CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya xarici tələbələrə böyük güzəştlər vəd edir

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidМедицинская академия имени С. И. Георгиевского в Симферополе
Медицинская академия имени С. И. Георгиевского в Симферополе - Sputnik Azərbaycan
Abunə olmaq
Müstəqil Dövlətlər Birliyi Federal Agentliyinin rəhbəri Yevgeni Primakov "Rossiya Seqodnya" BİA-da onlayn formatda keçirdiyi mətbuat konfransda qurumun işindəki yeniliklərdən danışıb.

Sputnik, Maria Naumenko

BAKI, 18 noyabr — Sputnik. Rusiya xarici ölkələrin vətəndaşlarına öz universitetlərində pulsuz təhsil almaq üçün tətbiq olunan kvota sistemini dəyişdirəcək, xarici tələbələrə qrant və təqaüdlər ayıracaq.

Bu barədə Rusiyanın Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq Federal Agentliyinin ("Rossotrudnichestvo") rəhbəri Yevgeni Primakov məlumat verib. Onun sözlərinə görə, bu halda başqa ölkələrdən olan istedadlı uşaqların təhsil prosesindən yayınmasına ehtiyac qalmayacaq. Digər tərəfdən, tətbiq olunacaq güzəştlər Rusiya Federasiyasına daha çox xarici məzunun müraciət etməsinə gətirib çıxaracaq.

"Tələbələrə dövlət hesabına Rusiyada təhsil almaq hüququ veririksə, deməli, onların həqiqətən təhsil almasını istəyərik. Özlərini maddi cəhətdən təmin etmək üçün ümidsizliyə qapılmalarını, taksi sürücülüyü, gözətçilik etmələrini və ya başqa yerlərə üz tutmalarını istəmirik. Əgər tələbə Rusiyaya kompüter proqramçısı olmağa gəlibsə, qoy elə bu ixtisasa da yiyələnsin, daha gedib taksi sürücüsü olmasın", – deyə Primakov bildirib.

Beynəlxalq təcrübədən nümunə gətirən agentlik rəhbəri Amerika və Avropa ölkələrində tələbələrə təqaüd və qrantların verildiyini xatırladıb.

"Biz (Rusiya – red.) isə sadəcə kvota ayırırıq. Mən belə hesab edirəm ki, bu kvotanın müəyyən bir hissəsi minimum məbləğdə olsa da, təqaüdə sərf olunsa, daha çox fayda gətirər. Bu büdcə vəsaitlərinin havaya sovrulması və ya xeyriyyəçilik fəaliyyəti deyil. Bu elə bir məsələdir ki, gələcəkdə mütləq öz bəhrəsini verəcək. Rusiyada təhsil alan xarici tələbələr öz ölkələrinə qayıdandan sonra orada bir növ Rusiyanın xoşməramlı səfirlərinə çevriləcəklər. Öz ölkələrinin Rusiya ilə münasibətlərinin yaxşılaşmasına töhfə verəcəklər", – deyə Primakov vurğulayıb.

Kvota iki dəfə artırılıb

Xarici vətəndaşlara Rusiya universitetlərində təhsil almaq üçün ayrılan kvota da artırılacaq. Bu barədə məlumat verən Primakov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin artıq bu barədə müvafiq qərarı var. "Hazırkı proqram 15 min büdcə yeri üçün nəzərdə tutulub, 2023-2024-cü ildə bu rəqəm 2 dəfə artırılacaq. Düzdür, koronavirus (COVID-19 pandemiyası-red.) səbəbindən biz iqtisadi vəziyyətin necə dəyişəcəyini bilmirik. Ancaq yenə də bir həll yolu olduğuna və tələbələrin sayının artacağına inanırıq".

Keçmiş SSRİ respublikları prioritetdir

Primakovun sözlərinə görə, agentlik yeni konsepsiyasında postsovet ölkələrinə daha çox diqqət ayıracaq. "Bizi ilk növbədə keçmiş sovet respublikalarından və MDB ölkələrindən daha çox tələbənin cəlb olunması maraqlandırır", – deyə agentlik rəhbəri bildirib.

"Bu, uzaq xarici ölkələrdən imtina demək deyil, daha yaxın ölkələrə, başqa sözlə, keçmiş SSRİ respublikalarına fokuslanmaq deməkdir. Bu prioritet Rusiya Federasiyasının xarici siyasət konsepsiyasında da öz əksini tapıb. İndi sadəcə həmin prioritet çərçivəsində öz resurslarımızın yenidən bölüşdürülməsini həyata keçirəcəyik", – deyə Primakov fikrini izah edib.

Primakov onu da qeyd edib ki, təmsil etdiyi qurumun əsas vəzifəsi, əsasən, mədəniyyət, dil və elm sahəsində humanitar iş idisə, indi qurumun fəaliyyət dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək. O belə hesab edir ki, artıq sərgilər və xalq ansambllarının çıxışları az effekt verir.

"İndi buraya insan hüquqları və sosial aspektlər də əlavə olunur. Artıq bizim agentlik xaricdə ictimai rəy yaradan və bu sahədə fəaliyyət göstərən qurumdur. Bu çox prinsipial məsələdir. Biz xaricdə sadəcə bayrağımızı dalğalandırmaqla və böyük mədəniyyətimizi nümayiş etdirməklə kifayətlənə bilmərik", – deyə Primakov vurğulayıb.

Xəbər lenti
0