Tu-160 strateji raketdaşıyıcı-bombardmançı təyyarə

Stabillik silahı: Rusiya “Ağ qu quşu” ilə çox uzaqlara uçacaq

664
(Yenilənib 01:22 27.11.2019)
Yaxın onilliklər ərzində yenilənmiş “Ağ qu quşu” düşməni dayandırmaq üçün Rusiyanın inandırıcı faktoru olacaq.

Aleksandr Xrolenko, hərbi icmalçı

BAKI, 27 noyabr — Sputnik. Moskva Rusiya sərhədləri boyunca yaranan bütün hərbi təhlükələrə adekvat və effektiv cavab verir – Rusiyanın uzaq mənzilli aviasiyası Tu-160M strateji raketdaşıyıcılarının kütləvi istehsalını bərpa etməsi və bu gün strateji nüvə qüvvələrinin heyətində döyüş mövqeyində olan 16 ədəd Tu-160 təyyarəsinin dərindən modernləşdirilməsi hesabına zərbə qüvvəsini operativ şəkildə artırır.   

Modernləşdirilmiş on ədəd Tu-160M təyyarəsinin tikintisi (onların ümumi dəyəri 150 milyard rubldur) tam sürətlə gedir. Uçuş sınaqları 2020-ci ilin sonunda başlayacaq. “İnterfaks”ın məlumatına görə, yenidən hazırlanan ilk Tu-160M strateji raketdaşıyıcı-bombardmançı təyyarə (buna qədər Tu-160M2 adından istifadə olunub) Rusiya Müdafiə Nazirliyinə 2021-ci ildə təhvil veriləcək. “Tupolev”in məlumatına görə, Müdafiə Nazirliyi ümumilikdə 50 belə maşın almağı planlaşdırır. Paralel olaraq, silahlanmada olan 16 ədəd “strateq” Tu-160M səviyyəsinə qədər dərin modernləşdirməyə məruz qalır.

Kazan aviazavodunda Tu-160M təyyarələrinin istehsalının bərpa edilməsi və modernləşdirilməsi PAK DA (uzaq mənzilli aviasiyanın perspektivli aviasiya kompleksi) görünməz-təyyarə layihəsinin unudulması anlamına gəlmir. Tu-160M təyyarəsinin bortunda, gələcəkdə PAK DA üçün istifadə ediləcək birləşmiş modul aviasiyasının elementləri də olacaq. Təkamül raketdaşıyanın bort radioelektron avadanlıq, silahların kompleks idarəçiliyi, ekipajın həyat təminatı sistemi kimi digər texniki elementlərindən də yan keçməyəcək.

Yeni imkanlar

Kütləvi şəklidə buraxılacaq Tu-160M yeni istehsal edilən maşın yox, tamamilə yeni təyyarə olacaq. “Radioelektron texnologiyalar” konserni müasir hesablama və bort sistemləri, nəzarət sistemi, platformasız inersiyal naviqasiya sistemi, radioelektron mübarizə kompleksi, silahların idarə edilməsi sistemi yaradır. Modernləşdirilmiş Tupolev-160M bombardmançısı ən müasir hava hücumundan müdafiə sistemi, maneələrdən etibarlı müdafiə sistemi ilə təchiz ediləcək.

Bəzi modernləşmələr sayəsində 02 seriyasından HK-32 aviamühərriki daha qənaətcil olub, bu da uçuşun maksimal uzaqlığını 15 min km çatdırmağa imkan verir. 

Birləşmiş mühərrikqayırma korporasiyası (“Rostex” konserninə daxildir) artıq iki ildir dalbadal Samaradakı “Kuznetsov” müəssisəsində mühərrikin stend sınaqlarını keçirir. 2030-cu ilə qədər bütün Tu-160 təyyarələrini ikinci seriyadan olan HK-32 mühərrikləri ilə təchiz edəcəklər.

Təyyarə yenilənmiş silahlar alacaq – düşmənin uzaqdakı coğrafi rayonlarda və hərbi əməliyyatlar teatrının çox arxasındakı yerüstü və ya dənizdəki obyektlərini məhv etmək üçün nəzərdə tutulan adi və ya nüvə başlıqlı qanadlı raketlər. Tu-160M Suriyada sınaqdan keçirilən X-101 qanadlı raketlərindən istifadə edə və düşmənin HHM zonasına daxil olmadan fəaliyyət göstərə bilər. Yeni, az nəzərə çarpan X-101 qanadlı raketinin maksimal uçuş uzaqlığı 5500 kilometrə yaxındır. X-101-in adi modifikasiyası gücü trotil ekvivalentində 400 kiloqrama çatan döyüş başlığına malikdir. Xüsusi X-102 isə gücü 250 kilotondan 1 meqatona qədər olan termonüvə döyüş başlığı ilə təchiz olunub. Revolver tipli buraxılış qurğuları bölmələrdə 12-dək qanadlı raket daşımağa imkan verir.

Tu-160M strateji bombardmançı üçün inanılmaz olan saatda 2200 kilometr sürət yığa bilir. Digər xarakteristikalarına görə də Qərb analoqlarını xeyli üstələyir. Yaxın onilliklər ərzində yenilənmiş “Ağ qu quşu” düşməni dayandırmaq üçün Rusiyanın inandırıcı faktoru olacaq.

Başa çatmayan hekayə

Tu-160 raketdaşıyıcı-bombardmançısından 2000-ci ilə qədər 36 ədəd buraxılıb. Strateji bombardmançının Kazan aviazavodunda Tu-160M kimi yenidən buraxılması barədə qərar 2015-ci ildə qəbul edilib. Artıq 2 ildən sonra yeni raketdaşıyıcı yaradılıb və o, 2018-ci il yanvarın 25-də ilk uçuşunu həyata keçirib.

Qanadın unikal quruluşu (oxvariliyin müxtəlif mövqelərində qanadların kənar nöqtələri arasındakı məsafə 35,6 metrdən 55,7 metrə qədər təşkil edir) təyyarəyə forsaj rejimində səs sürətindən yüksək sürət yığmağa, 45 dəqiqə bu vəziyyətdə qalmağa, 45 ton döyüş yükü ilə saatda 2200 kilometr sürətlə düşmənin HHM mövqelərini keçməyə imkan verir.

Tu-160 ABŞ-da B-1 qitələrarası bombardmançının peyda olmasına (amerikalılar 21 belə təyyarə tikiblər) cavab olaraq hazırlanıb. Amma Tu-160-ın əvvəlcə bir neçə layihə modifikasiyası olub. Bu da sovet konstruktor məktəbinin gücü və texnologiyanın səviyyəsini göstərib. Tu-166PP modifikasiyası radioelektron mübarizə təyyarəsidir. Əsl nəhəng olan Tu-160K bortunda hər birinin ağırlığı 24 tona çatan iki ədəd “Kreçet-R” kiçikqabaritli raketi 10 min kilometr məsafəyə daşıya bilir. Tu-160P variantı uzaq mənzilə uça bilən qırıcıdır. Tu-160V maraqlı modifikasiyası yanacaq kimi istifadə olunan maye hidrogenlə işləyən (-253 dərəcə temperaturda) güc qurğusu ilə təchiz olunub. Texnoloji inkişaf Tu-160-ın yeni variantına böyük gələcəyi təmin edəcək.

664