Rusiyada yol polisi, arxiv şəkli

Təkərlərini bağlayın: Rusiyada qayda pozan xarici sürücülərə aman verilməyəcək

438
(Yenilənib 15:44 09.11.2019)
Rusiya hökuməti yol hərəkəti qaydalarını pozan xarici ölkə vətəndaşları olan sürücülərlə bağlı vəziyyəti kökündən dəyişmək üçün tədbirlər paketi hazırlayır

Sputnik, Mariya Naumenko

BAKI, 9 noyabr — Sputnik. Rusiyada yol hərəkəti qaydalarını pozan xarici ölkə vətəndaşlarının cəzasız qalmasının qarşısını almaq məqsədilə yeni sistem hazırlanır. Sputnik Azərbaycan-ın “Kommersant” qəzetinə istinadla məlumatına görə, Rusiya ərazisini tərk etməyə hazırlaşan avtomobilləri cəriməsinin olub-olmamasını öyrənmək üçün yoxlamağa başlayacaqlar. Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərlə sərhəddə isə dövlət nömrə nişanlarını müəyyən etmək üçün kameralar quraşdırılacaq. Hazırda Moskvada xarici ölkə vətəndaşları olan sürücülərin törətdiyi bütün qeydə alınmış qayda pozuntularının cəmi 1 faizinə görə cərimə yazılır. Vəziyyətin düzəldilməsi üçün təklif olunan tədbirlər siyahısının “Yol xəritəsi” artıq hazırlanıb və baxılmaq üçün Rusiya hökumətinə təqdim edilib.

Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı “Yol xəritəsi”ndə Nəqliyyat və Maliyyə nazirliklərinin, Federal Gömrük Xidmətinin, Moskva hökumətinin və digər cavabdeh qurumların təklifləri qeydə alınıb. 2020-ci il fevralın 1-dən AİB ölkələri ilə sərhəd məntəqələrinə Rusiyaya girən avtomobillərin dövlət nömrə nişanını qeydə alacaq kameralar quraşdırılacaq. Bu informasiya Federal Gömrük Xidmətinin informasiya sisteminə, oradan isə yol hərəkətinin təhlükəsizliyi Dövlət müfəttişliyinə göndəriləcək.

Bundan əlavə, Rusiyadan çıxan xarici nömrələri olan bütün avtomobilləri ödənilməyən cəriməsinin olub-olmaması baxımından yoxlamaq təklif olunur. Əgər qayda pozuntusu varsa, avtomobili sərhəddə saxlaya, xüsusi dayanacağa göndərə, eləcə də təkərlərinə xüsusi bloklayıcı qoya bilərlər.

Sənədi Rusiya hökuməti sədrinin müavini Maksim Akimov imzalamalıdır. Baş nazirin müavininin nümayəndəsi təsdiq edib ki, “Yol xəritəsi”nin layihəsi Rusiya hökuməti aparatındadır, hazırda araşdırılır və analiz edilir.

Qaxda qeyri-adi reyd: polisin saxladığı hər sürücü sevindi - FOTO>>

Gələn ilin fevral ayının 1-nə kimi İqtisadi İnkişaf Nazirliyi, DİN, Nəqliyyat Nazirliyi AİB üzvü olan dövlətlərlə ölkəyə müvəqqəti gətirilən nəqliyyat vasitələri ilə bağlı məlumat mübadiləsi barədə razılığa gəlməlidir.

Moskvanın Yol Hərəkətinin Təşkili Mərkəzindən (YHTM) bildiriblər ki, onların təklifi ilə xarici ölkə vətəndaşları olan sürücülərin yol verdikləri daha bir qayda pozuntusu “Yol xəritəsi”nə əlavə edilib. Bu, şəhərdə parklanmaya görə vəsaitin ödənilməməsidir. YHTM-də qeyd ediblər ki, bu, xarici dövlət nömrə nişanları olan avtomobillərin sürücülərinin ən çox yol verdikləri qayda pozuntularından biridir.

“Əlavə olaraq, təklif edilib ki, AİB üzvü olan ölkələrin daxili işlər nazirlikləri sürücülər barədə məlumat mübadiləsi ətrafında əməkdaşlığı müzakirə etsinlər. Hazırda paytaxtda xarici ölkə vətəndaşlarının törətdiyi bütün qeydə alınmış qayda pozuntularının cəmi 1 faizinə görə cərimə yazılır. Biz hesab edirik ki, bu, yolverilməzdir”, – deyə Moskva hökumətinin YHTM-nin mətbuat xidmətindən bildiriblər.

YHTM-dən onu da qeyd ediblər ki, Moskvada ilin əvvəlindən bu yana xarici nömrələri olan 2078 avtomobil saxlanılaraq, xüsusi dayanacaqlara göndərilib. Bu avtomobillərin sürücüləri onları dayanmaq və parklanmağın qadağan olunduğunu göstərən işarələrin altında saxlayaraq, qəza vəziyyəti yaradıb və hərəkətə mane olublar.

KİV Moskva hakimiyyətinə istinadən qeyd edir ki, Rusiya paytaxtında qayda pozuntularına görə Ermənistan, Moldova, Ukrayna və Belarusdan olan avtomobillərin sürücüləri liderdilər.

Xarici dövlət nömrə nişanları olan avtomobillərin sürücülərinin yol qaydalarının pozulmasına görə cərimə ödəməmələri yayda Rusiya Federasiyası Dövlət Şurasının iclasında da müzakirə olunub. İclasın nəticəsinə uyğun olaraq, Rusiya Prezidenti Vladimir Putin 2020-ci il fevralın 1-nə kimi “Xarici vətəndaşlar və xarici daşıyıcıların cəzasız qalmasının qarşısını almaq məqsədilə tədbirlər görmək” barədə tapşırıq verib.

438
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

0
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

0
Vaşinqtonda Rusiya səfirliyi, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın ittihamlarını rədd edib

12
(Yenilənib 23:09 20.10.2020)
"Aydın məsələdir ki, bu cür xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur və yalnız Amerika cəmiyyətində rus fobiyasını gücləndirməyə, "ifritə ovu", "casus maniyası" adı altından təqiblərə başlamağa haqq qazandırmağa xidmət edir".

BAKI, 20 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ın Rusiya vətəndaşlarına qarşı irəli sürdüyü bütün dünyada hakerlik fəaliyyəti və sabitliyi pozmaqla bağlı ittihamlarına qəti şəkildə öz etirazını bildirib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu digər ölkələrin infrastrukturuna zərər vermək məqsədilə bir sıra kiberhücumlarda və zərərli proqramların yayılmasında iştirak etdiyi iddia olunan altı Rusiya vətəndaşına qarşı ittiham irəli sürmüşdü. Onlar, xüsusilə, 2017-ci ildə "NotPetya" virusunun yayılmasında günahlandırılırdı. Bu şəxslərin Rusiya Kəşfiyyat Baş İdarəsinin əməkdaşları olduğu və Cənubi Koreyada keçirilən olimpiada oyunları zamanı kiberhücumlar təşkil etdikləri də iddia olunur. Təxminən eyni vaxtda İngiltərə də bəyan etmişdi ki, Rusiya kəşfiyyatı təxirə salınmadan əvvəl Tokio Olimpiya Oyunlarının təşkilatçılarına qarşı da kiberhücum planlaşdırırmış.

"Aydın məsələdir ki, bu cür xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur və yalnız Amerika cəmiyyətində rus fobiyasını gücləndirməyə, "ifritə ovu ", "casus maniyası" adı altından təqiblərə başlamağa haqq qazandırmağa xidmət edir. Bütün bunlar artıq bir neçə ildir ki, Vaşinqtonun siyasi həyatının xüsusiyyətinə çevrilib. ABŞ səlahiyyətliləri bir zamanlar praqmatik xarakter daşıyan Rusiya-Amerika münasibətlərini davamlı olaraq məhv edir və əhali arasında süni şəkildə Rusiya və onunla əlaqəli hər şey haqqında pis təsəvvür formalaşdırır", – deyə səfirlik nümayəndəsi bildirib.

Diplomat onu da əlavə edib ki, Rusiyanın heç vaxt bütün dünyada stabilliyi pozmaq kimi niyyəti olmayıb, olmayacaq da.

"Bu, bizim xarici siyasətimizə, milli maraqlarımıza, eyni zamanda, dövlətlərarası münasibətlərin qurulması prinsiplərinə uyğun deyil", – deyə o əlavə edib.

Xarici İşlər Nazirliyindəki mənbədən bildirilib ki, ABŞ və Böyük Britaniyanın müxtəlif hücumlarda, o cümlədən, Tokio Olimpiadasının təşkilatçılarına qarşı kiberhücumlarda Rusiya hakerlərinin iştirakı ilə bağlı ittihamları tamamilə əsassızdır və daxili auditoriyaya yönəlib.

12