Jurnalist

Berezovskaya: "Latviya jurnalistləri müdafiəmizlə bağlı bir kəlmə demədilər"

24
(Yenilənib 10:48 15.01.2021)
Jurnalistin sözlərinə görə, o daha çox Latviyada rusdilli təhsilin geridə qalması, vətəndaşlıq məsələləri, nasizm üzərində qələbə, cinayət məsuliyyətinə cəlb olunan rus jurnalist və hüquq müdafiəçiləri haqqında məqalələr yazıb.

BAKI, 15 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, 2020-ci ilin dekabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada "Sputnik Latviya" və "Baltnews"la əməkdaşlıq edən jurnalistlərlə bağlı xüsusi əməliyyat keçiriblər. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə (beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək) ittiham irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindirilib, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaları barədə dillərindən iltizam alınıb.

Hadisə vaxtı saxlanılan rusdilli jurnalistlərdən biri də "Baltnews" xəbər portalı ilə əməkdaşlıq edən Alla Berezovskaya olub. Jurnalist hadisəni belə xatırlayır: "Öz masamda oturub işləyirdim. Birdən qapının zəngi çalındı. Domofondan baxıb polis forması geyinmiş şəxslərin qapıda dayandığını gördüm. Qapını açdım.

Polis zabiti mənə hakimin qərarını göstərdi. Bildirdi ki, Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə təhqiqat başlayıb. Mənzildə axtarış aparacaqlarını, bütün kompüter texnikasını, informasiya daşıyıcılarını müsadirə edəcəklərini bildirdilər. Dedilər ki, mobil telefonumu da masaya qoyum. Maskalı cavan bir oğlan (başa düşdüyüm qədər o, haker idi) iş masamın arxasına keçib kompüterdə hansısa əməliyyatlar aparmağa başladı. Anladım ki, mənim bütün informasiyalarımı köçürür".

Jurnalistin sözlərinə görə, daha sonra polislər evin ikinci mərtəbəsindəki yataq otağında axtarışa davam ediblər. "Oradan nəvəmin köhnə planşetini tapıb çıxartdılar. O planşetdə uşaq oyunları və filmlərdən başqa heç nə yox idi. Bunu onlara deyəndə bildirdilər ki, özləri araşdıracaqlar. Hətta şəxsi sənədlərimə də baxdılar. Sonra həyətə çıxıb artıq qaranlıq düşməsinə baxmayaraq, evin ətrafında da axtarış apardılar".

A.Berezovskaya onu da bildirib ki, "Baltnews" xəbər portalının rəhbəri Andrey Yakovlev 8 il bundan əvvəl portalı yaratdığı vaxt ona əməkdaşlıq təklif edib: "Əlbəttə ki, mən də razılaşdım və sayt üçün məqalələr, köşə yazıları yazmağa başladım. "Baltnews" redaksiyası Rusiyaya keçəndən sonra onlar da mənimlə əməkdaşlığı müqavilə əsasında davam etdirdilər. Çox vaxt mən özüm onlara hansısa məqalələri yazmağı təklif edirdim. Ayda bir-iki dəfə yazılarımı dərc edirdilər".

© Sputnik / Maksim Blinov

Jurnalistin sözlərinə görə, o daha çox Latviyada rusdilli təhsilin geridə qalması, vətəndaşlıq məsələləri, nasizm üzərində qələbə, cinayət məsuliyyətinə cəlb olunan rus jurnalist və hüquq müdafiəçiləri haqqında məqalələr yazıb: "Açığı, fikirləşirdim ki, buna qarşı etirazlar olacaq. Ancaq qəfildən bizə heç bir şəkildə şamil olunmayan sanksiyalar məsələsi ortaya çıxdı. Təəssüf ki, Latviya jurnalistlərindən heç biri bizim müdafiəmizlə bağlı bir kəlmə də demədi. Hətta yazdılar ki, onlar jurnalist deyil, Kremlin təbliğatçılarıdırlar".

Berezovskayanın sözlərinə görə, Latviya dünyaya Rusiyanın rəsmi dövlət KİV-ləri ilə əməkdaşlıq edənlərin jurnalist deyil, təbliğatçı olmaları barədə mesaj ötürmək istəyir. "Ona görə də belə hesab edirlər ki, deməli, demokratiya, söz azadlığı kimi anlayışlar bu jurnalistlərə şamil olunmaya bilər", – deyə jurnalist vurğulayır.

Halbuki Latviya Seyminin deputatı Edvins Şnore, yazıçı Didzis Seddenieksin ruslarla bağlı səsləndirdikləri təhqiramiz fikirlərdən sonra Latviyanın çoxsaylı rus vətəndaşları tərəfindən dövlət orqanlarına müraciət olunsa da hər dəfə eyni cavabı alıblar: "Bu əməllərdə cinayət tərkibi yoxdur. Ölkədə söz azadlığı var".

24
Teqlər:
jurnalist, Latviya, Rusiya
Buğda, arxiv şəkli

Rusiya buğdanın ixrac rüsumunu artırdı: Azərbaycan çörək imtahanından necə çıxacaq?

1560
(Yenilənib 15:48 04.03.2021)
"Hesablamalar göstərir ki, işğaldan azad edilmiş ərazilərdə buğda istehsalının artması nəticəsində Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Martın 1-dən etibarən Rusiya buğdanın ixrac rüsumunu iki dəfə artıraraq bir tonu üçün 50 avroya çatdırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı fərman 2021-ci il yanvarın 26-da imzalanıb. Yeni rüsumlar bu ilin iyunun 1-dək qüvvədə olacaq. İyunun 2-dən etibarən isə dəyişkən ixrac rüsumu tətbiq ediləcək. 

Bəs, maraqlıdır Rusiyanın bu addımının Azərbaycana təsiri necə olacaq? Azərbaycanın işğaldan azad edilmiş ərazilərində taxıl əkilirmi?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, aqrar sahə üzrə ekspert Ramil Hüseyn Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə tarixən formalaşmış ərzaq istehlakı modelində çörək və çörək məhsullarının istehlakı mühüm yer tutur: "Bu baxımdan Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasında da ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin yüksəldilməsi məsələsi önə çıxır. Son illər ölkəmizdə ərzaqlıq buğda istehsalının artırılması istiqamətində kompleks işlər görülür və dövlət tərəfindən bu sahənin inkişafı subsidiyalaşdırılır".

O bildirib ki, Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsi 60 faiz ətrafındadır və ölkəmiz bu sahədə idxaldan asılıdır:

"İşğaldan azad edilən ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi idxaldan asılılığın aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq. Ermənistan tərəfi işğal etdikləri ərazinin təxminən 90-100 min hektarlıq sahəsində taxıl becərdiklərini bəyan edirdi və hazırda həmin ərazilərin 70 faizindən çoxu Azərbaycan Ordusunun nəzarətinə keçib. Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən dərhal sonra həmin sahələr təsərrüfat dövriyyəsinə cəlb edilməyə başlayıb. İlk olaraq Cəbrayıl rayonu ərazisində 7 min hektar sahədə taxıl bitkisi əkilib. Yaz əkinlərinin davam edəcəyi, 20-25 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Növbəti illərdə bu sahələrin daha da artırılması istiqamətində iş aparılacaq".

Ekspertin sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi nəticəsində kənd təsərrüfatında ümumi məhsul istehsalının 10 faiz artacağı proqnozlaşdırılır:

"Həmin ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi xüsusən də heyvandarlığın inkişafına töhfə verəcək. Eyni zamanda buğda ilə özünütəminat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlər əldə oluna bilər. Hesablamalar göstərir ki, həmin ərazilərdə buğda istehsalının artması nəticəsində Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür. Hazırda həyata keçirilən siyasət də bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olunacağını göstərir. Eyni zamanda Azərbaycanda iri təsərrüfatların yaradılması da buğdada məhsuldarlığın artırılmasına hesablanıb. Və qarşıdakı illərdə bu istiqamətdə daha yaxşı nəticələrin əldə edilməsi mümkündür".

"Ötən ilin rəqəmlərinə baxdıqda isə bizə aydın olur ki, hazırda əsasən ərzaqlıq buğdanı Rusiyadan idxal edirik. Belə ki, 2020-ci ildə 297 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton həcmində ərzaqlıq buğda Rusiyadan idxal edilib. İdxal edilən buğdanın orta qiyməti 216 ABŞ dolları olub. Azərbaycan ərzaqlıq buğdanın 98 faizindən çoxunu Rusiyadan idxal edib. Həmçinin cüzi miqdarda Qazaxıstandan da idxal həyata keçirilib", - deyə o qeyd edib.

Ekspert bildirib ki, 2020-ci ildə və 2021-ci ilin yanvar ayında dünya bazarında ərzaqlıq buğdanın qiymətində artım müşahidə olunub: "Şübhəsiz ki, bu da öz təsirini idxala göstərir. Azərbaycan hökuməti qabaqlayıcı tədbir olaraq 2021-ci ilin fevral ayının 1-dən may ayının 1-dək un istehsalçılarına satdıqları hər ton una görə 35 manat subsidiya verməyi qərarlaşdırıb. Bu qərar eyni zamanda ölkə daxilində unun qiymətinin artmamasına xidmət edir. Digər tərəfdən Azərbaycanda Dövlət Taxıl Fondu yaradılıb. Dövlət Taxıl Fondu da zəruri hallarda bazara məhsul təklif edir və bu sahədə qiymət artımının qarşısını almaq istiqamətində fəaliyyət göstərir".

"Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi olaraq əhalinin un və un məmulatları ilə təminatı, xüsusən də çörək istehsalçılarına davamlı olaraq un təminatı istiqamətində işlər aparılır. Bu istiqamətdə son illər ölkə bazarında da sabitliyin qorunub saxlanması görülən işlərin əyani nəticəsidir. 2020-ci ildə quraqlıq buğda istehsalına müəyyən təsir etsə də 2021-ci illə bağlı proqnozlar daha müsbətdir. Belə ki, ölkədə buğda istehsalı artacaq. Ümumiyyətlə, 2021-ci ildə qlobal bazarda da daha çox buğda təklif olunacağı gözlənilir. Dünyada da buğda istehsalının artması ilə bağlı proqnozlar var. Bu isə onu deməyə əsas verir ki, görülən tədbirlər Azərbaycanda un və un məmulatlarının qiymətində kəskin dəyişmələrin qarşısını almağa yönəlib və hər hansı bir kəskin dəyişmələr proqnozlaşdırılmır", - deyə mütəxəssis əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2020-ci ildə Azərbaycanın cəmi buğda idxalı 1 milyon 365.1 min ton olub: "Bunun da 1 milyon 349.8 min tonu Rusiyanın payına düşüb. Ötən il Azərbaycanın cəmi buğda idxalında 13.9% azalma olub. Azərbaycanın Rusiyadan buğda idxalının həcmi isə 3 faiz çoxalıb".

1560
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Vladimir Putin "daha bir sarayı" haqda

973
(Yenilənib 23:34 04.03.2021)
Daha əvvəl Navalnının komandası yaydığı filmdə iddia olunur ki, Rusiya Prezidenti Qara dəniz sahilində özünə 100 milyard rubl həcmində saray tikdirib.

BAKI, 4 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Biz birlikdəyik" ümumrusiya qarşılıqlı yardım aksiyasının iştirakçıları ilə görüşü zamanı "daha bir saray" haqqında zarafat edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Belə ki, görüş zamanı prezidentlə əlaqəyə Leninqrad vilayətindən qız çıxıb. O, bildirib ki, Sterlnidən (Rusiya Federasiyası Prezidentinin İşlər üzrə idarəsi, "Konqreslər sarayı"nın yerləşdiyi yer) iki kilometr aralıda yerləşir.

"Yaxşı, əla. Daha bir saray kimi görünür, ona görə gələcəyəm. Amma onu mənim adıma yazmayın", - deyə Putin zarafatla deyib.

Qeyd edək ki, daha əvvəl Navalnının komandası yaydığı filmdə iddia olunur ki, Rusiya Prezidenti Qara dəniz sahilində özünə 100 milyard rubl həcmində saray tikdirib. Putin isə öz növbəsində bəyan edib ki, materialda göstərilən heç bir şey nə ona, nə də onun qohumlarına məxsus deyil".

973
 Əlil, arxiv şəkli

Birinci qrup əlilliyi olanlar əmək qabiliyyətli sayılırlar

0
(Yenilənib 13:17 05.03.2021)
"Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər".

BAKI, 5 mart — Sputnik. "Bizim qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Amma I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn "Sosial saat" verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər: "Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər".

0
Teqlər:
qabiliyyət, , əlillik