Yaşlı adam, arxiv şəkli

Təqaüdçü deputatlara tualet kağızı hədiyyə etdi

24
(Yenilənib 22:42 11.02.2020)
“Onları sizə hədiyyə edirəm. Təyinatı üzrə istifadə etməyiniz üçün sizə verirəm”, - deyə təqaüdçü bildirib

BAKI, 11 fevral — Sputnik. Rusiyanın Kareliya respublikasında təqaüdçü veteranlar üçün nəzərdə tutulan ödəmələrin indeksasiyasına görə Qanunvericilik Şurasının deputatlarına iki tualet kağızı rulonu hədiyyə edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, indeksasiyadan sonra veteranların təqaüdü 21 rubl (0,56 qəpik) artıb.

"Bütün əmək veteranları adından sizə öz təşəkkürümü bildirmək istəyirəm. Sizin əlavə ödənişləriniz nəticəsində mən iki rulon tualet kağızı ala bildim. Onları sizə hədiyyə edirəm. Təyinatı üzrə istifadə etməyiniz üçün sizə verirəm", - deyə təqaüdçü bildirib.

24
Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli

İlham Əliyev: Biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq

36
Prezident İlham Əliyev deyib ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olar.

28 oktyabr - Sputnik. Həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bəzi ekspertlər tərəfindən təklif olunan 2+2 formuluna (Ermənistan və Azərbaycan+ Türkiyə və Rusiya) münasibət bildirərkən deyib.

Bunun Azərbaycan üçün məqbul olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

"Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi".

36
Əlaqədar
İlham Əliyev: Hərbi qarşıdurmanın nə qədər davam edəcəyi erməni tərəfindən asılıdır
Şuşa, arxiv şəkli

Dünya mediası Dağlıq Qarabağ münaqişəsini necə işıqlandırıb

47
(Yenilənib 23:02 28.10.2020)
Bu barədə aparılmış xüsusi araşdırmanın nəticələrinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olsa da, bu ölkənin KİV-ləri açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir.

BAKI, 28 oktyabr — Sputnik. "LexisNexis" şirkəti RİA Novosti üçün Dağlıq Qarabağdakı vəziyyətin mediada işıqlandırılmasının öyrənilməsinə dair araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ mediasında balanslı şəkildə işıqlandırılıb, fransız qəzetləri isə ermənipərəst mövqe nümayiş etdirib.

Analitiklər 20 sentyabr - 20 oktyabr tarixləri arasında Qarabağdakı münaqişə ilə bağlı dünya mediasında yer alan xəbərləri araşdırıblar. Məlum olub ki, münaqişə haqqında ən çox Rusiya KİV-ləri yazıb. Bu ölkənin mediasında son bir ayda konfliktlə bağlı 82 mindən çox xəbər yer alıb. Sonrakı yerləri ABŞ (təxminən 27 min), Böyük Britaniya (təxminən 15 min), Almaniya (təxminən 12 900) və Fransa (təxminən 6 min) tutur. Bu siyahıda altıncı yer isə Türkiyəyə məxsusdur (2,2 mindən bir qədər çox).

Araşdırmanın nəticələrinə görə, Dağlıq Qarabağ münaqişəsinə ən az maraq göstərən Qazaxıstan olub. Bu ölkənin mediası bir ay ərzində Qarabağla bağlı cəmi 145 xəbərə yer verib.

© Sputnik / Elnur Salayev
Qarabağ münaqişəsinin xarici mediada işıqlandırılması cədvəli

Tədqiqat müəllifləri bu nəticəyə gəliblər ki, Rusiya KİV-ləri Qarabağdakı münaqişə tərəflərinə qarşı balanslı yanaşma nümayiş etdirir. Eyni zamanda, onların fikrincə, Kreml hələ də Qarabağ ətrafında çoxdan bəri mövcud olan problemi həll etməyə çalışmır, əksinə, münaqişənin dondurulmuş vəziyyəti Moskvanın bölgədəki maraqlarına cavab verir.

O da qeyd olunur ki, Rusiyada dərc olunmuş xəbərlərin əksəriyyəti (91%) bitərəf xarakter daşıyıb.

Rusiya və Fransa kimi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ mediasında isə Dağlıq Qarabağ münaqişəsi Prezident seçkisi, pandemiya, Sudan və İsrail ətrafındakı vəziyyətlə bağlı xəbərlərin fonundan prioritet mövzu təsiri bağışlamayıb.

Buna baxmayaraq, ölkədə qeydə alınmış çox sayda media qurumu silahlı qarşıdurmaya istinad sayına görə ABŞ-ı şərti reytinqdə ikinci yerə çıxarıb. Ölkədəki ən yüksək reytinqli nəşrlərin ("LexisNexis"ə görə birinci dərəcəli media qurumları) payı isə cəmi 3% təşkil edib.

"Amerika tərəfinin mövqeyi kifayət qədər təmkinlidir. Münaqişənin ilk günlərindən Vaşinqton tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarını davam etdirməyə çağırıb. Ancaq Rusiya balansı qorumağa çalışdığı halda, ABŞ mediası erməni tərəfinin mövqeyini daha çox əks etdirib. Bununla belə, münaqişənin yerli əhaliyə vurduğu ziyan və Rusiya ilə Türkiyənin bu konfliktlə bağlı mövqelərinə bərabər şəkildə yer ayrılıb", – deyə tədqiqat müəllifləri yazır.

© Sputnik / Elnur Salayev
Ayrı-ayrı ölkələrin medaiasında Azərbaycana qarşı həssaslıq

Amerika mediasında tez-tez Ermənistanla bağlı müsbət (8%) məqalələrə rast gəlindiyi halda, Azərbaycanla bağlı bir dənə də belə məqalə dərc olunmayıb. Münaqişə barədə çıxan xəbərlərin əksəriyyəti isə (təxminən 90%) bitərəf olub.

Hesabat müəllifləri fransız mediasının açıq-aşkar ermənipərəst mövqe tutduğunu bildiriblər. Təhlil olunan media hesabatlarının 42 faizində Azərbaycanın hərəkətləri ilə bağlı mənfi rəy və tənqid öz əksini tapıb. Bu ölkədə Dağlıq Qarabağla bağlı dərc olunmuş media materiallarının 58 faizi bitərəf xəbər kimi təsnif edilə bilər, ancaq Fransa mediasında praktik olaraq Ermənistana qarşı bir cümlə də tənqidi yazı getməyib.

Araşdırma müəlliflərinin fikrincə, Türkiyə mediası Azərbaycan tərəfini dəstəkləyir. Dərc olunmuş məqalələrin 47 faizində bu dəstək hiss olunub.

İngiltərə və Alman mediası münaqişəyə bitərəf yanaşıb. Çin mediası da, həmçinin təmkinli mövqe nümayiş etdirib. Bununla belə, araşdırma müəlliflərinin fikrincə, Çin mediası Rusiya Federasiyası və Türkiyənin münaqişə ilə bağlı əlaqəli fəaliyyətlərinə lazım olduğundan daha çox diqqət yetirilib.

© Sputnik / Elnur Salayev
Ayrı-ayrı ölkələrin medaiasında Ermənistana qarşı həssaslıq

"Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi – həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd ölkə olan İran hökuməti hərbi konfliktin həllində vasitəçi olmağa hazır olduğunu bildirib. Bu ölkə hər şeydən əvvəl münaqişənin İran cəmiyyətinə yayılmasının qarşısını almağa çalışır. Çünki indi azərbaycanlılar İranın ən nüfuzlu milli azlıqlarından biridir", – deyə hesabatda bildirilir.

İran KİV-lərinin əksəriyyəti bitərəf mövqe nümayiş etdirib. Bu ölkədə çıxan xəbərlərin yalnız 9 faizində Ermənistan, 8 faizində isə Azərbaycan tənqid olunub.

İsrailin bir sıra media orqanları Qarabağdakı münaqişəyə bitərəf müşahidəçi kimi yanaşmağın mümkün olmadığını bildiriblər. Çünki bu ölkə Azərbaycanın strateji müttəfiqidir. Bununla belə, İsraildə dərc olunan qəzetlərin 62-63 faizi münaqişəyə neytral mövqe nümayiş etdirib.

Postsovet dövlətlərinin məsələyə yanaşması da böyük maraq doğurur. Bu məkanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının ən böyük tərəfdarı kimi Qazaxıstan çıxış edir. Gürcüstan KİV-ləri isə münaqişəyə neytral yanaşaraq, Ermənistanı da, Azərbaycanı da eyni dərəcədə (8 faiz) tənqid edib. Ümumilikdə bu ölkədə münaqişə ilə bağlı dərc olunmuş xəbərlərin 84 faizi bitərəf olub.

Ukrayna KİV-lərində isə Qarabağ tez-tez Donbasla müqayisə olunub. Ukrayna mediası 30 faiz hallarda Ermənistanı tənqid edib. Bu ölkədə dərc olunmuş xəbərlərin 31 faizində isə Azərbaycan dəstəklənib.

47
Məktəblərin birində, arxiv şəkli

"Nazirlik bu qədər müddətə bir problemin öhdəsindən gələ bilməyib"

0
(Yenilənib 08:28 29.10.2020)
"Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində elan olunmuş tətil davam edir. Noyabrın 2-dən sonra təhsilin hansı formada davam edəcəyi isə hələ aydın deyil. Təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, noyabrın 2-dən sonra tədrisin hansı formada aparılması ilə bağlı işlər gedir: "İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək".

Sputnik Azərbaycan pandemiya dövründə və hərbi vəziyyətdə noyabrın 2-dən sonra dərslərin hansı formada bərpa edilməsinin mümkünlüyünü araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını dəyərləndirib. O bildirib ki, hər şey proseslərin gedişatına bağlıdır: "Özünüz də qeyd etdiniz ki, bir tərəfdən koronavirusa yoluxma artır, digər tərəfdən isə cəbhədə vəziyyət gərgindir. Mən həmişə vurğulamışam ki, təhsil dəyərdir. Amma sağlamlıq bir ayrı dəyərdir. Vətəni qorumaq isə müqəddəs dəyərdir. İndi əgər müqəddəs dəyər və sağlamlıqla yanaşı, həm də ali dəyər uğrunda mübarizə aparırıqsa, ilk növbədə bu dəyərləri qorumalıyıq. Vətənimizi düşmən tapdağından qurtaraq, ondan sonra Təhsil Nazirliyi qalan problemləri həll edəcək. Dövlətimizin hər zaman təhsilə qayğısı var, bundan sonra da bu qayğını artıracaq".

Ş.Əsgərov deyir ki, hər şey ölkəmizdə virusa yoluxma ilə bağlı vəziyyətin necə dəyişəcəyindən asılıdır: "Əgər virusa yoluxma sayı aşağı düşərsə, yəqin ki, əyani təhsili bərpa etmək mümkün olacaq".

Kamran Əsədov isə Təhsil Nazirliyinin problemdən çıxış yolu tapmaqda gecikdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, 9 aya normal bir uşaq dünyaya gətirmək mümkün olduğu halda, Təhsil Nazirliyi bu qədər müddətə bir resurs hazırlayaraq ortaya çıxarda bilməyib: "Pandemiya mart ayından başlayıb. Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər. Amma indiyədək işlək bir resurs hazırlayıb ortaya qoymadılar. Bu gün ümumi internetin verilişində problem yoxdur. Problem bir sıra platformalara girişdədir. Xarici saytlara giriş məhdudlaşdırılıb. Hər məktəbin öz videokonfrans proqramı vasitəsilə dərslərin keçirilməsi mümkündür. Azərbaycanda kompüter üzrə bu qədər mütəxəssislərimiz olduğu halda, bütün ölkənin şagirdləri teledərslərin ümidinə qalıb".

K.Əsədov bildirir ki, hazırda yeganə əlçatan resurs teledərslər olduğundan, teledərslərlə işləmək əsas çıxış yoludur: "9 aya bir normal uşaq dünyaya gəlir. Amma Təhsil Nazirliyi 9 aya yaxın müddətdə normal işlək resurs hazırlayaraq ortaya çıxartmayıb ki, şagirdlər məsafədən dərs keçsinlər. İndi nazir problemi iki həftəyə aradan qaldırmağı vəd edir. Bunun nə dərəcədə mümkün olduğunu isə tətil bitəndən sonra görmək mümkündür".

Qeyd edək ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib. Nazir qeyd edib ki, noyabr ayında ənənəvi tətil günləri qabağa çəkilib. Odur ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günlərindən istifadə edilir. Xatırladaq ki, payız tətili 16-20 noyabr müəyyən edilmişdi.

0