Plesetsk kosmodromundan Sarmat raketinin buraxılması

“Sarmat” uçmağa hazırlaşır: yeni “Şeytan” Rusiyanın nəyinə lazımdır?

185
(Yenilənib 02:15 23.05.2020)
Döyüş gücünə görə “Voyevoda” ilə “Sarmat” tən gəlir, daha maraqlısı isə sürətlənmə hissəsi və yeni QBR-in Aegis, THAA və digər sistemləri aşa bilməsidir

Bakı, 23 may – Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın strateji nüvə qüvvələri daha mükəmməl və effektiv olmağa başlayıb. Yeni ağır “Sarmat” qitələrarası ballistik raketi ordunun sərəncamına verilməzdən öncə son sınaqlardan keçirilir.

Rusiya hökumətinin vitse-naziri Yuri Borisov mayın 21-də bəyan edib ki, COVID-19 pandemiyası “Sarmat” qitələrarası ballistik raketinin (QBR) uçuş sınağının hazırlığına mane ola bilməyib, sınaqlar RF Müdafiə Nazirliyi və baş konstruktorun təyin etdiyi vaxtda keçiriləcək.

Dövlət silahlanma proqramı çərçivəsində Rusiya sənaye kooperasiyası yeni, şaxta bazalı, maye yanacaq əsaslı ağır RS28 “Sarmat” raketinin hazırlanmasını başa çatdırır. Yeni raketin atış sınaqları 2018-ci ildə bitib. Kompleks geniş spektrdə, o cümlədən yeni nəsil hipersəs döyüş blokları ilə təchiz olunacaq, 2021-ci ildə isə Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) sərəncamına veriləcək. Qeyd edək ki, əsasən “Sarmat” üçün nəzərdə tutulan “Avanqard” hipersəs kompleksi artıq Dombarovsk raket diviziyasına verilib.  

 Yeni QBR dünyada ən güclü sayılan Р-36М2 “Voyevoda” raketini (NATO təsnifatı ilə - SS-18 Satana) əvəz edəcək. “Sarmat”ın imkanları elədir ki, o, raket əleyhinə müdafiə (RƏM) zonalarını təxmin olunmayan trayektoriya üzrə yan keçə bilər, bu isə mümkün rəqibin bütün mövcud və perspektivdə olan müdafiə sistemlərinin hipersəs bloklarını “tutmasını” istisna edir.

“Sarmat”ın “Voyevoda”dan prinsipial fərqi: “Ю-71” tipli hipersəs bloklarına malik yeni QBR qeyri-nüvə avadanlığında yüksək dəqiqlikli silah kimi istifadə oluna bilər. Atmosferdə 15 Max sürətində (7 km/san) blokun kinetik enerjisi nüvə zərbəsi üçün xarakterik dağıntıların olacağına zəmanət verir, sadəcə, məkanda radioaktiv çirklənmə olmur. Hipersəs manevrli döyüş başlıqlarının əsas üstünlüyü trayektoriyanı yüksək dəqiqliklə tarazlamaq bacarığı, QBR-in start götürdüyü nöqtədən minlərlə kilometr aralıda yerləşən obyektin “nəfəsliyindən” keçmək qabiliyyətidir.

Yeni raketin seriya  buraxılışı üçün sənaye istehsalının modernləşdirilməsi başa çatdırılıb. Raket Krasnoyarsk diyarı və Orenburq vilayətində yerləşdiriləcək. Rusiya bununla dəfetmə potensialını artırır.

Qütbdən-qütbə

Dünyanın texnoloji cəhətdən inkişaf etmiş bütün dövlətləri ağır qitələrarası raketlərin hazırlanma və istehsalında rəqiblərini keçməyə çalışır, ancaq Rusiya onların hamısından xeyli irəli gedib. Ağır, maye yanacaq əsaslı РС-28 «Sarmat» orbital qitələrarası ballistik raketinə malik yer üzərində şaxta bazalı kompleks bütün parametrlərinə görə üstünlük nümayiş etdirir.

Uzaq mənzilinə, sürətinə və məhvetmə gücünə görə dünyada onun analoqu yoxdur. Mənzilinə görə - 18000 km-dək – “Sarmat” xarici rəqiblər üçün əlçatmaz olan “Voyevoda”nı 1,5 dəfə geridə qoyur. Faydalı yükgötürmə qabiliyyəti 10 tonadək artırılıb. On fərdi tuşlama blokuna malik baş hissəsi ayrılır. Yeni raketin başlanğıc kütləsi 208 tondur (bunun 178 tonu yanacaqdır). Ümumi uzunluğu 35.5 m, diametri 3 metrdir.

Ballistik raketin buraxılması, arxiv şəkli
© Ministry of Defence of the Russian Federation

Döyüş gücünə görə “Voyevoda” ilə “Sarmat” tən gəlir, daha maraqlısı isə sürətlənmə hissəsi və yeni QBR-in Aegis, THAA və digər sistemləri aşa bilməsidir. Qitələrarası ballistik raket HHM-RƏM sistemlərini uğurla dəf edərək hədəfi vaxtında və dəqiq vurmalıdır. Hətta “Voyevoda”nın döyüş başlıqları da hədəfə doğru bir yığın yalançı elementin əhatəsində uçur (raketin baş hissəsi hər biri 800 kiloton olan 10 döyüş başlığı və RƏM dəfetmə vasitələrinin müasir kompleksindən ibarətdir). Məntiqi olaraq düşünə bilərik ki, “Sarmat” uçuş zamanı prinsipcə daha yeni müdafiə və maskalanma vasitələrindən yararlanacaq. Müxtəlif gücə və təyinata malik blokların sırasında, yəqin ki, düşmənin RLS-inə əks-təsir edən güclü vasitələr və digər innovasiya komponentləri var. Bəs bu necə işləyir?     

Ayrıldıqdan sonra manevrli blok 15 Max sürətilə (7 km/san) 100 km hündürlükdə hərəkət edir, atmosferin qatı laylarına girməzdən öncə isə (bilavasitə hədəfin üzərində) rəqibin raket əleyhinə müdafiəsini aşmaq üçün mürəkkəb manevr icra edir. Yuxarıda qeyd etdiyimiz kimi, bu cür döyüş blokları ilə dünyanın istənilən nöqtəsində lokal münaqişələr zamanı nöqtəvi qeyri-nüvə zərbələri endirmək olar.

Yeni “Sarmat” QBR-in yaradılmasında iki əsas oriyentir – RƏM-ə qarşı davamlılıq və minimal uçuş vaxtı – rekord həddə sürət, mənzil uzaqlığı, yükgötürmə qabiliyyəti əldə etməyə və 60 saniyə ərzində döyüş hazırlığına gətirilməyə imkan verdi (bu da rəqibin nüvə zərbəsi zamanı ildırım sürətli cavab reaksiyası deməkdir). Yeni QBR-in malik olduğu, mümkün rəqibin ərazisini Cənub Qütbündən suborbital trayektoriya üzrə (mövcud və perspektivdə olan RƏM sistemlərini aşmaqla) “orbital bombalamaq” texnologiyası mülki xarakterli kosmik aparatların fəzaya buraxılmasını da gerçəkləşdirməyə imkan verir (istismar müddətinin sonunda hər bir “Sarmat” ona yatırılmış pulların əhəmiyyətli hissəsinin qaytarılmasını təmin edə bilər).

Əsas parametrləri

Rusiya Strateji Təyinatlı Raket Qoşunları (STRQ) neçə yeni ağır raket alacaq? Bir müddət öncə Amerikanın CNBC kanalı ABŞ kəşfiyyatına istinadən 60 “Sarmat” barədə məlumat yaymışdı. Bu iki diviziyadakı (Krasnoyarsk diyarı və Orenburq vilayətindəki) “Voyevoda”ların sayına təxminən uyğun gəlir. Ancaq Rusiya MN-in başqa planları da ola bilər. Yalnız Rusiyanın Strateji Nüvə Qüvvələri (SNQ) və ABŞ-ın Strateji Hücum Silahları (SHS) qruplaşması üçün SHS Müqaviləsinin təyin etdiyi QBR və döyüş bloklarının maksimal say həddi barədə məlumat əlçatandır. RF üçün bu, 700 açıq start qurğusu və 1550 döyüş blokudur. Qeyd etmək lazımdır ki, STRQ SNQ-nin daşıyıcı və döyüş başlıqlarının 60%-nə malikdir və 2024-cü ildə sərəncamında yalnız müasir nümunələri saxlamağı planlaşdırıb. Nəzərə alsaq ki, cəbbəxanada “Topol-M” və “Yars” kompleksləri də var, o zaman çoxvariantlı perspektiv yaranır.

Rusiya STRQ-nin inkişaf perspektivini təyin edərkən ABŞ-ın raket-nüvə potensialının və xarici siyasətinin xüsusiyyətlərinin dəyişməsini, Vaşinqtonun Orta və Yaxın Mənzilli Raketlərin ləğvi üzrə Müqavilədən (OYMR) çıxmasını, Amerikanın orta mənzilli raketlərinin Avropada, RF-ə yaxın ərazilərdə mümkün yerləşdirilməsini nəzərə almaq lazım gəlir. Məsələn, Polşa və Rumıniyada Pentaqonun müxtəlif hazırlıq dərəcəli universal Mk-41 start qurğularına malik raket əleyhinə kompleksləri yerləşdirilib. Buradan raket əleyhinə “Standart-3” və orta mənzilli qanadlı “Tomahavk” raketlərini buraxmaq mümkündür. Bundan başqa, Amerikanın Polşa və Rumıniyada yerləşən pilotsuz zərbə aparatları nüvə başlıqları ilə təchiz oluna bilər. Təbii ki, Rusiyaya qarşı orta mənzilli zərbə komponentlərinin istifadəsi zamanı cavab zərbəsi zonasında həm Amerika Birləşmiş Ştatları, həm də həmin raketlərin buraxıldığı ölkələr olacaq. Bunu “Qırmızı ulduz”a müsahibəsində Rusiya STRQ-nin komandanı Sergey Karakayev açıq-aşkar şəkildə deyib.

2020-ci ildə STRQ müxtəlif səviyyəli 200 təlim keçirməyi və altı QBR buraxılmasını (bunların beşi – Plesetskdəki kosmodromdan olacaq) planlaşdırır. Ötən il hərbi təlimlərin sayı elə təxminən bu qədər olmuşdu, 5 dəfə də strateji raket buraxılmışdı ki, bu da öz növbəsində raket komplekslərinin yüksək etibarlılığını və qoşunların ümumi effektivliyini təsdiq etmişdi.

Müasir STRQ – üç raket qoşunu və 12 raket birləşməsini (o cümlədən şaxta start qurğulu stasionar bazalı dörd və hərəki qrunt raket komplekslərinə malik səkkiz mobil diviziya) ehtiva edir. Fikrimcə, bu raketlər bütün təcavüzkarları “görər”. Mümkün rəqibə preventiv (tərksilah edici) zərbəyə güvənməyə dəyməz. STRQ obyektləri hava hücumu vasitələrindən müasir S-300PM və S-400 zenit kompleksləri, “Mozır” aktiv müdafiə sistemi, müxtəlif fiziki təsir prinsiplərinə malik perspektivli HHM qurğuları ilə etibarlı şəkildə qorunur. Robotlaşdırılmış idarə sistemi tətbiq olunmağa başlayıb. Rusiyanın nüvə silahlarının üçdə ikisinə malik Strateji Təyinatlı Raket Qoşunları nüvə triadasında əsas rol oynayır. Yeni ağır “Sarmat” QBR STRQ-də və nüvə dəfetmə sistemində əsas mövqeni tutacaq.

185
Əlaqədar
100 milyon dollarlıq paradoks və ya F-35-in quyruğu niyə qopur
“Bumeranq”ın ixrac potensialı – $ 1 mlrd: Rusiya platforması nə ilə unikaldır
Rusiyanın Hərbi-Dəniz Donanması necə dəyişəcək - "Borey-A" və "Yasen-M" gəlir
Rusiya Qara dənizə tam nəzarət edir
Rusiyanın beşinci nəsil qırıcıları sınaqlardan üzüağ çıxıb
Vladislav Lisovets, arxiv şəkli

Rusiyalı stilistdən Azərbaycana dəstək

79
(Yenilənib 21:28 23.10.2020)
Vladislav Lisovets: "Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir".

BAKI, 23 oktyabr — Sputnik. "Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim". Sputnik Azərbaycan News.ru-ya istinadən bildirib ki, bunu Bakıda doğulub böyüyən və hazırda Moskvada yaşayan stilist Vladislav Lisovets deyib. 

Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatlarını şərh edən V.Lisovets Azərbaycanın torpaqlarını qaytarmasını, tam azad etməsini çox istədiyini söyləyib:

"İndi çox istərdim ki, torpaq məsələsi həll olunsun və insanlar özlərinə aid olanları qaytarsınlar. Bunun minimum insan itkisi ilə baş verməsini arzulayıram. Təəssüf ki, siyasətçilər insanların yer üzündə yaşadığını unudurlar. Əvvəlcə sərhədləri düşünürlər, insanları yox. Heç kimi millətə bölmək istəmirəm. İnsanlar öldükdə bu, faciədir", - Lisovets bildirib.

"Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan xalqı ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir. İndi bu, münaqişənin kəskinləşməsinə çevrilib, amma mən bütün bunların bitməsini çox istərdim", - deyə stilist əlavə edib.

79
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qarabağ barədə: "Moskva qədər Ankaranın da haqqı var"

227
(Yenilənib 15:55 23.10.2020)
Azərbaycan deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Bu sülh danışıqlarında Türkiyə Rusiya ilə bərabər olmalı

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin ən az Rusiya qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak etmək hüququ olduğuna inanıram. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Cənab Əliyevin ifadəsini kənara qoymaq mümkün deyil. Yəni burada əgər Rusiya nə qədər həll üçün, sülh üçün yer almağı düşünürsə, Türkiyənin də ən azı Rusiya qədər sülh prosesində yer almaq haqqının olduğuna inanıram. Azərbaycan deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. [Azərbaycan] Bu sülh danışıqlarında Türkiyə Rusiya ilə bərabər olmalıdır deyir. Əslində, bu məsələ ilə bağlı bu ana qədər Rusiyanın neqativ yanaşmasını eşitməmişəm", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, Rusiyanın Türkiyə ilə bağlı neqativ açıqlamaları yoxdur: "Bu ana qədər biz istər Azərbaycan-Ermənistan mövzusunda, istər digər məsələlərdə - məsələn, Suriyada müştərək bir iş içərisindəyik. Liviya ilə bağlı da müştərək işlərimiz oldu".

227
Teqlər:
Azərbaycan, Türkiyə, Rusiya, danışıqlar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir
“Müharibə döyüş meydanında aparılmalıdır – dinc əhaliylə yox”: Türkiyənin Baş Ombudsmanı
Peskov: "Rusiya müharibəni dayandırmaq üçün əlindən gələni edir"
Bakıda boş parkinq

Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq

0
(Yenilənib 18:43 24.10.2020)
Qərar çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədlərinə dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ına edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti layihəsində göstərilən tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, bu Qaydalara uyğun ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq.

Belə ki, bununla Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

Eyni zamanda "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na edilən dəyişikliklə, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

0