşlığı nəticəsində yaradılıb. Sovet Ordusu tərəfindən 1991-ci ildə silahlanmaya qəbul edilib. Əvvəlcə müstəqil Ukraynanın sahib olmadığı qitələrarası ballistik raketlərin havaya qaldırılması üçün nəzərdə tutulmuşdu. 56 "Ruslan"dan 36-sı Ulyanovskda istehsal edildi və təsadüfi deyil ki, hazırda Ukraynanın Antonov şirkətinin dörd adda məhsulunun siyahısında An-124 mövcud deyil.

Ukrayna təyyarə sənayesinin vəziyyəti bu qanadlı nəhənglərin istehsalı ilə bağlı yalnız xəyal qurmağı imkan verir. Texnoloji deqradasiya – Rusiya ilə ənənəvi əlaqələri birtərəfli qaydada pozan bütün postsovet ölkələrinin etibarlı "ortağıdır". Yeri gəlmişkən, dünya şöhrətli Sovet təyyarə dizayneri Oleq Antonov Moskva quberniyasında doğulub, Saratov və Leninqradda təhsil alıb və konstruktor kimi Moskvada fəaliyyətə başlayıb. 1946-cı ildən etibarən Sibir Tədqiqat Aviasiya İnstitutuna rəhbərlik edib və həmin müəssisə 1952-ci ildə Kiyevə köçürülüb.

14
Sputnik V peyvəndi, arxiv şəkli

Əcnəbilərə "Sputnik Layt", ruslara "Sputnik-V"

10
(Yenilənib 15:21 05.03.2021)
Rusiya Səhiyyə Nazirliyi yerli peyvənd preparatının daha yüngül versiyası üzrə tədqiqatların ikinci mərhələsinin başa çatdığını elan etdi

BAKI, 5 mart — Sputnik. Rusiyada "Sputnik Layt" peyvəndinin klinik sınaqlarının ikinci mərhələsi başa çatıb. Bu barədə RF-in səhiyyə naziri Mixail Muraşko məlumat verib. "Hazırda əldə olunmuş nəticələr ekspert qiymətləndirməsinə göndərilir", – deyə o, jurnalistlərə bildirib.

Üçüncü mərhələ üzrə klinik sınaqlara da fevralın ortalarında icazə verilib. Bu tədqiqat plasebodan istifadə olunmaqla iki qrupda aparılmalı və 28 yanvar 2022-ci il tarixinə kimi tamamlanmalıdır.

"Sputnik Layt" preparatı insanın adenovirus vektorlarının yaxşı öyrənilmiş platformasında Qamaleya Mərkəzinin Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) ilə birlikdə hazırladığı "Sputnik" istehsal xəttinin bir hissəsidir.

RBİF rəhbəri Kiril Dmitriyevin sözlərinə görə, "yüngül versiya", əsasən, güclü xarici epidemioloji ocaqların mövcud olduğu xarici bazara hesablanıb. Rusiyada isə "Sputnik V" flaqman olaraq qalacaq.

Qamaleya mərkəzinin direktoru Aleksandr Ginzburq isə bəyan edib ki, bu ölkələrdə "Sputnik Layt"dan istifadə yoluxma səviyyəsini aşağı salmağa, yerli səhiyyənin yükünü azaltmağa imkan verəcək. Alim vaksinasiyadan sonra yaranan immunitetin üç-dörd ay davam edəcəyini və peyvəndin təsirinin təxminən 85% olacağını da bildirib.

Sxem yalnız bir dəfə inyeksiya olunmasını ("Sputnik V" nin birinci komponenti) nəzərdə tutur ki, bu zamanda da antitel daha qısa müddətdə ifraz edilir. Bundan başqa, peyvənd olunan insan koronavirusa yoluxsa belə, onun xəstəliyi ağır formada keçirəcəyi gözlənilmir, çünki virusun törədicisi ağ ciyərə qədər gedib çatmır. Müdafiə qabiliyytini uzatmaq üçün üç aydan sonra ikinci komponent də tətbiq oluna bilər.

 

10
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO