ABŞ hərbçiləri, arxiv şəkli

“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?

40
(Yenilənib 15:02 25.08.2020)
Tutaq ki, Rusiya alyans ölkələrinə müharibə elan etdi. Bəs onda neftini və qazını Avropada kimə satacaq?

BAKI, 25 avqust — Sputnik, Andrey Kots. Amerikalılar Rusiya sərhədləri yaxınlığında hərbçi sayını artırmağa davam edirlər. ABŞ Dövlət katibi Mayk Pompeo və Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak arasında imzalanmış müqaviləyə əsasən, Pentaqon ölkəyə əlavə min əsgər göndərməyi öhdəsinə götürüb və Quru qoşunlarının Beşinci korpusunun komandanlığını buraya köçürəcək. Vaşinqtonda gizlətmirlər ki, bunun yeganə məqsədi Rusiyanın Avropa istiqamətində imkanlarını məhdudlaşdırmaqdır. Regionda qüvvələr balansının dəyişməsi haqqında ətraflı RİA Novosti-nin materialında.

Rusiyaya qarşı çıxmaq

Varşava ilk dəfə deyil ki, Vaşinqtondan hərbi yardım istəyir. Hələ 2018-ci ilin sonunda Polşa ABŞ-a öz ərazisində Amerikanın zirehli-tank briqadasının yerləşdirilməsini təklif edib və təxminən bir yarım-iki milyard dollar xərci üzərinə götürməyə hazır olduğunu bildirib. Prezident Andjey Duda hətta yeni baza üçün ad fikirləşib: "Fort Tramp". Görünür, o, ABŞ liderinin Varşavanın loyallığına dair şübhəsi olmasın deyə bunu edib. Milli Müdafiə naziri Mariuş Blaşak isə bildirib ki, bazanın açılması həll olunmuş məsələdir.

Xatırladaq ki, Polşada onsuz da rotasiya əsasında Amerika hərbi kontingenti yerləşdirilib – təxminən 4500 nəfər. Amma rəsmi Varşava üçün bu azdır. Keçən il boyu Polşa siyasətçiləri və mediası bəyan edib ki, Almaniya deyil, məhz onların ölkəsi Avropada ABŞ qoşunlarının əsas bazası olmalıdır. Söhbət hətta taktiki nüvə silahlarının şərqə köçürülməsindən də gedib. Bunun "təcavüzkar" Rusiyanın qarşısını almaq üçün vacib olduğu iddia olunub.

Nəticədə, tezliklə 12 min amerikalı əsgər və zabit Almaniyanı tərk edəcək. Onların təxminən yarısı ABŞ-a qayıdacaq, qalanları isə Avropanın digər ölkələrinə, o cümlədən Polşaya köçürüləcək. Pentaqon zirehli-tank briqadasını Polşaya göndərməyi lazımsız hesab edib və "Fort Tramp" elə kağız üzərində qalıb. Buna baxmayaraq, Polşadakı kontingentin hətta bu qədər artması kifayət qədər əhəmiyyətlidir.

Qoşunlar və infrastruktur

Varşava ilə Vaşinqton arasında müqavilə yalnız qoşunların köçürülməsini deyil, həm də ABŞ Silahlı Qüvvələrinin komanda-qərargah infrastrukturunun və döyüş hazırlığı mərkəzlərinin Polşada inkişafını, ordu və nəqliyyat aviasiyası bölmələrinin, pilotsuz uçuş aparatlarının, xüsusi əməliyyat qüvvələrinin, həmçinin dəstək və arxa cəbhə təchizat elementlərinin yerləşdirilməsinə şərait yaradılmasını nəzərdə tutur. Rusiyalı diplomatlar artıq bu barədə narahatlıq bildiriblər.

“Bir daha diqqət yetiririk ki, Amerikanın hərbi mövcudluğunun artması təhlükəsizlik problemlərini həll etmir. Əksinə, bu, Qərb sərhədlərimizdə onsuz da mürəkkəb olan vəziyyəti daha da ağırlaşdırır, gərginliyin artmasına səbəb olur və qəsdən olmayan insidentlərin riskini artırır”, – Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O əlavə edib: "NATO-da bizi əmin edirlər ki, bu artım cüzidir və rotasiya xarakteri daşıyır. Amma bu gerçəkliyi təhrif etmək cəhdidir. Yeni razılaşmanın reallaşması Polşadakı ABŞ qüvvələrinin hücum potensialını keyfiyyətcə gücləndirməyə imkan verəcək".

Rusiyalı senator Aleksey Puşkov ABŞ-ın Polşaya qoşun köçürmək planlarını Rusiya-NATO aktının növbəti dəfə pozulması kimi qiymətləndirib. Məhz bu sənəd Şimali Atlantika alyansına 1997-ci ildən sonra NATO-ya üzv olmuş Şərqi Avropa ölkələrində qoşunların sayını artırmağı qadağan edir. Məlum olduğu kimi, Polşa Qərbin hərbi blokuna 1999-cu ildə qoşulub. Hərçənd, amerikalılar 2014-cü ildən başlayaraq bu əsas aktı nəzərə almırlar, qoşunlarını və hərbi infrastrukturunu metodik şəkildə Rusiya sərhədlərinə çəkirlər.

Çexlər narazıdırlar

Amerikalılar başqa variantları da nəzərdən keçiriblər. Lakin heç də bütün müttəfiqlər okeanın o tayından gəlmiş qonaqları qəbul etməyə can atmırlar. Belə ki, avqustun ortalarında Çexiya Baş naziri Andrey Babiş ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüş ərəfəsində vurğulayıb ki, Praqa öz ərazisində Amerika hərbçilərinin yerləşdirilməsinə heç bir səbəb görmür. Onun sözlərinə görə, əlavə qüvvələrin yerləşdirilməsinin heç bir mənası yoxdur.

"Bu məni təəccübləndirməyib", – Sputnik radiosunun efirində tarix elmləri namizədi Vadim Truxaçov bildirib. O əlavə edib: "Hələ 2000-ci illərin ortalarında Çexiyada Amerikanın raketdən müdafiə sisteminin obyektlərinin yerləşdirilməsi məsələsinə baxılıb və əhalinin təxminən dörddə üç hissəsi kəskin şəkildə buna qarşı çıxıb. Həmin hadisələri yada salaraq ictimai fikirdə dəstəyini itirməməyə çalışan Babiş məhz belə bir bəyanat verib. Çexiya ərazisində Amerika hərbi bazası ideyası populyar deyil – siyasətçilər buna düzəlişlər edirlər. Güman edirəm ki, ölkə parlamentində təmsil olunan doqquz partiyadan beşi bunun əleyhinə çıxacaq".

Ekspertin sözlərinə görə, Çexiyada xatırlayırlar ki, 1938-1939-cu illərdə ölkənin taleyi onun xəbəri olmadan həll edilib. Və çexlərin əksəriyyəti xarici hərbçilərin, o cümlədən Amerika hərbçilərinin torpaqlarında baza salmasını istəmirlər.

Tramp Almaniyadan inciyib

Donald Tramp Pentaqona əmr edib ki, Amerika hərbi kontingentinin bir hissəsinin iyunda Almaniyadan çıxarılması planını hazırlasın. Əksər ekspertlər əmindirlər ki, Vaşinqton Berlindən birdəfəlik inciyib – məhz Almaniyanın NATO çərçivəsində müdafiə xərclərini ÜDM-in iki faizinə qədər artırmaq tələbindən imtina etməsinə görə.

Amerikanın sabiq səfiri Riçard Qrenell müttəfiqlərin bir-birindən uzaqlaşmasına xüsusi töhfə verib – "Şimal Axını 2" qaz kəmərinin tikintisində iştiraka görə Almaniya şirkətlərini sanksiyalarla hədələməklə və Almaniyanın İranın nüvə sazişi ilə bağlı mövqeyini tənqid etməklə. Berlin amerikalı diplomatın fikirlərini dövlətin suveren siyasətinə müdaxilə kimi dəyərləndirib.

İyulun sonunda Tramp “Twitter" səhifəsində yazıb: "Almaniya Rusiyaya enerji üçün ildə milyardlarla dollar ödəyir, amma biz Almaniyanı Rusiyadan qorumalıyıq. Bu nə işdir?"

Beləliklə, Amerika prezidenti istər-istəməz NATO-nun şərq sərhədlərində "Kremlin təcavüzünün qarşısının alınması" iddiası ilə ABŞ-ın hərbi mövcudluğunun artırılmasının absurd olduğunu göstərib. Tutaq ki, Rusiya alyans ölkələrinə müharibə elan etdi. Bəs onda neftini və qazını Avropada kimə satacaq?

40
Əlaqədar
Avropada yeni münaqişə ocağı yarana bilər – səbəb yenə torpaqdır
Su-57 qırıcısının "təkmilləşməsi" ABŞ-ı niyə narahat edir
Hollivudsayağı "ulduz müharibələri" üçün material: Rusiyanın yeni silahı çox iddialıdır
NATO-ya “sevgilərlə” - “İskəndər”ə matros köynəyi geyindirirlər
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb

Bakı Yaroslavlı birbaşa aviareys birləşdirə bilər

17
(Yenilənib 22:00 21.09.2020)
Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Sputnik, Lev Rıjkov

BAKI, 21 sentyabr — Sputnik. Bakı və Yaroslavlı birbaşa aviareys birləşdirə bilər. Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Birbaşa aviaəlaqə yaratmaq təşəbbüsü Rusiyanın Yaroslavl vilayəti və Azərbaycan Respublikasının rəsmilərinin, eləcə də sahibkarların iştirakı ilə keçirilən ticarət-iqtisadi əməkdaşlığın perspektivlərinə həsr olunmuş videokonfrans zamanı səsləndirilib.

"Turizm sektorunun təmsilçiləri Azərbaycanla Yaroslavl arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan nümayəndələri tərəfindən səsləndirilmiş təkliflərdən biri Yaroslavl ("Tunoşna") və Bakının hava limanları arasında birbaşa aviareysin açılmasından ibarət idi", - Yaroslavl vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət Departamentinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

Təklif Yaroslavl vilayət hökumətinin sədr müavini Maksim Avdeyev tərəfindən dəstəklənib. Departamentdə qeyd ediblər ki, təşəbbüslər dərindən işlənilməlidir, lakin iki şəhər arasında aviaəlaqə qurmaq ideyası qarşılıqlı maraq doğurub.

"Tunoşna" hava limanı beynəlxalq statusa malikdir. Hazırda bu hava limanı aşağıdakı istiqamətdə reyslər həyata keçirir: Soçi, Sankt-Peterburq, Kazan, Simferopol, Krasnodar, Moskva ("Aeroflot"un transfer reysi). "Tunoşna"da hava limanının buraxılış imkanını artırmaq məqsədi ilə aerovağzal binasınının genişləndirilməsi üzrə işlər aparılır. Həmçinin süni örtüklü uçuz-enmə zolağının, təyyarələrin dayanacağının rekonstruksiyasını həyata keçirmək planlaşdırılır. Hazırda hava limanı Boeing 757-200, Airbus A319, Airbus A320, Boeing 767-300 təyyarələrini qəbul etmək imkanına malikdir. Bu tip təyyarələr "Azərbaycan hava yolları"nın (AZAL) donanmasının əsasını təşkil edirlər.

"Yaroslavl hava limanında gömrük və sərhəd yoxlamasını həyat keçirmək üçün imkan var", - Vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət departamentinin mətbuat xidmətindən bildirilib.

17
Əlaqədar
"Aeroflot" Bakıya uçuşlara başlayır
Təbii qaz

2020-ci il olduğu kimi: qaz qiymətlərini qasırğalar ekstremist qruplar təyin edir

13
(Yenilənib 19:07 21.09.2020)
Təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

BAKI, 21 sentyabr — Sputnik, Aleksandr Sobko. Qaz bazarı tədricən bərpa olunur: Avropada və Asiya-Sakit Okean Regionunda qazın birja qiymətləri min kubmetrə görə müvafiq olaraq 130 və 150 dollar təşkil edir.

Qiymət artımının səbəbləri həm tələb, həm də təkliflə bağlıdır. Cari ilin səkkiz ayı ərzində maye təbii qazın (MTQ) ümumi idxalı cəmi 1,3 faiz olsa da, bir il əvvəlki dövrlə müqayisədə daha yüksək olub. Hindistan və Çin iyulda və avqustda MTQ idxalının kəskin artırıb.

Sadə hesablama etsək, hazırda maye təbii qaza olan qlobal tələbat ötən ilin səviyyəsindədir, boru kəməri qazına olan tələbat isə aşağıdır. Bu, Rusiyanın Avropaya ixracından da görünür. Çin də Orta Asiyadan qaz idxalını aşağı salıb. Bu arada MTQ bazarında istehsal artıb, çünki, tikilməkdə olan zavodlar artıq işə salınıb (əsasən, ABŞ-da).

Əsasən təkliflə bağlı problemlər qiymətləri sabitləşdirməyə kömək edir: Avstraliyadakı "Prelude" üzən maye təbii qaz platforması hələ də işləmir (texniki problemlərə görə). Elə Avstraliyanın özündə "Gorgon LNG" layihəsinin xətlərindən biri dayandırılıb.

Kotirovkaların bərpası hələ ki sabit görünmür, amma bəzi proqnozlara görə, istilik mövsümündə Asiyada spot qiymətləri min kubmetrə görə hətta 200 dollardan artıq ola bilər. Bu rəqəmlər bütün istehsalçılar üçün uzunmüddətli münasib qiymətlərə uyğundur. Doğrudur, bir əmma var: belə bir qiymət səviyyəsi yalnız qış üçün deyil, orta illik olmalıdır.

Amma il mürəkkəbdir, atipikdir, ona görə də uzunmüddətli perspektivlər çıxarmaq olmaz. Hamını perspektivlər maraqlandırır. Ən maraqlısı isə bundan ibarətdir ki, iyirmi il ərzində ilk dəfə olaraq yeni MTQ zavodlarının tikintisi ilə bağlı heç bir yeni sərmayə qoyuluşu qərarı qəbul edilməyib. Bu ilin yekununa dair proqnozlara görə, maksimum iki sərmayə qərarı qəbul ediləcək. Xatırladaq ki, ötən il rekord sayda sərmayə qərarı qəbul edilib – bu isə öz növbəsində üçillik sakitlikdən sonra baş verib.

Bu, niyə belə olur? Cavab sadə və aydındır: bütün neft-qaz şirkətlərinin gəlirlərində çox itkilər olub, ona görə də öz sərmayə proqramlarını ixtisar edirlər. Cavabın bir hissəsi də MTQ bazarının son illərdə paradoksal şəkildə inkişaf etməsindədir. Bir tərəfdən biz qazın cari dövrdə həddən artıq çox olduğunu, eləcə də gələcəkdə kəskin rəqabəti (Qətər, ABŞ, Rusiya, Şərqi Afrika arasında) görürük. Bunların heç biri qiymətləri artırmır və yeni layihələrə sərmayə qoymaq üçün bazara kifayət qədər siqnal göndərmir. Eyni zamanda, bazar perspektivli hesab olunur (qaza tələbat həmişə, hətta "yaşıl senarilərdə" belə artacaq).

Bazarın inkişaf lokomotivlərindən biri də neftdən uzaqlaşıb perspektivli maye təbii qaza keçməyə başlamış transmilli neft-qaz şirkətlərinin iştirakı olub. Neftin bahalı olduğu vaxtlarda neft-qaz şirkətləri ümumi gəlir zənbilindən perspektivli maye qaza yatırımlar edə bilirdilər. Neft kotirovkalarının düşməsindən sonra isə bu, transmilli neft-qaz şirkətlərini maraqlandırmır. Üstəlik, onlardan bəziləri əsəbiləşir və investisiya planlarının kəskin "yaşıllaşmasını" elan edirlər. Öz növbəsində, neftə sadiq qalmaq istəyən neft nəhənglərinin də vəziyyəti ağırdır. Bu, çətin maddi vəziyyətdə olan "ExxonMobil" şirkətinin timsalında da görünür.

Bu şirkətin planlarında iki əsas MTQ layihəsi – ABŞ-da "Golden Pass LNG" ("Qatar Petroleum" ilə birlikdə) və Mozambikdə "Rovuma LNG" var idi. Hər ikisi indi təxirə salınıb – Amerikadakı zavod ən azı bir il, Mozambikdəki zavod isə 2023-cü ilə qədər. Papua-Yeni Qvineyada fəaliyyət göstərən MTQ zavodunu genişləndirmək planlarını da ən yaxşı vaxtlara saxlayıblar.

Amerikanın digər zavodları da, təbii ki, yeni qərarlar qəbul etməyə tələsmir. Şərqi Afrikada isə bütövlükdə durğunluq əmələ gəlib. Xatırladaq ki, bu bölgənin (Mozambik, Tanzaniya) şelfi yeni perspektivli mədən mərkəzlərindən biri kimi qəbul edilir. "ExxonMobil" layihəsinin təxirə salındığı haqqında artıq məlumat verilib. "Mozambique LNG" ("Total" şirkətinin nəzarəti altında) zavoduna isə regionda fəaliyyət göstərən ekstremist qruplar mütəmadi olaraq maneə yaradır ki, bu da onun vaxtında tikintisi məsələsini sual altına qoyur. Tanzaniyada zavod planları haqqında isə son zamanlar ümumiyyətlə xatırlamırlar.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar: ortamüddətli perspektivdə təklifin azalmasını görəcəyik. Belə olardı – Qətərin bir neçə yeni zavod üzrə planları olmasaydı. Sərmayə qoyuluşu barədə hələ ki rəsmi qərar yoxdur, lakin ilkin işlər fəal şəkildə aparılır.

Nəhayət, qeyri-müəyyənliklər yaradan daha bir amil: qiymətləndirmə mexanizmləri. Spot bazarının inkişafına baxmayaraq, son vaxtlara qədər MTQ qiymətinin neftin qiymətinə bağlılığı MTQ istehsalçılarına xərcləri qarşılamaq imkanını verirdi. Bununla yanaşı, neftin bahalığı və MTQ bazarında artan rəqabət fonunda son illər yeni müqavilələrdə bu bağlılıq əmsalı tədricən aşağı düşüb. İndi neft ucuzlaşıb, alıcıların isə köhnə, yüksək əmsallara qayıtmaq istəyəcəkləri inandırıcı deyil. Alıcıları spot qiymətləri ilə qaz daha çox maraqlandırır, üstəlik, Qətərin uzunmüddətli müqavilələrinin tədricən bitməsi ilə bu ölkənin maye qazı birjaya daxil olacaq.

Onu da xatırladaq ki, inkişaf etməkdə olan Asiya-Sakit Okean Regionu ölkələri qazın böyük həcmlərini "həzm etməyə" qadirdirlər – lakin yalnız aşağı qiymətlərdə, min kubmetrə maksimum 200 dollar səviyyəsində olan qazı.

Bütün bu amillər bazarda qeyri-müəyyənliyə və bəzi paradoksal inkişafa gətirib çıxarır. Ümumiyyətlə təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

13
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0