Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Rusiya XİN: "BMT-nin Bakı Yerevanla fəaliyyətini dəstəkləyirik"

14
(Yenilənib 18:38 28.01.2021)
Rusiyalı mütəxəssislər və sülhməramlıların yardımı ilə ötən ilin noyabrın 14-dən 750 hektar ərazi və 230 km-dan çox yol minalardan təmizlənib. On dörd mindən çox partlayıcı maddə zərərsizləşdirilib, elektrik enerjisinin təminatı tamamilə bərpa olunub.

BAKI, 28 yanvar — Sputnik. Hazırda Dağlıq Qarabağda Beynəlxalq Qızıl Xaç Komitəsi (BXQK) aktiv iş aparır. Rusiya BMT-nin Bakı və Yerevanla bütün humanitar yardım məsələlərində qarşılıqlı fəaliyyətini dəstəkləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Öz növbəsində Rusiya Dağlıq Qarabağda vəziyyətin yaxşılaşmasına əhəmiyyətli töhfə verib. Rusiyalı mütəxəssislər və sülhməramlıların yardımı ilə ötən ilin noyabrın 14-dən 750 hektar ərazi və 230 km-dan çox yol minalardan təmizlənib. On dörd mindən çox partlayıcı maddə zərərsizləşdirilib, elektrik enerjisinin təminatı tamamilə bərpa olunub", - deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

14
Məhəmməd Bin Salman, şahzadə, arxiv şəkli

ABŞ ərəbləri cəzalandırmaq qərarına gəlib: Rusiya İran bundan qazanacaq?

16
(Yenilənib 21:40 02.03.2021)
Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

BAKI, 2 mart — Sputnik, Sofya Melnuçuk, Qaliya İbrahimova. Səudiyyə Ərəbistanını ABŞ-la münasibətdə ağır dövr gözləyir. ABŞ kəşfiyyatı 2018-ci ildə öldürülən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı hesabat yayımlayandan sonra Ağ Ev yeni strategiyasını açıqladı: amerikalılar Yəməndəki müharibənin başa çatması və insan haqlarına hörmət olunmasında təkid edirlər. Vaşinqtonun bu məsələdə nə qədər uzağa gedə biləcəyi və Ər-Riyadın buna necə reaksiya verəcəyi barədə – RİA Novosti-nin növbəti məqaləsində.

Sanksiyaya məruz qalmayan şahzadə

Gözlənildiyi kimi, yeni açıqlamalar Amerika səlahiyyətlilərinin cümə günü elan etdikləri bəyanatlara bir növ əlavə oldu. ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Qaşıqçının öldürülməsi ilə bağlı 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq olunacağını bildirdi. Fərdi sanksiyalar Səudiyyə Ərəbsitanı Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri Əhməd əl-Əsiriyə də şamil olunacaq.

Kəşfiyyat Xidmətinin hesabatında bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid edən "Vashinqton Post" qəzetinin yazarından intiqam alınmasında vəliəhd Məhəmməd bin Salmanın da əli olub. Belə ki, jurnalisti məhz onun razılığı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdiyi vaxt qaçıraraq daha sonra hissələrə parçalayıblar və indiyə kimi cəsədinin qalıqlarını görən olmayıb. Krallığın Xarici İşlər Nazirliyi ittihamları qəti şəkildə rədd edir. Buna baxmayaraq, vəliəhdə qarşı fərdi sanksiya tətbiq olunmayıb. Halbuki yeni prezident Co Bayden seçkiqabağı debatlarda Ər-Riyadla haqq-hesabı çürütməyə söz vermişdi. Və bu, bir sıra suallar doğurur.

"Fikrimcə, bütün ölkə ilə münasibətlərin bir insanla münasibətlərdən daha prioritet olduğunu anlamaq lazımdır", – Blinken məsələyə belə münasibət bildirmişdi. Onun sözlərinə görə, rəhbərlik Səudiyyə Ərəbistanı ilə münasibətlərini yenidən gözdən keçirir, ancaq bu əlaqələr hələ də əhəmiyyətini itirməyib və ABŞ-ın marağındadır. "Biz krallığın müdafiəsinə tərəfdarıq", – deyə Blinken əlavə edərək bildirib ki, məqsəd Ər-Riyadla münasibətlərin ABŞ-ın dövlət maraqlarına cavab verməsidir.

Dövlət katibi vurğulayıb: Ər-Riyadın amerikalılardan aldığı yardımların və Səudiyyə Ərəbistanının husilər hərəkatına qarşı prezident Əbu Rabu Mansur Hadinin hökumətini dəstəklədiyi Yəməndəki vəziyyətin fərqinə varması Ağ Ev üçün vacibdir. Başqa sözlə, Vaşinqton, Amerika silahlarından üçüncü ölkələrin döyüş meydanında istifadə edilməyəcəyinə əmin olmaq istəyir.

Hücum müdafiəsi

İki dövlət arasındakı münasibətlərin mərkəzində krallığın müdafiəsini təmin etmək öhdəliyi müqabilində Amerikanın neftə çıxış əldə etməsi dayanır. Səudiyyə Ərəbistanı ABŞ silahlarının ən böyük müştərisidir. Bu əməkdaşlıq hər iki tərəfin strateji maraqlarını təmin edir. Ancaq dəyərlər məsələsində - demokratiya və insan haqlarının qorunması ilə bağlı yanaşmalar bir-birindən fərqlənir.

Bu fikir ayrılığı Barak Obamanın hakimiyyət illərində özünü daha çox büruzə verirdi. Donald Trampın Ağ Evə gəlişi ilə münasibətlər istiləşdi. Bununla belə, Tramp hakimiyyətə gəlməmişdən qabaq nəinki ərəb tərəfdaşına bir o qədər də rəğbət bəsləmir, hətta ABŞ-ın "ərəb terroristlərinə kömək etmək niyyətində olmadığını" bəyan etmişdi. Ancaq sonradan necə oldusa, Trump ilk rəsmi ziyarətini Ər-Riyada etdi və onun səlahiyyət müddətinin sonunda ABŞ Dövlət Departamenti husiləri terror təşkilatı kimi tanıdı. Keçmiş prezident vəliəhdlə yaxın münasibətlərini, əsasən, kürəkəni və xüsusi müşaviri Cared Kuşner vasitəsi ilə davam etdirirdi. Qaşıqçının qətlinə dair hesabat isə Tramp administrasiya dövründə hazır olsa da, dərc edilməmişdi.

"Tramp, Vaşinqtonun öhdəliklərini azaltmaq üçün müttəfiqlərə investisiya yatırmağa arxalanırdı. Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün tərəfdaşlar daha da çox silah almalı və bölgələrdə baş verənlər üçün məsuliyyət daşımalı idilər", – deyə Qabaqcıl Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov izah edir. Onun sözlərinə görə, buna cavab olaraq ABŞ hərbi- siyasi himayədarlığı təmin edir və müttəfiqlər üçün vacib təşəbbüslərə yaşıl işıq yandırırdı.

"Trampın əleyhdarları indi nə deyirlər desinlər, vaxtilə hər iki tərəf də bu münasibətlər formulunu qəbul etmişdi. Qaşıqçı öldürüləndən sonra isə Demokratlar bu məsələyə görə Respublikaçıları tənqid hücumuna məruz qoydular. Onları Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasına məhəl qoymamaqda, Yəməndəki qəddar əməliyytalara diqqət yetirməməkdə günahlandırdılar. Prezidentin kürəkəni Kuşner ilə vəliəhd şahzadə arasında yaranan "isti münasibətlər"ə görə respublikaçıları qınadılar", – deyə Suçkov əlavə edir.

Demokratlara görə, bütün bunlar Məhəmməd bin Salmanda Vaşinqtonla hər hansı bir məsələni pulla həll edə biləcəyinə dair inam hissi formalaşdırıb.

Yeni administrasiyanın dövründə siyasi kursun dəyişməsi gözlənilirdi və artıq ilk addımlar atılıb. Bayden silah ixracatı da daxil olmaqla Yəməndəki hücum əməliyyatlarına dəstəyin artıq başa çatdığını bəyan etdi. Bildirdi ki, bu qərar 290 milyon dollarlıq üç min ədəd GBU-39 yüksək dəqiqlikli bomba və 478 milyon dollarlıq yeddi min Paveway IV bombasına da aiddir. Vaşinqton Yəmən münaqişəsini diplomatiya yolu ilə həll edəcəyini açıqladı. Bundan başqa, husilər fevral ayından etibarən terror qruplarının siyahısından çıxarıldı.

Yeni dövrə

Buna baxmayaraq, ekspertlərin fikrincə, iki ölkə arasındakı münasibətlərin tamamilə yenidən qurulacağını söyləmək olmaz. Yaxın Şərq üzrə mütəxəssis Aleksey Xlebnikov da bu fikri dəstəkləyir. Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı münasibətlərində strateji baxımdan heç bir dəyişiklik baş verməyəcək.

Rusiya Beynəlxalq Məsələlər Şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov da onunla həmfikirdir: "Münasibətlərdə düzəliş etməyə çoxdan ehtiyac var. Hələ Obamanın dövründən bəri amerikalılar energetika sahəsində xeyli irəlilədilər, dünyada neft istehsalında birinci yerə çıxdılar və Səudiyyə Ərəbistanına daha az ehtiyac duymağa başladılar. Yeni rəhbərlikdəki bəzi insanların ABŞ-ın xarici siyasətinə fərqli yanaşması var. Söhbət xarici siyasət məsələlərinin yenidən balanslaşdırılmasından gedir".

Məmmədov bölgələrarası dinamikada çox şeyin İranın nüvə anlaşmasından asılı olduğunu vurğulayır. Ər-Riyad ABŞ-ın Tehranla münasibətlərdə əsas tərəfdaşlarından biridir. Odur ki, Vaşinqton Səudiyyə Ərəbistanına sərt yanaşsa, avtomatik olaraq İranın əlinə oynamış olacaq. Və ABŞ Qaşıqçının qətlinin arxasında duranları cəzalandırmaq üçün buna getməyəcək.

Xlebnikov isə bildirir ki, son on ildə bölgədə bir sıra mühüm hadisə baş verib: "Tunis və Misirdəki üsyanlar, nəticədə Amerikanın Qahirəyə hərbi yardımını dayandırılması, nəhayət, İranla bağlanmış müqavilə".

Politoloqun fikrincə, bütün bunlar "Səudiyyə Ərəbistanı da daxil olmaqla krallıqları diplomatik portfellərini şaxələndirməyə, Rusiya və Çin kimi digər böyük dövlətlərlə əlaqələri gücləndirməyə məcbur edib".

Moskva Ər-Riyada silah da satır: ilk silah partiyasının tədarükünə 2017-ci il müqaviləsi çərçivəsində 2019-cu ildə başlanılıb. Həmin vaxt krallıq Rusiya ilə TOS-1A kompleksi, "Kornet-EM" tank əleyhinə sistem, AGS-30 qumbaraatanları və Kalaşnikov AK-103 avtomatlarının alınması, eləcə də yerli istehsalın təşkili barədə memorandum imzalamışdı. 2021-ci ilin əvvəllərində isə Səudiyyə Ərəbistanının Rusiyadan həm S-400 zenit raket kompleksləri, həm də Su-35 qırıcıları ala biləcəyi açıqlandı.

Məmmədov isə belə hesab edir ki, ölkələrin neft bazarındakı siyasətlərini əlaqələndirmələri də vacibdir: "Ər-Riyadın Moskva ilə münasibətlərində OPEC + sövdələşməsinin təsirini nəzərə almaq vacibdir. Bu hər iki tərəfin də qazanmasına imkan verdi. Çox praqmatik yanaşmadır, hamı fayda götürür - sən mənim üçün, mən də sənin üçün".

Onun sözlərinə görə Vladimir Putinin Səudiyyə Ərəbistanına və ya Kral Salmanın Rusiyaya səfərlərinə çox vaxt Vaşinqtonla oyunun bir aləti kimi yanaşılır.

Məmmədov belə hesab edir ki, krallıq Amerikaya bölgədə problem yaratmağa qadirdir. Ancaq hamı yaxşı bilir ki, ABŞ Ər-Riyad üçün son dərəcə əhəmiyyətlidir və bu cür manevrlər yalnız diqqət cəlb etməyin bir yoludur. Səudiyyə Ərəbistanında belə hesab edirlər ki, onların ABŞ-la münasibətləri hazırda Ağ Evdə kimin olmasından asılı deyil, çünki iki ölkənin qarşılıqlı münasibətləri fundamental xarakter daşıyır, on illər ərzində formalaşıb və hər cür dəyişikliyə tab gətirə bilər.

On illik əməkdaşlıq çox şeyə təsir edib: Səudiyyə Ərəbistanın demək olar ki, bütün elitası ABŞ-da təhsil alıb, ərəb rialı dollardan asılı vəziyyətdədir və hərbçilərin silahlandırılması və yetişdirilməsində Amerika təcrübəsinə əsaslanılır. Bütün bunları dəyişdirmək üçün uzun illər lazım gələ bilər. Buna görə xarici siyasət təmaslarının şaxələndirilməsi çox güman ki, yeni çoxqütblü dünyanın tələblərinə cavab verən taktiki gedişdən başqa bir şey deyil.

16
Erməni hərbçiləri, arxiv şəkli

Rusiyalı hərbi ekspert: "Ermənistan Qarabağ müharibəsi zamanı hərbi cinayət törədib"

63
(Yenilənib 14:29 02.03.2021)
Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.

Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".

63
Teqlər:
cinayət, hərbi, Ermənistan, Azərbaycanlı, Qarabağ, Sputnik, müsahibə, İqor Korotçenko
İmtahan

DİM-in səriştəsizliyi yaxud imtahanda biznes maraqları

0
(Yenilənib 23:34 02.03.2021)
Nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, iştirakçıların imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Dövlət İmtahan Mərkəzinin ötən bazar magistratura pilləsi üçün keçirdiyi qəbul imtahanın sualları sosial şəbəkələrdə müzakirə edilir.

Bəzi imtahan suallarına lağ edənlər, sualların məzmunu ilə əylənənlər də var.

Əslində suallar elə tərtib olunmuşdu ki, iştirakçılar lazım olan balı toplaya bilməsin və növbəti mərhələdə iştirak etsin.

DİM-in bu məsələdə maraqlı olduğunu aşağıda izah etməyə çalışacağam.

Məncə DİM, ölkəmizdə fəaliyyəti qənaətbəxş olan qurumlardan biridir. Daha doğrusu pandemiyaya qədər belə idi. Pandemiya bütün sahələrə, xüsusilə təhsilimizə təsir etdiyi kimi, DİM-in fəaliyyətinə kifayət qədər mənfi təsir edib.

Ötən il keçirilən buraxılış və qəbul imtahanlarıyla bağlı kifayət qədər narazılıqlar var idi.

Bu il magistratura pilləsi üçün keçirilən imtahan isə ümumiyyətlə bərbad idi.

Bəli, nələrsə yolunda getmir və buna görə müxtəlif bəhanələr səsləndirilir.

Düşünürəm ki, heç bir səbəb DİM-in magistratura imtahanlarının təşkilində yol verdiyi səriştəsizliyə haqq qazandırmır.

***

Həfətəsonu, nəqliyyatın işləmədiyi günə imtahan salmaq və imtahan keçiriləcək binalarının əksəriyyətini şəhər mərkəzindən kənara təyin etmək imtahanda iştirak edənlər üçün olduqca ciddi problem yaradırdı.

Şəxsən bu çətinliyi yaşadım və bununla bağlı irad bildirənlərlə tamamilə razıyam.

Pandemiya dövründə valideyinlərin, imtahan verənlərin yaxınlarının imtahan binası qarşısında izdiham yaratması da, məhz DİM-in səriştəsizliyinin göstəricisidir.

Ümumiyyətlə 28 fevral 2021-ci il tarixində magistratura pilləsinə təşkil edilən imtahan, təhsildən daha çox biznes layihəsi abu-havası yaradırdı.

Rəsmi məlumata görə bu il imtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahanda iştirak ödənişli (50 AZN) olduğu üçün, DİM-nin büdcəsinə qısa müddət ərzində 994 250 AZN vəsait daxil olub. Müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyənlərin vəsaitinin geri qaytarılmadığını da düşünsək, bu imtahanda DİM-in kommersiya maraqlarının daha qabarıq olduğunu düşünə bilərik.

Şübhəsiz ki, toplanan vəsaitlə imtahanın təşkilati işlərini daha yüksək səviyyədə təşkil etmək olardı.

Təssüf ki, nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, imtahan iştirakçılarının imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Düzdür, rəsmi xəbərlərdə qeyd olunub ki, DİM-də operativ qərargah fəaliyyət göstərib. Ancaq bu fəaliyyət nədən ibarət olduğu prosesdə aydın olmadı.

Dolayısıyla təşkilati işlər bu qurumu ümumiyyətlə narahat etməyib. Məhz bu problemlərə görə DİM məsuliyyət daşıyır. DİM-in yarıtmaz təşkilatçılığı səbəbindən imtahanda iştirak edə bilməyənlərin vəsaiti onların şəxsi hesabına qaytarılmalı, növbəti imtahanda məhz bu vəsaitlə iştirak etmələrinə şərait yaradılmalıdır.

***

Və daha bir önəmli məqamı qeyd edək.

Məhz bu məqam da DİM-in məsələyə səriştəsizcəsinə və laqeyid yanaşdığını sübut edir.

İmtahan zamanı qarşılaşdığımız absurd məqamlardan biri də suallarla bağlıdır.

Təsəvvür edin, riyaziyyatçı və dilçi eyni məntiq suallarına cavab verməlidir.

Bəli, hamı eyni suallara cavab verib, müxtəlif ixtisaslarda təhsil alacaq. Bir qədər qəribə görünür, deyilmi?

Riyaziyyatçı xarici dildən imtahan verir, dilçi informatika və riyaziyyala bağlı məntiq suallarını cavablandırır.

Məsələn, tərcümə sahəsi üzrə magist təhsili almaq istəyən şəxs, öz sahəsindən bircə suala belə cavab vermir.

Bunun nə dərəcədə məntiqli olduğuna yəqin ki, müstəqil təhsil ekspertləri cavab verə bilər.

Hər halda heç də məntiqli görünmür.

***

Yuxarıda qeyd etdiyim kimi, pandemiya nəticəsində təhsilimiz ciddi problemlərlə üz-üzədir. Hamımız övladlarımızın gələcək taleyindən, onların təhsilindən narahatıq.

Dövlət İmtahan Mərkəzinin bu səriştəsizliyi, daha doğrusu laqeyidliyi təhsilimiz üçün ciddi problemdir və gəncliyi elmdən, təhsildən uzaqlaşdırır. Ümid edirəm ki, DİM rəsmilərinin ağlabatan və məntiqli izahı olacaq.

Təhsilə bu şəkildə yanaşmaq gələcəyimizə biganəlikdir…

0
Teqlər:
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM